Qeyd edək ki, dağ-dərə relyefini də nəzərə alsaq, quru xətti ilə dəhlizin eni əslində azı 15-20 km-dək uzanır... Rayonun “dəhliz” adlanan ərazisindəki 5 kənddə tarix boyu bir erməni də yaşamayıb... Azərbaycan Respublikasının qərbində, Kiçik Qafqazda, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yerləşən Laçın rayonu 30 il öncədən, yəni 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Rayon ərazisinin əksər hissəsi yalnız 28 ildən sonra Azərbaycan ordusunun II Qarabağ savaşındakı qələbəsindən sonra 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılıb.
Qeyd edək ki, Laçın rayonun bütövlükdə sahəsi bəzi rəsmi və qeyri-rəsmi mənbələrdə yanlış olaraq göstərildiyi kimi, 1800 kv.km yox, hazırkı “dəhliz” adlanan ərazi də daxil olmaqla 1835 kv.km-dir...
Azərbaycan mənbələrinə görə, 1980-ci illərin sonunda rayonda vur-tut üç erməni yaşayıb, başqa mənbələrdə isə 1970-ci illərdə bu say cəmi 34 nəfər kimi göstərilir.
İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livan və Suriyadan ermənilər köçürülüb. Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Laçın rayonu Azərbaycan ordusunun 44 günlük müzəffər savaşının sonunda 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalandıqdan sonra geri qaytarılıb.
Bəhs edilən üçtərəfli bəyanata uyğun olaraq Laçın rayonunun Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçmiş hava xətti ilə 5 kilometr enliyində olan və təxminən 35 kv.km-lik ərazisi “Laçın dəhlizi” adlanır. Qeyd edək ki, dağ-dərə relyefini də nəzərə alsaq, quru xətti ilə dəhlizin eni əslində azı 15-20 km-dək uzanır... Ermənistan ərazisini keçmiş Dağlıq Qarabağ ərazisi ilə birləşdirən dəhliz daha sonra Şuşa şəhərinə və həmin rayonun 9 noyabr 2020-ci il tarixində azad edilmiş Daşaltı kəndinə toxunmadan Xankəndinədək davam edir və ona nəzarəti Rusiya sülhməramlı sayılan hərbi kontingenti həyata keçirir. Qeyd edək ki, Şuşa rayonunun digər 36 kəndi və 1 qəsəbəsi də rəsmən Rusiya qüvvələrinin nəzarətindədir və separatçı-terrorçu rejim də həmin ərazilərdə sərbəst fəaliyyət göstərir...
10 noyabr razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasına artıq başlanılıb. Və buna uyğun olaraq həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi də nəzərdə tutulur.
Azərbaycan mənbələrinin məlumatına görə, Laçına alternativ yol Ermənistanın Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun hələ 2022-ci ilin fevral ayında verdiyi açıqlamaya görə, həmin marşrut üzrə tikinti işləri davam edir və cari ilin iyul ayına qədər istifadəyə veriləcəyi gözlənilir.
Hələlik isə Laçın şəhəri, düz Gorus-Laçın yolunun üzərində yerləşən Zabux kəndi, şimal istiqamətində 5 km dəhlizə daxil olan Sus və Qarıkaha kəndləri, cənub istiqamətindən isə Ağanus və Kəravuz kəndləri Rusiya ordusunun məsuliyyət zonasına aiddir.
Moderator.az Rusiyanın sülhməramlı sayılan qüvvələrinin nəzarətindəki və ermənilərin hələ də yaşadığı bu Azərbaycan torpaqlarında hazırkı gerçək durum barədə qısa araşdırma aparıb.
Laçın rayonunun əksər hissəsi Azərbaycana qaytarılmazdan bir müddət əvvəl Ermənistan mediası Laçın şəhərində və iki kənddə(Zabux və Sus) erməni əhalisinin daimi qalacağına dair iddialara dair xəbərlər çap edib. Azərbaycan rəsmiləri buna şərh verməyib. Lakin Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc Laçın rayonunun bütövlükdə təhvil verilməməsinə dair ehtimalları rədd edib...
Son məlumatlara görə, hazırda Laçın rayon mərkəzində təxminən 70 erməni ailəsi, yaxud 200-ə yaxın erməni sülənir. Rusiya hərbçiləri müxtəlif xidməti işləri icra etmələri üçün onların şəhərdə qalmasına şərait yaradıblar... Müharibədən əvvəl isə Laçın şəhərində təxminən 2200 erməni yaşayıb. Şəhərdə banklar və bankomatlar da işləmir. Qida və digər malların satıldığı yalnız iki pərakəndə satış məntəqəsi var. Laçında 3-4 “Artsax” “polis”i də fəaliyyət göstərir. Lakin hər şey əsasən Rusiya sülhməramlıları tərəfindən idarə olunur. Laçındakı xəstəxana binası da “sülhməramlı”lara təhvil verilib. Şəhərdə heç bir məktəb işləmədiyindən 11 erməni uşağı hər gün Ermənistanla sərhəddə yerləşən Zabux kəndindəki terrorçu Qaregin Njde adına məktəbə gedib-gəlir...
