Aprelin 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Kremlin Mətbuat Xidməti Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanat haqqında məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rusiya Prezidenti və Ermənistan Baş naziri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
"Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər", - deyə bəyənatda vurğulanır.
Dünən isə Paşinyan Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu deyib. Bildirib ki, bir sıra məsələlər üzrə, o cümlədən, Qarabağla bağlı, eləcə də regional infrastrukturun açılması, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı yekun razılaşmalar əldə olunub.Xatırladaq ki, son 6 ayda Azərbaycan-Ermənistan danışıqları yeni formata keçmişdi. Belə ki, Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə iki görüş keçirilib. Bir görüş isə fevral ayında videoformatda təşkil edilib. Brüsseldə keçirilən sonuncu görüşdə konkret razılaşma əldə edilib - aprelin sonunadək sərhədlərin delimitasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının yaradılması və xarici işlər nazirlərinin sülh sazişi üzərində işləməyə başlaması.
Bəzi analitiklər bildirirlər ki, Paşinyanı Putinin Moskvada qəbul etməsi, danışıqlarda Brüssel razılaşmasına uyğun razılaşmanın əldə edilməsi əslində, Moskvanın vasitəçilik təşəbbüsünü əlində saxlamasına hesablanıb. İddialar var ki, Kreml rəhbəri vasitəçiliyi başqa Qərbə vermək niyyətinin olmadığını bir daha nümayiş etdirdi.
Mövzu ilə bağlı fikirlərini AYNA ilə bölüşən tanınmış siyasi şərhçi Rauf Mirqədirov deyib ki, artıq danışıqların bir neçə formatda aparıldığının şahidiyik:
- Üçtərəfli format əsas olaraq qalmaqdadır. Nə Azərbaycan, nə Ermənistan, nə də Rusiya üçtərəfli formatdan imtina edib. Bu format mövcuddur. Məsələyə başqa yöndən yanaşmaq lazımdır. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başladığı günədək üçtərəfli formatla yanaşı, ATƏT-in Minsk Qrupu formatı var idi. Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başladıqdan sonra Minsk Qrupu həmsədrləri institutundan imtina edildi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və XİN-in sözçücü Mariya Zaxarova açıq şəkildə bəyan etdilər ki, Fransa ilə ABŞ Rusiya ilə həmsədrlər institutunda birgə əməkdaşlıqdan imtina edib. Bu imtinanın səbəbləri var, bu haqda çox danışmaq olar.
Nəticədə biz onun şahidi oluruq ki, faktiki olaraq Avropa İttifaqı fərdi olaraq yeni üçtərəfli format yaradıb. Hətta buna dördtərəfli format da demək olar, çünki Avropa İttifaqı ilə yanaşı, Fransa da Prezident Emmanuel Makronun iştirakçılığı ilə bu formatdadır. Digər tərəfdən, ABŞ da fərdi olaraq təşəbbüslərini davam etdirir. Amma artıq həmsədr deyil, Dövlət Departamentinin Cənubi Qafqazla bağlı nümayəndəsi təşəbbüslər irəli sürür və o, artıq Minsk Qrupunun təmsilçisi kimi təqdim edilmir. Deməyim odur ki, bir neçə farmatda məsələ ilə bağlı böyük güclər təşəbbüskarlıq göstərir.
- Yəni ki, Rusiya təkbaşına vasitəçi deyil...
- Bu vaxtadək biz belə bəyanatlarla qarşılaşırdıq ki, Qərblə Rusiya müxtəlif regionlarda, müxtəlif siyasət aparır, rəqabətdədirlər, əks mövqedədirlər, fərqli mövqelərdən çıxış edirlər. Amma Qarabağ münaqişəsinin həlli ilə bağlı onların mövqeləri üst-üstə düşür, aralarında heç bir rəqabət yoxdur. Bu tip riyakar bəyanatları görürdük. Nəzərə almaq lazımdır ki, həmsədrlik institutuna BMT Təhlükəsizlik Şurasının üç üzvü daxil idi - Rusiya, Fransa və ABŞ. Məlumdur ki, İngiltərə ilə ABŞ-ın mövqeyi bütün məsələlərdə tamamilə üst-üstə düşür. Əgər bu 4 dövlətin mövqeyi hər hansı məsələdə üst-üstə düşürdüsə, o zaman bu məsələni çox asanlıqla BMT Təhlükəsizlik Şurasının qərarı ilə həll etmək mümkün idi. Amma 30 ildə münaqişə həllini tapmadı.
