“Şuşa və Laçın ətrafına terror hücumu ola bilər” - ŞOK xəbərdarlıq



Ermənistanda parlament müxalifəti etiraz aksiyalarının yeni taktikasını açıqlayıb. Bu haqda “Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan anons verib. Onun sözlərinə görə, müxalifətin vəzifəsi İrəvanı iflic etməkdir ki, bunun üçün də lazımi potensial var.
 
Müxalif siyasətçi qeyd edib ki, artıq hakimiyyətin istefası ilə bağlı ictimai tələb formalaşıb, yalnız qüvvələri səfərbər etmək qalır. Bundan başqa, İ.Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı razılaşmaları ləğv olunacaq. Sitat: “Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq”.
 
Tanınmış rusiyalı politoloq Maksim Şevçenko isə Oxu.az-a deyib ki, razılaşmaların ləğv edilməsi çox yüksək ehtimalla mümkündür: “Ermənistan müxalifəti ilk növbədə Moskvada müəyyən nüfuzlu qüvvələrlə əlaqəli olan Qarabağ klanına arxalanır”. Şevçenkoya görə, Azərbaycan cəmiyyətinin Ukrayna ilə bağlı dəstək mövqeyindən Rusiyada erməni lobbisinin təsiri altında qüvvələr Bakıya qarşı istifadə edir: “Və bu müəyyən qüvvələr İrəvanda Paşinyanı devirmək və Qarabağ razılaşmalarından imtina etmək istəyən qüvvələrlə bağlıdır. Bu isə Azərbaycana təzyiq etmək üsullarından biridir”.
 
Politoloq deyib ki, Ermənistanda çevriliş, hakimiyyət dəyişikliyi ehtimalı olduqca yüksəkdir və bu qüvvələrin arxasında Moskva dayanır: “Mən azərbaycanlılara bu məsələyə çox ciddi yanaşmağı təklif edirəm. Ancaq bunun açarlarını və köklərini Moskvada axtarın. Heç bir erməni müxalifəti yoxdur ki, təkbaşına hərəkət etsin. Onların hamısı Moskvada geosiyasi hibrid müharibəsi üzrə tapşırıqları həyata keçirən, Azərbaycana təzyiq göstərən müəyyən qüvvələrdən əmr və resurslar alır. Aydındır ki, heç bir müharibə tələb olunmayacaq. Amma təsəvvür edin ki, on terror qruplaşması yarana bilər ki, bunlar da Şuşaya - Azərbaycanın Laçının ətrafında çəkdiyi yola və s. hücumlar təşkil edə bilər. Bu, Ermənistan ordusu ilə toqquşmadan qat-qat təhlükəli olacaq”.
 
Erməni müxalifəti artıq açıq şəkildə bildirir ki, Paşinyan devrilərsə, onun Qarabağa və Türkiyəyə dair nizamlama razılaşmaları ləğv olunacaq. Bu, Şevçenkonun iddia etdiyi kimi,  nə dərəcədə realdır? Azərbaycan cəmiyyətinin Ukrayna ilə bağlı dəstək mövqeyindən Rusiyada erməni lobbisinin təsiri altında qüvvələrin Bakıya qarşı istifadə etməsi də maraq doğurur. Çünki indi Rusiya bu mövzuda çox həssasdır və erməni lobbisinin fitnəsinə gedə bilər. Bəs bizim mütəxəssislər, rus politoloq İrəvandakı qarmaqarışıqlığın Moskvadan qızışdırılması və terror hücumlarının mümkünlüyü haqda dediklərinə Bakıda nə düşünürlər?
 
Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanda özünü müxalifət adlandıranlar hərbi cinayətkarlardır, onların siyasi yollarla iqtidara gəlmək şansları yoxdur: “Hətta müharibədən sonra keçirilən seçkidə xalq Paşinyana səs verdi. Ona görə bu qüvvələr yalnız terror, yaxud qətllərlə hakimiyyətə gələ bilərlər. Çünki başqa yolları yoxdur, heç bir halda siyasi yolla hakimiyyətə gələ bilməzlər”. Azərbaycan üçün təhlükəyə gəlincə, A.Mollazadə vurğuladı ki, “Dəmir yumruq” öz yerindədir və Qarabağda ola biləcək təxribatların qarşısı qətiyyətlə alınacaq. Deputatın sözlərinə görə,  keçirilən etiraz aksiyalarında ciddi kütləvilik də yoxdur: “Sadəcə, Qarabağ klanı və beynəlxalq erməni terror şəbəkəsi ilə bağlı nümayəndələr proseslərdə iştirak edirlər. Bu hadisələrdə Rusiyanın məqsədi isə Ermənistana nəzarəti itirməməkdir".
 
