“Həmin sənədi Köçəryan imzaladı, bununla Azərbaycan...” – Arutyunyan



Ermənistan Xalq partiyası sədrinin müavini Qriqor Arutyunyanın "Haykakan Jamanak" qəzetinə müsahibə verib.
Siam.az teleqraf.com-a istinadənmüsahibəni ixtisarla təqdim edir.

- Parlament müxalifəti bir aya yaxındır küçələrdə etiraz aksiyası keçirir və hökumətin istefasını tələb edir. Baş verənlər haqda nə deyə bilərsiniz?
- "Müxalifət" adlandırdığınız qruplaşmanın müxalifət anlayışı ilə heç bir əlaqəsi yoxdur. Onlara bu sözlə xitabı dayandırın. Onlar bir qrup cinayətkardır, buna görə də ölkənin maraqlarına hesablanmış gündəliyi yoxdur. Onların gündəmi yenidən ölkəni talamaq üçün özlərinə şərait yaratmaqdır.
Küçələri bağlamaqla nəyə nail olmaq istəyirlər? Xalqı özlərinə qarşı qoymaqdan başqa heç nəyə nail olmayacaqlar.
İnsanları hədələyirlər ki, onlara qoşulsunlar. Aksiyaları zorakılıqla davam etdirirlər. Sonra da polisin güc tətbiq etməsindən şikayətlənirlər.
Əvvəldən də bu cür siyasətin əleyhinə olmuşam: cinayətkarla danışıqlara getmək, demokratik dillə danışmaq, ona əxlaq dərsi vermək nə deməkdir?
Aşotyanla Şarmazanovun dialoquna baxıram, Ando Markaryan və Köçəryanın oğlu da oradadır. Onlar korrupsiyaya qarşı şüarlar səsləndirirlər. Rüşvətxorluqdan, soyğunçuluqdan danışırsınız, onda qarət etdiklərinizi geri verin. Hamınız qarətlə milyonçu olmuşların uşaqlarısınız.
- Deyəsən, hərəkat iştirakçıları taktikalarını dəyişiblər, küçələri bağlamaqla yanaşı, polislə də toqquşmağa çalışırlar.
- Bəli, məqsədləri toqquşma yaratmaq, qan tökməkdir. Polisləri hədələyirlər ki, gözlərinə görünməsinlər. Yəni o qədər irəli getmək istəyirlər. Amma alınmayacaq.
- Belə bir fikir var ki, müxalifət dinc yolla hakimiyyət dəyişikliyinə nail ola bilməsə, "27 oktyabr" (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi - red.) ssenarisini işə sala bilər. Belə bir ssenarinin təkrarlanması mümkündürmü?
- "27 oktyabr" məhkəməsinin bütün prosesində iştirak etmişəm, o işdən çox yaxşı xəbərim var, mən də parlamentin müvafiq komitəsinin üzvü olmuşam. Deməli, o cinayəti törədənlərin, əsas icraçılarının hamısı "Daşnaksütyun" partiyasının üzvləri olub.
Köçəryan hakimiyyətə gələndən sonra onların hamısını həbsdən azad etdi. İş indi də bağlanmayıb, amma bununla bağlı hökm yoxdur. İndi həmin insanlar azadlıqdadırlar. Təbii ki, çoxlarının belə qorxuları var, amma əminəm ki, ikinci dəfə belə bir şey edə bilməyəcəklər.
- "Daşnaksütyun"un üzvü Armen Rüstəmyan bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Avropa Şurasının prezidenti Şarl Mişellə növbəti görüşü avqustda olduğundan, insanları o vaxta qədər meydanda saxlaya bilərlər. Onun iddiasına görə, avqustda sənəd imzalanacaq.
- Onlar belə məsələlərdən necə danışa bilərlər? 1999-cu ildə - 27 oktyabr olaylarından sonra İstanbul xartiyasını imzalayan və bununla da Azərbaycanın ərazi bütövlüyünü qəbul edən Köçəryan deyildimi? Eyni zamanda, "Madrid prinsipləri" də onların vaxtında qəbul edilib, Serj "Kazan sənədləri"ni imzalamağa razı olub. İndi nə istəyirlər: danışıqlardan əvvəl yenidən şou göstərmək, dövlətin mövqeyini zəiflətmək?
- Bəs, sizcə, bu etirazlar nə vaxt və hansı nəticələrlə bitəcək?
- Bitib. Daha nə bitəcək? Elə ilk gündən bitib. İndi onların partiyalarının üzvlərinin sayını tələb etsək, hər biri mütləq 20-30 minlik siyahı təqdim edəcək. Bəs bu üzvlər haradadır, niyə etirazlarda iştirak etmirlər? Onlara səs verənlər haradadır?
Məlum oldu ki, parlamentə girənlərə ailə üzvləri, tanışları, qohumları səs veriblər. Əgər mənəviyyatları varsa, bütün bunlardan sonra istefa verməlidirlər. Bu, siyasi mənada onların xilası olacaq.
Tarix: 29-05-2022, 09:19
Xəbəri paylaş





Xəbər lenti