Bu, o demək idi ki, həmsədrlər tərəfindən verilən bəyanatlar riyakarlıqdan başqa bir şey deyildi. Sadəcə olaraq uzun müddət Qərblə Rusiya arasında rəqabətin olduğunu nümayiş etdirməkdə maraqlı deyildilər. Bunun da müxtəlif səbəbləri vardı. İndi isə Qarabağ məsələsində belə riyakar mövqe nümayişinə ehtiyac yoxdur. Hazırda güclər fərdi şəkildə öz təşəbbüslərini irəli sürməkdədirlər. Təbii ki, hər kəs öz maraqları kontekstində məsələnin həllini istəyir.
- Brüssel görüşündə sərhədlərin delimitasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının aprelin sonunadək formalaşdırılması qərarı verildi. Eyni zamanda, sülh sazişi üzərində çalışmaq üçün XİN başçılarına tapşırıqlar verilib. Putinin Moskvada Paşinyanla danışıqlarından sonra verilən bəyanatda da sərhədlərin tezliklə müəyyənləşdirilməsi, sülh sazişinə yardım edilməsi əksini tapıb. Lakin belə fikirlər var ki, əslində Putin-Paşinyan görüşünün indiki məqamda keçirilməsi Brüsseldəki razılaşmanın tormozlanması üçündür. Yəni, Kreml Aİ-nin təşəbbüsü ilə həllin tərəfdarı deyil...
- Bilirsiniz, Birgə Sərhəd Komissiyasının aprelin sonunadək formalaşacağını, sərhədlərin tezliklə delimitasiyasına başlanılacağını, sülh sazişi ilə bağlı tezliklə qərar veriləcəyini birmənalı şəkildə demək çox çətindir. Hər şey hazırda Ukrayna ətrafında gedən proseslərin gedişinə bağlıdır. İstisna deyil ki, Rusiya təşəbbüsü ələ almaq üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını sürətləndirmək istəsin. Sərhədlərin delimitasiyasının həyata keçirilməsinə, sülhlə bağlı irəliləyişin olmasına Rusiya təşəbbüs göstərə bilər. Çünki bu məsələlərin həlli Rusiyanın vasitəçiliyi ilə həyata keçərsə, özünün regiondakı hərbi-siyasi təsirlərini saxlamış olacaq. Bununla sonradan hər iki dövlətə - həm Azərbaycana, həm Ermənistana təsir və təzyiqlərini saxlayacaq.
Sərhədlərin delimitasiya və demarkasiyasında ciddi problemlər var və bu, müəyyən gərginliklə müşahidə ediləcək. Burada ərazi mübadiləsi də gündəmə gələcək. Çünki həm Ermənistanın, həm Azərbaycanın ərazisində anklavlar var. Bu anklavların taleyi məsələsi var, sərhədin dəqiq müəyyənləşdirilməsi məsələsi var. Bu zaman müəyyən gərginliklər yarana bilər ki, bunun üçün regionda əlavə "sülhməramlılara ehtiyac" duyula bilər. Mən bunu istisna etmirəm və kifayət qədər real sayıram. Təbii ki, belə olan halda Rusiya özünün vasitəçiliyi faktını irəli sürərək əlavə "sülhməramlısını" bölgəyə gətirmək istəyəcək.
Bütün hallarda, bir şeyi anlamaq lazımdır ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin müəyyənləşdirilməsi, hətta sülh sazişinin imzalanması münaqişənin həlli deyil. Hətta rəsmi Bakının təklif etdiyi 5 maddəlik prinsiplərə uyğun sülh sazişinin bağlanması belə, Qarabağda Rusiya "sülhməramlılarının" nəzarətindəki erməni separatçı rejiminin taleyini həll etmir. Qarabağ məsələsi sərhədlərin delimitasiyası, yekun sülh imzalanmasından kənarda qalır.
- Axı rəsmi Bakının sülh paketində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, ərazi iddialarından əl çəkməsi şərti var...
- Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağa iddialardan rəsmi şəkildə imtina etməsi Qarabağ məsələsinin həlli demək deyil. Rusiya da məsələnin həllində maraqlı deyil. Çünki birincisi, qaynar nöqtənin qalması Rusiya "sülhməramlılarının" ərazidə uzun müddət qalmasını təmin edir. Hansı ki, bu, Rusiya üçün Azərbaycan və Ermənistana təsir vasitəsidir. İkincisi, yarıdondurulmuş münaqişə Rusiyanın maraqları tələb etdiyində yenidən qaynar fazaya keçə bilər. Ona görə də Kreml Qarabağ məsələsini, oradakı separatçıların taleyinin həlli məsələsini kənarda saxlayacaq. Buna nail olmaq üçün Rusiyanın elə bir problemi yoxdur.
- Bəs Qərbin təşəbbüsləri?
