Kəlbəcərin kəndində Ermənistandakı revanşist mitinqlərə dəstək aksiyaları keçirildi...-FOTOLAR
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun "Aterk" adlandırılmış Həsənriz kəndində sülənən ermənilər Ermənistanda Paşinyan hakimiyyətinə qarşı keçirilən, eyni zamanda türklərə, Azərbaycana qarşı nifrət dolu revanşist mitinqlərə dəstək üçün etiraz aksiyası və yürüş təşkil ediblər.
Moderator.az xəbər verir ki, bu barədə “Tatev Artsax” adlı istifadəçi “Facebook”-da yazıb.
“...“Onlar da Ermənistan hakimiyyətinə etiraz səslərini ucaldırlar”- deyə “Zartnir, Lao!”(izah üçün aşağı bax-S.L.) şüarları altında kənd sakinləri plakatlar və bayraqlarla yürüş etdilər.
Ermənistan, qalx! Artsax, qalx! Erməni xalqı, qalxın!...
Aterkin türklərdən nə qədər uzaq olduğunu bilirsən? Çox yaxındır. Və bu insanlar da susmurlar. İndi növbə sənindir, oyan, Lao...”, – deyə kənd sakini yazıb”.
Zəruri arayış:
“Zartnir, Lao!” -1890-cı illərdə yazılmış məşhur erməni “inqilabi xalq mahnısı”dır. Mahnıda qaniçən “fədai” Arabo vəsf edilir və türklərə qarşı mübarizəyə çağırış edilir. Zəruri xatırlatma:
Həsənriz - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk(Haterk qalası) olmuşdur. Tədqiqatçıların ehtimalına görə, “aterk” - türk dillərindəki “atrak” (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə kənd Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Azərbaycan dövləti tərəfindən Həsənriz kimi rəsmiləşdirilib.
Həsənriz kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibindəki keçmiş Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin fevralında erməni işğalçıları hücuma keçərək kəndi yenidən işğal ediblər. Hazırda Həsənriz kəndi ermənilərlə təmas xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumatlara görə, kənddə hazırda erməni ordusunun batalyonu saxlanılır.
10 noyabr üçtərəfli razılaşmasından sonra Rusiya "sülhməramlı"ları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in inzibati bölgüsü əsasında apardıqlarından Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb. Təbii ki, bu, qanunsuz bölgüdür..
Tarix: 4-05-2022, 09:31