Qabil Hüseynli hesab edir ki, Moskvanın Ermənistanda gedən prosesləri idarə etməsi əvvəldən bəllidir. Onun fikrincə, Putinin Paşinyanı yanına çağırdığı gündən məlumdur ki, İrəvanda müxalifəti Kreml qızışdırır. “Vanetsyan, Köçəryan və digərlərinin Rusiya xüsusi xidmət orqanlarının qulbeçəsi olduğu 30 ildir ki, gün kimi hər kəsə aydındır. Amma təəssüf ki, müharibədən sonra Cənubi Qafqazda millətlərarası münaqişəni yenidən körükləyirlər və ”rus ayısı" təhlükəli oyunlar qurmaqdadır", - deyə Q.Hüseynli vurğuladı.
 
Politoloq, bununla belə, Kremlin ssenarilərinin nəticə qazanacağına inanmır: “Türkiyə və Azərbaycan bu oyunlardan kifayət qədər məlumatlıdır. Hazırda Gümrüdəki döyüş qüvvəsindən istifadəyə hazırlıq gedir, erməni diasporları İrəvana göndərilib, yəni çalışırlar ki, Paşinyanı hərbi çevriliş yolu ilə devirsinlər. Lakin hadisələrə gec də olsa, Amerika müdaxilə edir. Sadəcə, burada vaxt məsələsi çox əhəmiyyətlidir. Çünki Moskva bu proseslərdə bir addım qabaqdadır. Üstəgəl, Rusiyanın çəkinməməsi, həyasızlığı Qərbin nəzakətliliyi qarşısında üstünlük qazandırır. Ancaq Putin Ermənistanda kimi hakimiyyətə gətirəcəyindən asılı olmayaraq, Türkiyə bölgədə mövcuddur. Bəli, qan axa bilər, amma Ankaranın və Bakının prinsipial mövqeyi şimal qonşumuzu geri oturdacaq”. Q.Hüseynli əgər revanşistlər hakimiyyətə qayıdarsa, Qarabağda təxribatların olacağını istisna etmir: “Amma Azərbaycan Ordusunun gücünü məhz həmin Sərkisyanın, Köçəryanın ordusu gördü. Onlar azad edilən ərazilərə terror hücumları təşkil etsələr, bizim ”Komandos" briqadaları tərəfindən darmadağın ediləcəklər".
 
 
ALDP sədri Fuad Əliyev Ermənistanda inqilabi dəyişiklik gözləmir. Partiya sədrinin sözlərinə görə, Paşinyana təzyiqlər rejimin əvəzlənməsinə gətirib çıxaracaq həddə deyil: “İrəvanda aksiyalar sıradan etirazlar təsiri bağışlayır. Biz orada izdiham görmürük. Erməni cəmiyyəti aksiya təşkilatçılarına inamı itirib. Çünki bu qüvvələr ölkəni idarə ediblər və bütün faciələrə səbəb olublar. Onlara kim dəstək verər? Ona görə xalqdan yox, Moskvadan gözləyirlər”.
 
F.Əliyevin fikrincə, Rusiya Ermənistan hakimiyyətini sıxışdırır və daha çox tabe etməyə çalışır: “Aksiyaların məqsədi də budur. Moskva moderatorluqda tək olmaq istəyir və Avropa Birliyinin Cənubi Qafqazda fəallığını qəbul etmir. Mariya Zaxarova Brüssel platformasını həyasızlıq adlandırmışdı. O baxımdan Ermənistan hakimiyyətinə təzyiq göstərilir. İkincisi, Moskva sülh sazişi istəmir. Ona görə mən revanşistlərin aksiyalarının hakimiyyət dəyişikliyinə səbəb olacağını düşünmürəm. O ki qaldı Şuşa və Laçına hücumları təşkil etmək təhlükəsinə, 10 noyabrdan sonra Hadrutda tutulan 62 erməni diversantının aqibətini yada salsınlar və anlasınlar ki, bundan sonra tək yolları sülh içində yaşamaqdır”.
Tarix: 18-05-2022, 09:34
Xəbəri paylaş





Xəbər lenti