QARABAĞDAKI RUS "SÜLHMƏRAMLILARI" YENƏ HƏDLƏRİNİ AŞIRLAR – “Onların özbaşınalığı ciddi problemə çevrilib”
“Bu, insanlarımızın Qarabağa qayıdışına süni əngəl yaratmaqdır”“Laçında rus sülhməramlılarının yaratdığı problem Qarabağa gedib-gələn vətəndaşlarımıza ciddi mane olur. İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların “müvəqqəti nəzarət zonası”ndan keçərkən bizi müşayiət edirdilər. Kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yox. Son vaxtlar isə maşınların hər yerinə baxmağa, yükləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov özünün feysbuk hesabında paylaşım edib.
O, bildirib ki, yurdlarımıza heyvandarlıq və arı təsərrüfatçılarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq ciddi bir problemə çevrilib: “Təsəvvür edin ki, həmin yoxlama səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də baş verir.
Ekspert əlavə edib ki, sülhməramlıların bu yeniliyi insanların Qarabağa dönüşünə süni əngəl yaratmaqdır: “Hesab edirəm ki, təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar. Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola da bilməz. Həm də insanlarımız onların “müvəqqəti məsuliyyət zonası”nı dayanmadan keçirlər. Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar”.
Tarix: 8-06-2022, 18:10