Paşinyan yeni savaşa çağırış edır: “Rus NATO-su”na güvənib, sülh prosesini pozur


Rəsmi İrəvan Rusiyanın maraqlarından çıxış edərək, Azərbaycan və Ermənistan arasında hərbi gərginliyin qalmasına üstünlük verir... Erməni baş nazirin yeni savaş olacağı təqdirdə, KTMT-nın bu dəfə Ermənistana dəstək verəcəyinə ümid bəslədiyini deməsi, rəsmi İrəvana “bağlı qapılar” arxasında müəyyən vədlər verildiyi göstərir...

Ermənistan sülh sazişi hazırlanması prosesini uzatmağa yönəlik mövqe tutmağa başlayıb. Əslində, Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya aprel səfərindən sonra rəsmi İrəvanın məhz belə davranacağı ilə bağlı ehtimallar mövcud idi. Və erməni baş nazirin Ermənistana dönüşündən sonra verdiyi açıqlamaların məzmunu da bu ehtimallara inandırıcı görüntülər qatırdı.
Təbii ki, erməni baş nazir Mockva səfəri zamanı Kremldə Rusiya prezidenti Vladimir Putinin sərt təzyiqləri ilə üzləşmişdi. Erməni baş nazirə Brüssel anlaşmalarının icrasına Rusiyanın verə biləcəyi reaksiya izah edilmişdi. Ondan birmənalı şəkildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmalardan kənara çıxılmaması tələb olunmuşdu.
Şübhəsiz ki, Rusiya tərəfindən uydurulmuş qondarma dövlət olan Ermənistanın siyasi dairələri Kremlin tələblərinə müqavimət göstərə bilməz. Ona görə də, rəsmi İrəvan ABŞ və Qərbə yaxınlaşmağa nə qədər can atsa da, Kremlin təlimatlarını yerinə yetirməyə məhkumdur. Və bu baxımdan, Ermənistan Rusiyanın regional girovu da hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın vasitəçilik missiyası davam etdikcə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyü o qədər də inandırıcı görünmür. Cənubi Qafqazda Rusiyanın mövqelərini qorumağa cəhd göstərən Kreml üçün Azərbaycan-Ermənistan düşmənçiliyi strateji faktor rolunu oynayır. Ona görə də, Kreml bu düşmənşiliyin mümkün qədər uzun sürməsində birbağa maraqlı tərəfdir.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın Moskvaya aprel səfərindən öncə Azərbaycanın sülh sazişinin hazırlanması üçün gündəmə gətirdiyi və beynəlxalq hüquq normalarından qaynaqlanan 5 şərti qəbul etmişdi. Erməni baş nazir geri döndükdən sonrasa, rəsmi İrəvan artıq özü də 6 şərt irəli sürmək qərarına gəldi. Və böyük ehtimalla Paşinyan hakimiyyətinin mövqeyindəki bu dəyişiklikdə Rusiyanın Ermənistanda revanşist müxalifəti küçələrə çıxartmasının da rolu olmamış deyil.
Düzdür, rəsmi İrəvan bir müddət həmin 6 şərti ictimailəşdirməyə o qədər də həvəs göstərmirdi. Ancaq baş nazir N.Paşinyanın Moskvaya bu dəfəki səfəri ərəfəsində isə nəhayət ki, rəsmi İrəvanın istəkləri açıqlandı. Və Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan tərəfindən ictimailəşdirilən həmin 6 bənddən ibarət təkliflərdə müəyyən müəmmalı məqamlar mövcudur.
Düzdür, birinci bənd hər hansı əhəmiyyət və anlam daşımır. Ancaq ikinci bənddə  Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmadığı vurğulanır. Ardıncasa, üçüncü bənddə Ermənistan tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, həmçinin Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı məsələlərin prinsipial əhəmiyyət daşıdığı qabardılır. Və bu iki bənd bir-biri ilə kəskin ziddiyyət təşkil edir.