- Avropa İttifaqının, Qərbin mövqeyində bir fərq var ki, onlar münaqişənin həllində maraqlıdırlar. Qərb hazırda regionu öz nəzarəti altına keçirməyə çalışır. Qərbin gələcəklə bağlı böyük planları var ki, Cənubi Qafqaz da bu planların tərkib hissəsindən biridir. Söhbət Avropanın enerji daşıyıcıları ilə təminindən, Rusiyadan enerji asılılığını azaltmaq planlarından gedir. Cənubi Qafqaz isə çox böyük tranzit potensialına malikdir. Azərbaycanın özünün enerji potensialı dünya bazarında balansı dəyişmək üçün kifayət deyil, amma regionun böyük tranzit imkanları var. Qərb bu regiondan tranzit kimi istifadə etməkdə maraqlıdır. Bu baxımdan, Qərb davamlı və uzunmüddətli sülhdə maraqlıdırlar.
Əlbəttə, Qərb üçün Qarabağ məsələsinin Azərbaycanın, yaxud da Ermənistanın istəklərinə uyğun həlli maraqlı deyil. Qərb üçün münaqişənin kimin xeyirinə həlli o qədər də əhəmiyyət kəsb etmir. Onlar üçün əhəmiyyətli olan Cənubi Qafqazda münaqişənin olmaması, sülhün bərpasıdır. Avropa İttifaqı Şurası prezideni Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki son görüşündən sonra bəyanatına diqqət yetirmək lazımdır. Mişel bəyanatda təxminən belə dedi ki, regionun inkişafı üçün, layihələrin gerçəkləşdirilməsi üçün milyardlarla maliyyə ayırmağa hazırdırlar. Təsəvvür edin ki, söhbət 20 milyard dollar vəsaitdən gedirsə, bu, Qərb üçün böyük vəsait deyil. Təsəvvür edin ki, Ukraynadakı hərbi əməliyyatlar və müharibədən sonrakı bərpa dövrü daha çox pul tələb edəcək.
Amma Qərb bu yükün altına girməyə hazırdırsa, demək ki, maraqları olan Cənubi Qafqaza 50 milyard, 100 milyard dollar vəsait ayırmaq onlar üçün böyük pul deyil. Nəzərə alaq ki, bu layihələr Qərbin özünün də iqtisadiyyatına xeyir verəcək. Bu baxımdan, Qərbin təşəbbüsü də, Azərbaycan və Ermənistana təklifləri də aydındır. Qərb deyir ki, "gedin, dil tapın, razılaşın, sülhü yaradın, qazancınız da bu olacaq".
- Separatçı qurumun taleyi deyəndə "status" məsələsini nəzərdə tutursunuz?
- Baxın, kifayət qədər ehtiyatlı ifadə işlətdim – “Qarabağdakı ermənilərin taleyi” məsələsi dedim. Problem hazırda ondan ibarətdir ki, nə Bakı, nə də İrəvan faktiki olaraq ikiqat işğalda olan o ərazilərə təsir imkanına malikdir. Bu dəqiqə Qarabağda Rusiya "sülhməramlıları" var və məsələləri onlar müəyyənləşdirirlər. Əslində Paşinyan Xankəndidəki ermənilərin adından hansısa qərarı istəsə də, verə bilməz. "Sülhməramlıların" nəzarətində olan ərazilərdə nələrin baş verdiyi haqqında sosial şəbəkələrdə kifayət qədər videolar, şəkillər var, orada hansı proseslərin getdiyi haqqında çəlumatlar mövcuddur. Faktiki olaraq Qarabağdakı ermənilər Rusiya işğal administrasiyasının tabeliyindədirlər və Moskvanın tələbləri əsasında addım atırlar. Separatçılar Kremlin dediklərini edəcəklər.
Eyni zamanda, Rusiya işğal administrasiyası bəyan edəcək ki, "bizim işimiz müharibənin qarşısını almaqdır, onların qərarlarına təsir imkanlarımız yoxdur". Guya ki, separatçılar "öz müqəddəratlarını təyin etmə" tələbini özlərinin "qərarı" əsasında edirlər. Yenə deyirəm, problem ondadır ki, buna nə Bakının, nə də İrəvanın təsir imkanları mövcuddur. Bütün hallarda, çox şey Ukrayna ətrafında gedən proseslərdən asılıdır. Situasiya necə olacaq, Azərbaycan Rusiyanın təsir imkanlarını nə qədər azalda biləcək, bunu demək çətindir. Yaxud da Rusiyanın təsir imkanlarını azaltmaq üçün şərait yaranacaqmı? Nə qədər ki, "sülhməramlılar" Qarabağdadır, ərazi Rusiyanın təsiri altındadır, Moskva həm Bakı ilə, həm də İrəvanla manipulyasiya edəcək.