"Laçın dəhlizi" adlanan əraziyə Ermənistan tərəfindən bu qəsbkar ölkənin və Rusiyanın vətəndaşları, o cümlədən Ermənistanın və separatçı rejimin məmurları sərbəst buraxılır... Azərbaycan Respublikasının Kəlbəcər və Qubadlı istiqamətlərindəki ərazilərindən isə yalnız rəsmi Bakının xüsusi icazəsi olduğu halda hərbçilərimiz və digər vətəndaşlarımızın Laçın şəhərinə keçməsinə izn verilir. Cənub tərəfdən Ağanus kəndi, şimal tərəfdən isə Qarıkaha kəndindəki Rusiya hərbçilərinin qurduğu postlardan keçəndən sonra avtomobillərdə və ya əllərdə Azərbaycan bayrağı qaldırmaq olmaz. Eyni zamanda xüsusi icazə alan yerli və ya xarici jurnalistlər istisna olmaqla foto və video-çəkilişlər də qadağan edilir...
Laçın şəhərindəki və Sus kəndindəki haylar radikal, revanşist çıxışlar etmirlər, sakitcə başlarını girləyirlər. Onlardan fərqli olaraq XX əsrin əvvəlində xalq qəhrəmanı Sultanbəy tərəfindən tayqulaq erməni generalı Andranikin qoşununun darmadağın edildiyi Zabux kəndində sanki Azərbaycanın acığına hələ 2011-ci ildə Suriyanın Əl-Kamışlı şəhərindən qeyri-qanuni olaraq köçürülmüş və tayqulaq sələfinin adını daşıyan Andranik Çavuşyan adlı qanunsuz “mer” irqçi və revanşist çıxışlar edir, bu kəndin “onların vətəni” olduğunu və “buradan çıxmayacaqları”nı söyləyir. Ötən ilin yazında o, Zabux kəndində terrorçu, faşist Qaregin Njdeyə heykəl qoymağa hazırlaşmasından da danışıb. 2021-ci ilin dekabrında Zabuxda Ermənistanın “Genezis Armenia” şirkətinin maliyyəsi hesabına yeni çörək sexi açılıb. Bu il aprel ayının 23-də qondarma erməni "soyqırımı"nın "107-ci ildönümü" ərəfəsində Azərbaycanın bu kəndindəki ermənilər üzdəniraq "məşəl yürüşü" də keçirilib. Bundan əlavə, Zabuxda erməni Pasxa bayramının özü və ondan öncəki bazar günü keçirilən “Tsaxkazard” adlanan bayram da qeyd edilib və bunlara aid foto və
video-görüntülər də yayılıb...
Zabux kəndi hazırda Laçın rayonunun bilavasitə “Laçın dəhlizi” adlanan hissəsində -Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Bəzi məlumatlara görə, əvəllər bu ərazidə Sus -Zabux adlı başqa kənd də olub.
Toponimin mənşəyi haqda ehtimal:
XIX əsrdə, yəni Çar Rusiyası dövründə rusların çəkdiyi Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə ruslar bu yaşayış məntəqəsini “Za buqrom”(təpənin arxasında) birləşməsinin əsasında qısaca “Zabuq” adlandırmışlar. Sonradan bu söz Azərbaycan tükcəsindəki tələffüzünə uyğunlaşaraq “Zabux” şəklinə düşüb.
Yeddi cildlik Azərbaycan tarixində yazıldığına görə, Ermənistan işğalı dövründə Zabuxda başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir (Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268)...
Yarandığı gündən kənddə bir erməni də yaşamayıb. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Son məlumatlara görə, Zabuxun didərgin azərbaycanlı əhalisinin sayı 800 nəfərə yaxındır...
10 noyabr üçtərəfli razılaşmasına əsasən kənd artıq 1 il 6 aydan çoxdur ki, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir. Həmin kontingentin Azərbaycanın Ermənistanla rəsmi dövlət sərhədindəki 1 nömrəli postu məhz Zabux kəndində yerləşir...
Onu da xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası kəsib...
Zabux kənd inzibati ərazi dairəsində yerləşən və Laçın dəhlizinə daxil olan Sus kəndində cəmi 3 erməni ailəsi qalıb ki, onların da ikisi hələ ötən il avqustun sonunadək Ermənistana, oradan da Rusiyanın Krasnodar diyarına yollanmaq niyyətində olduğunu açıqlamışdı. Sus kəndi Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasındadır. Oykonim “sulu yer” mənasındadır.
“Sülhməramlı”ların xəritəsində 27-ci postlarının yerləşdiyi qeyd edilən Ağanus kəndi Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənddir. Bəzi məlumatlara görə, adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir. Digər tədqiqatçılara görə isə, toponim ağ və naus (ərəbcə "məbəd" sözləinin birləşməsindən yaranıb. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir...
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rusiya “sülhməramlı”larının postlarından biri Fətəlipəyə və Ağanus kəndləri arasında qurulub.