Məsələ ondadır ki, “Dağlıq Qarabağ” kimi təqdim olunan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya edildiyi Xankəndi və ətraf bölgə Azərbaycan ərazisidir. Əgər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdursa, rəsmi İrəvanın Xankəndi və ətraf bölgə ilə bağlı mövzunu gündəmə gətirməyə çalışması yumşaq desək, məntiqsizlikdir.
Çünki, 44 günlük savaşdan sonra rəsmi Bakı üçün belə bir problem artıq mövcud deyil. Rəsmi Bakının Xankəndi və ətraf bölgə ilə bağlı qəbul edəcəyi bütün qərarlar birmənalı şəkildə Azərbaycanın daxili işidir. Rəsmi Bakı Azərbaycan əraziləri ilə bağlı heç bir məsələni nə Ermənistanla, nə də hər hansı başqa bir beynəlxalq qurumla müzakirə etmək niyyətində deyil.
Digər tərəfdən, rəsmi Bakı Azərbaycan ərazisində yaşayan şəxslərə müxtəlif statuslar vermək niyyətindən də olduqca uzaqdır. Azərbaycan ərazisində yaşayan bütün şəxslərin hüquq statusu vətəndanlıqdan ibarətdir. Bütün vətəndaşların təhlükəsizliyi, hüquqları və azadlıqları məhz Azərbaycan Konstitisiyası ilə bərabərlik prinsipi ilə təmin olunur. Yəni, Azərbaycan ərazisində yaşayan ermənilər, ölkəmizin digər vətəndaşlarından fərqli və ya üstün hüquqlara sahib ola bilməzlər.
Təbii ki, rəsmi İrəvanın belə bir tələblə çıxış etməsi Paşinyan hakimiyyətinin Brüssel anlaşmaları ilə ümidverici mərhələyə keçmək şansı qazanmış sülh sazişinin hazırlanması prosesinin pozulmasına cəhddən başqa bir şey deyil. Belə anlaşılır ki, rəsmi İrəvan Kremlin təzyiqləri hərbi-siyasi qarşıdurmanın davam etdirilməsinə çalışır. Hər halda, rəsmi Bakının Ermənistanın “kaprizlər”inə daha 30 il səbr göstərmək niyyətində olmadığını yəqin ki, elə İrəvanda da anlayırlar.

Paşinyan hakimiyyətinin təkliflərinin son üç bəndisə, böyük ehtimalla məhz Kremldə yazılıb, İrəvana göndərilib. Çünki, həmin bəndlərdə Ermənistandan daha çox Rusiyanın maraqlarına uyğun məsələlər yer alıb. Məsələn, Azərbaycanla sülh sazişi ətrafında danışıqların təşkili üçün rəsmi İrəvanın Brüssel prosesindən imtina edərək, Minsk Qrupu həmsədrlərinə müraciət etməsi Kremlin təlimatları altında pozuculuq manevrinə bənzəyir.
Belə anlaşılır ki, rəsmi İrəvan Rusiyanın maraqlarından çıxış edərək, Azərbaycan və Ermənistan arasında hərbi gərginliyin qalmasına üstünlük verib. Yəqin ki, rəsmi Bakı Paşinyan hakimiyyətinin bu pozucu manevrlərinə sərt reaksiya verməklə, öz mövqeyini ön plana keçirtməkdən çəkinməyəcək. Ancaq rəsmi Bakının reaksiyasının hərbi xarakter daşıyacağı təqdirdə, Rusiyanın Ermənistanı hansı səviyyədə müdafiə edə biləcəyi də ciddi suallar doğurur.
Göründüyü kimi, rəsmi İrəvan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırıb, dinc inkişaf şansı qazana biləcəyi halda, yeni savaş təhlükəsini çağırmağa başlayıb. Ermənistan baş naziri N.Paşinyanın KTMT dövlət başçılarının Moskvada keçirilən sammitində dedikləri də bunu təsdiqləyir. Erməni baş nazir KTMT-nı rəsmi İrəvanın müraciətinə reaksiya verməməkdə, Ermənistanı Azərbaycan qarşısında müdafiə etməməkdə qınayıb. Və vurğulayıb ki, növbəti dəfə KTMT-nın fərqli davranacağına ümid bəsləyir.
Bu ümidləri erməni baş nazirə kimlər veribsə, deyəsən, onu yenə də aldadırlar. KTMT NATO üzvü olan Türkiyənin müttəfiqi Azərbaycanla hərbi qarşıdurmaya qətyiyyən həvəs göstərməz. Yəni, baş nazir N.Paşinyan əgər, yeni müharibə planları qurursa, deməli, “Rus NATO-su”na olan belə boş və aldadıcı ümidlərlə Ermənistanı növbəti dəfə məğlub olacağı savaş təhlükəsinə doğru sürükləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” 
Tarix: 16-05-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti