Qarabağda yeni müharibə ehtimalı: "Azərbaycan Ordusu hazır olmalıdır"


Qarabağda yeni müharibə ehtimalı: "Azərbaycan Ordusu hazır olmalıdır"

Ermənistanda bir aydan artıqdır davam edən etirazlar səngimək bilmir.
Artıq paytaxt İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb. Hökumət binasına yaxınlaşan etirazçılar binanın girişinin qarşısındakı kordonu yarmağa cəhd edəndə polislə aralarında ciddi qarşıdurma yaşanıb. Polis və xüsusi təyinatlılar etirazçılara müdaxilə edib. Aksiya zamanı çox sayda saxlanılan olub.
Görünən odur ki, Baş nazir Nikol Paşinyana qarşı olan etiraz dalğası artmağa davam edəcək. Artıq  bir aydır ki, hər gün Ermənistan etiraz aksiyalarına səhnə olur. Etirazçılar Paşinyanın istefasını, o cümlədən Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh danışıqlarını dayandırmasını tələb edirlər. Hətta bir çox ekspertlər hesab edirlər ki, hazırda İrəvanda inqilab ab-havası yaşanır.
Azərbaycan Ermənistanda gözlənilən hərbi çevrilişə hazır olmalıdır?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda baş verən etiraz aksiyaları Rusiya tərəfindən idarə olunur:

"Kremlin məqsədi Nikol Paşinyanı devirmək və Ermənistan ilə Azərbaycan arasındakı normallaşma prosesinə son verməkdir. Buna baxmayaraq, Ermənistanda hər hansısa bir hərbi çevrilişin baş verəcəyini düşünmürəm. Çünki etirazlar hələ ki, xalqın ciddi şəkildə dəstəyini qazanmır. Hazırda “Qarabağ klanı” və revanşist qüvvələrdən ibarət bir qrup etirazçı var. Onların da fəaliyyəti müsbət nəticə verməyəcək".
Politoloqun sözlərinə görə, generallar və ordu Paşinyanı devirməyə cəhd göstərsə, Azərbaycan buna seyirci qala bilməz:
"Çünki Ermənistanda hakimiyyətə gələcək revanşist qüvvələr birbaşa Azərbaycanla normallaşma prosesini sabotaj edəcək və sülhün əleyhinə olacaqlar. Hesab edirəm ki, Azərbaycan öz hərbi qüvvələrini dövlət sərhədində hazır vəziyyətdə saxlamalıdır. İrəvanda revanşist qrupların çevriliş cəhdi mümkün olmasa da, Azərbaycan Ermənistanla bağlı siyasətini 1 nömrə etməli və hərbi qüvvələri sərhəddə cəmləşdirməlidir".
Tarix: 30-05-2022, 23:09
Xəbəri paylaş





Xəbər lenti