Ağanus kəndinin Qubadlı-Laçın yolu üzərində yerləşən və Turşsu adlanan cənub hissəsində cəmi bir neçə ev salamat qalıb. Ətrafdakı meşələrin bir hissəsi işğalçı ermənilər tərəfindən qırılıb. Kənd klubu, keçmiş kolxoz ferması da darmadağın edilib. İşğaladək asfalt olan və Bakı-Laçın, Sumqayıt-Laçın sərnişin avtobuslarının da keçib getdiyi yol bərbad hala düşüb. Ağanusun cənub hissəsində işğal dövründə bir neçə erməni ailəsi yaşayıb ki, onlar da 44 günlük savaşdan sonra ərazini tərk ediblər...
Qeyd edək ki, Ağanus kəndinin cənub hissəsi ərazidə narzan tipli məşhur mineral bulaq olması səbəbindən Turşsu da adlanır. İşğaladək Laçın rayonuna gələn qonaqların əksəriyyəti həmin bulağın yanındakı pavilyonlarda yeyib-içib istirahət ediblər...
Ermənilər 28 il ərzində Turşsu bulağı ətrafında heç bir abadlıq işləri aparmayıb. Əksinə, oradakı kafe və pavilyonları talan ediblər. Bulağın üzərində Laçında gorbagor olmuş işğalçı hərbçilərin “xatirəsi”nə xaçkar qoyublar...
Ağanus kəndi Laçının qədim kəndlərindən biridir. Sonradan Rusiya imperiyası tərəfindən Şuşanın qonşu Yuxarl Qaladərəsi və Aşağı Qaladərəsi(Kirov) kəndlərinə köçürülmüş ermənilər XX əsrin əvvəllərindən bəri bu kəndi 4 dəfə hücuma məruz qoyaraq yandırıb, əhalisini didərgin salıblar. Peyk görüntülərindən də bəlli olur ki, 1992-ci ildə baş vermiş erməni işğalından sonra Ağanus kəndinin yuxarı hissəsində məktəb binası da daxil olmaqla heç bir bina ev salamat qalmayıb...
Ağanus kəndinin şimal hissəsinin yaxınlığında isə 1782 metr hündürlüyündəki strateji Ağdaş yüksəkliyi yerləşir. Həmin yüksəklikdən Şuşa rayonunun hazırda ermənilərin məskunlaşdığı Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd(Sarıbaba), Göytala kəndlərinə, həmçinin Şuşa-Laçın və Qubadlı-Laçın yollarına nəzarət etmək mümkündür. 10 noyabr razılaşmasına əsasən həmin yüksəklikdə Azərbaycan ordusunun postu yerləşdirilib və orada “Azersel” rabitə qülləsi quraşdırılıb. Ötən bir il 6 ay ərzində erməni mediasında yayılmış məlumatlara görə, Aşağı Qaladərəsindəki haylar dəfələrlə Rusiya hərbçilərinə guya sözügedən Ağdaş yüksəkliyindəki Azərbaycan hərbçiləri tərəfindən onlara qarşı təhlükə yaranması haqda müraciətlər ediblər. Yəni onların məqsədi həmin yüksəklikdə Rusiya hərbçilərinin yerləşdirilməsi olub. 44 günlük müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Rusiyanın “WarGonzo” layihəsinin jurnalisti Semyon Peqov da Aşağı Qaladərəsinə gələrək separatçı ermənilərin istəyinə uyğun eyni hədyanları təkrarlamışdı. Qeyd edək ki, Aşağı Qaladərəsi kəndində Rusiya hərbçilərinin yerləşməsi dəqiqdir. Oradan bir neçə dəfə bunu təsdiq edən görüntülər də yayılıb...
Fətəlipəyə inzibati dairəsinə aid olan Kəravuz kəndi çox kiçik kənd olub. Hazırda həmin kənddə də heç bir erməni yaşamır.
Nəhayət, şimal Kəlbəcər istiqamətindən Laçın dəhlizinin “qapısı” olan Qarıkaha — Azərbaycan Respublikasının Laçın rayonunun Laçın şəhər inzibati ərazi dairəsində kənddir.
Qarıkaha kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Abdallar kəndindən (1923-cu ilədək Laçın şəhərinin adı) köçmüş ailələrin Qarıkahası adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yer isə oradakı Qarı kahası adlı mağaranın adı ilə adlanmışdır. Toponim “qoca qadına məxsus mağara” və yaxud “köhnə oyuq, köhnə quyu” mənalarındadır.
Hazırda bu kənddə də heç bir erməni yaşamır.
Onu da vurğulayaq ki, Laçın rayonunun digər kəndləri kimi, “dəhliz” ərazisindəki 5 kənddə də tarix boyu heç bir erməni yaşamayıb...
Qeyd edək ki, bu günlərdə Kəlbəcər kimi, Laçın rayonu ərazisinə də arıçılıq və heyvandarlıq təsərrüfatlarının köçü başlanıb. İnşallah, bütün Laçın rayonunun, o cümlədən “dəhliz”dəki kəndlərinin sakinlərinin də öz doğma yurdlarına dönəcəkləri günləri görəcəyik...
Sultan Laçın
Tarix: 17-05-2022, 22:42