Rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatizminə qarşı mübarizədə ən doğru variantın reallaşdırılmasına hazırlaşır; Paşinyan hakimiyyəti müqavimət göstərməyə çalışsa da, üçtərəfli anlaşmalara uyğun olaraq, Ermənistan ordusunun tör-töküntülərinin bölgədən çıxarılması, Laçın dəhlizinə Azərbaycan və Rusiya hərbçilərinin ortaq nəzarət etməsi Cənubi Qafqazda sülh dövrünün başladılması baxımdan, yeganə qarşısıalınmaz modeldir...
Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə öz suveren hüquqlarını bərpa etmək niyyətini qətiyyətlə biruzə verməyə başlayıb. Rəsmi Bakı indiki durumun uzun müddət davam etməsinə səbr göstərmək fikrindən artıq çox uzaqdır. Və mövcud problemin birdəfəlik həll edilməsində israrlı mövqe tutur.Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə fəaliyyət göstərən silahlı erməni separatçı-terrorçu dəstələri artıq Azərbaycanın milli təhlükəsizlik maraqlarını təhdid etməyə başlayıb. Ona görə də, rəsmi Bakı üçün Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərpa edilməsi artıq prinsipial əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın diplomatik təmaslar və hərbi variantlar da daxil olmaqla, bütün vacib addımların atılmasına hazır olduğu müşahidə edilir.
Maraqlıdır ki, hazırda mövcud situasiyanın həlli istiqamətində diplomatik təmaslar və hərbi xarakterli addımların bir-birinə paralellik təşkil etdiyi də diqqətdən yayınmır. Hər halda, rəsmi Bakı atdığı son qətiyyətli addımlar ilə həm Ermənistana, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara sərt mesajlar vermiş oldu. Eyni zamanda, Azərbaycan diplomatik təmaslar sayəsində mövcud problemləri dinc yollarla həll etməyin əleyhinə olmadığını da sezdirir.
Maraqlıdır ki, yaxın günlərdə belə diplomatik təmasların daha da artacağı gözlənilir. Belə ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi planlaşdırılır. Və bu görüşün iki ölkə arasında sülh danışıqları prosesində müəyyən dönüş yarada biləcəyi qətiyyən istisna deyil.
Azərbaycan Prezidenti İlham Əliyev Brüssel görüşü barədə danışarkən, müzakirələrin məsuldar ola biləcəyinə ümid etdiyini qətiyyən gizlətməyib: "Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaq. Ümid edirəm ki, bu görüş məhsuldar keçəcək. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib".
Göründüyü kimi, rəsmi Bakı Cənubi Qafqazda sülh prosesinin başladılmasında maraqlıdır. Ancaq Ermənistanın da eyni mövqedə olduğunu və bu istiqamətdə müsbət addımlar atmağa çalışdığını iddia etmək qətiyyən mümkün deyil. Hər halda, hazırda rəsmi İrəvan daha çox gərginləşdirmə manevrləri ilə diqqəti çəkir.
Məsələ ondadır ki, rəsmi İrəvan indiyə qədər üçtərəfli anlaşmaların icrasına yalnız əngəl törətməklə məşğul olub. Ermənistan üçtərəfli anlaşmalar ilə öz üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. Və regionda mövcud hərbi-siyasi gərginliyin əsas səbəbi də məhz bununla bağlıdır.
Onu da qeyd edək ki, Cənubi Qafqazda yaranmış vəziyyət barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. Türkiyə prezidenti Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb: “Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib və müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”.
Göründüyü kimi, rəsmi İrəvan nə qədər inkar etməyə çalışsa da, regionda qarşıdurma mühitinin mövcudluğuna görə məhz Ermənistan məsuliyyət daşıyır. Belə vəziyyət yalnız Azərbaycanın deyil, regionda maraqları olan bütün beynəlxalq siyasi iradə mərkəzlərinin mənafelərinə ziddir. Hətta əsas diqqətini Ukrayna savaşına yönəltmiş Rusiya belə, son vaxtlar Cənubi Qafqazda yaranmış vəziyyətdən ciddi şəkildə narahatdır.
Rusiya prezidenti Vladimir Putin mövcud vəziyyəti müzakirə etmək məqsədilə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan baş naziri Nikol Paşinyan ilə telefonla danışıb. Kreml sahibi Vladimir Putin, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətin inkişafını müzakirə edərək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetiriblər. Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqləyiblər.
Belə anlaşılır ki, mövcud vəziyyətin normallaşdırılmasında əsas düyün nöqtəsi məhz üçtərəfli anlaşmalar və onların tam şəkildə yerinə yetirilməsidir. Rəsmi İrəvan isə bütün vasitələrlə buna qarşı çıxır, üçtərəfli anlaşmaların əhəmiyyətini itirməsinə cəhd göstərir. Və bununla da Cənubi Qafqazda sülh dövrünün başlanmasını əngəlləmiş olur.
Maraqlıdır ki, rəsmi İrəvanın üçtərəfli anlaşmalara öz yanaşma tərzi var. Ermənistan bu sənədləri birmənalı şəkildə öz maraqlarına uyğun məzmunda oxumağa çalışır. Digər tərəflərin də bununla barışmasında israr edir. Halbuki, üçtərəfli anlaşmalar Ermənistanın özəl yozumlarının girovuna çevrilə bilməz.
Rəsmi İrəvan iddia edir ki, Ermənistan üçtərəfli anlaşmalara uyğun olaraq, öz ordusunu bölgədən çıxarıb. Baş nazir Nikol Paşinyanın fikrincə, üçtərəfli anlaşmalarda Ermənistan ordusunun Xankəndi və ətraf bölgədən çıxarılması barədə heç bir tələb yoxdur. Yəni, rəsmi İrəvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgəni üçtərəfli anlaşmaların təsir dairəsindən çıxartmağa çalışır.
Digər tərəfdən, erməni baş nazir dolayısı ilə iddia edir ki, əgər, Ermənistan ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu ərazidən çıxarılarsa, onda həmin bölgədə həm Ermənistanın, həm də orada yaşayan ermənilərin (separatçıların) heç bir təsiri qalmaz. Əlbəttə ki, bu, olduqca məntiqsiz yanaşmadır. Çünki, Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Həmin ərazidə Ermənistanın heç bir təsir imkanları mövcud olmamalıdır. Orada yaşayan ermənilər də yalnız Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə, həmin ərazidə qala bilərlər.
Rəsmi İrəvanın üçtərəfli anlaşmaların icrasından yayınmasının əsas səbəbi də məhz bununla bağlıdır. Ermənistan Azərbaycanın Xankəndi və ətraf bölgəsində dolayısı mövcudluğunu qorumaq üçün öz ordusunun qalıqlarını ərazidən çıxartmaq istəmir. Bununla da əslində, rəsmi İrəvan üçtərəfli anlaşmalar icra etmədiyini təsdiqləmiş olur. Üstəlik, Paşinyan hakimiyyəti Laçın dəhlizi ilə bölgəyə əlavə hərbi qüvvə göndərməklə, həmin sənədlərin hüquqi qüvvəsinə də sarsıdıcı zərbələr vurur.
Onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı hazırda bu iki məsələ üzərində xüsusi olaraq, dayanır. Azərbaycan bir tərəfdən Xankəndi və ətraf bölgədən Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasını tələb edir. Digər tərəfdən isə, rəsmi İrəvanın Laçın dəhlizi ilə bölgəyə əlavə hərbi qüvvələr göndərdiyini səbəb göstərərək, bu yolla Rusiya sülhməramlıları ilə nəzarətdə israrlı mövqe tutur.
Göründüyü kimi, rəsmi Bakı Xankəndi və ətraf bölgədə erməni separatizminə qarşı mübarizədə ən doğru variantı tam dəqiqliyi ilə müəyyən edib. Birinci addım Ermənistan ordusunun tör-töküntülərinin bölgədən çıxarılması, buna paralel olaraq, Laçın dəhlizinə ortaq nəzarətin təmin edilməsi Cənubi Qafqazı sülh dövrünə götürəcək qarşısıalınmaz modeldir.
Ermənistan isə məhz bundan qorxur və bütün vasitələrlə müqavimət göstərməyə çalışır. Halbuki, rəsmi İrəvanın müqavimətinə bundan sonra əhəmiyyət veriləcəyi qətiyyən inandırıcı görünmür. Və Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığında da təkrarlandığı kimi, üçtərəfli anlaşmalara ardıcıl, tam şəkildə riayət olunarsa, bu məsələ tezliklə həll edilə bilər.
Elçin XALİDBƏYLİ,
"Yeni Müsavat"
Tarix: 1-04-2022, 22:09