Laçında qalan ermənilər necə çıxarılacaq?


Laçın şəhərindən yan keçən avtomobil yolunun bu ilin yay aylarında istifadəyə veriləcəyi gözlənilir. Bu yol Kərkicahandan - Xankəndi ətrafından - Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçəcək və Laçın şəhərinə daxil olmadan Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi yaşayış məntəqələrindən də keçməklə Ermənistanın Azərbaycanla sərhədin 400 metrliyində yerləşən, ermənilərin “Kornidzor” (Zəngəzurun Gorunzur kəndi) adını verdikləri qəsəbəyə çıxacaq. Sözügedən alternativ yolun uzunluğu 28 km olacaq.

Məlumatlara görə, Laçının kəndlərində ermənilər hələ də qalırlar. Ekspertlərə görə, Rusiya bu məsələdə mütləq şəkildə addımlar atmalıdır. Laçına gedən yolda yerləşən Azərbaycan kəndlərində qalmış ermənilər oradan qovulmalıdır. Bəzi ekspertlər isə deyir ki, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəsələr, qalmaları mümkün variantdır.
Məlumatlara görə, bugünlərdə Xankəndindəki separatçı-terrorçu rejimin nümayəndələrindən biri Laçın rayonunun işğal illərində qanunsuz olaraq məskunlaşdırılmış Zabux kəndinə gəlib. Bu haqda Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, kəndə gələn həmin məmur ermənilərə bəyan edib ki, Laçın dəhlizinə alternativ yol artıq tamamlandığı üçün tezliklə Zabuxdan köçməlisiniz. Buna görə də artıq kənddəki erməni ailələrindən bir neçəsi Ermənistana köçüb. 
“Aqavno” adlandırılan Zabux kəndinin qanunsuz “meri”- 2011-ci ildə qeyri-qanuni olaraq Azərbaycan torpağına köçürülmüş Suriya terrorçusu Andranik Çavuşyan Xankəndindən məmur gəldiyini təsdiqləsə də, onun sakinlərə belə bir xəbərdarlıq etmədiyini bildirib. Lakin o da etiraf edib ki, kənddəki erməniləri “doğma yurdlarından çıxmamağa” çağırsa da, Zabuxu tərk etməyə hazırlaşanlar xeylidir. A.Çavuşyanın sözlərinə görə, hazırda Zabuxda 50-yə yaxın erməni ailəsi qalıb.
Qeyd edək ki, Laçın rayonunun bütövlükdə sahəsi hazırkı “dəhliz” adlanan ərazi də daxil olmaqla, 1835 kv.km-dir. İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livan və Suriyadan ermənilər köçürülüb. Xatırladaq ki, Laçın rayonu işğal edilən günədək (18 may 1992-ci il) rayon mərkəzindəki bir neçə şəxs istisna olmaqla, digər 127 yaşayış məntəqəsində, o cümlədən Zabux kəndində bir nəfər də erməni yaşamayıb. Gorus-Laçın yolunun üzərində yerləşən Zabux kəndindən başqa, şimal istiqamətində 5 km dəhlizə daxil olan Sus və Qarıkaha kəndləri, cənub istiqamətindən isə Ağanus və Kəravuz kəndləri də Rusiya ordusunun məsuliyyət zonasına aiddir. Azərbaycan bu ayın sonunadək Laçına alternativ yolu təhvil verdikdən sonra həmin kəndlərin taleyi necə olacaq?
Onların çıxarılması üçün Rusiya sülhməramlılarından kömək istəməli, yoxsa özümüz onları qovmalıyıq? Yeni gərginlik ocağı yarana bilərmi? Ermənilər vətəndaşlığı qəbul etsələr, qalıb yaşaya bilərlərmi?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli musavat.com-a biıdirib ki, ermənilərin özləri oradan qovulmalarını istəyirlər: “Alternativ yolun açılması məsələsini artıq erməni tərəfi də deyir. Yay aylarının sonlarına doğru yol məsələsi həll oluna bilər. O da qeyd olunur ki, həmin bölgələrdəki insanlara, Zabux da daxil olmaqla, bir neçə kənddə yaşayan ermənilərə çıxmaqla bağlı ümumi göstəriş verilib. Sadəcə, o hansı formatda olacaq, proses necə aparılacaq, dəqiq deyil. 10 noyabr razılaşması əsasında ilk növbədə, həmin tabeçiliyi reallaşdıracaq güc mərkəzi birmənalı olaraq sülhməramlılardır. Bu qüvvələr real şəkildə kəndlərdən ermənilərin çıxarılmasını təmin etməsə, o zaman Azərbaycanla münasibətlərin Rusiya tərəfindən kəskinləşdirilməsi arqumenti ortaya çıxır. Zənn etmirəm ki, belə bir oyuna gedilsin. Bu kəndlərin boşaldılmasına Rusiya mane olacağı və etiraz edəcəyi təqdirdə, bu proseslərin yekunu mütləq şəkildə Ermənistanla toqquşmalara qədər gedib çıxacaq. Bunu da nəzərdən qaçırmaq olmaz. İstisna etmirəm ki, əgər Azərbaycanla Ermənistanın toqquşmasına Rusiyanın ehtiyacı varsa, bunu istəyirsə, mümkünsüz deyil. Bu cür prosesləri həyata keçirə bilərlər. Onu da deyim ki, Azərbaycan tərəfi Zabux və digər kəndlərdə yaşayan erməniləri özü də həmin yerlərdən çıxara bilər. Amma bu necə olacaq? Qovma məsələsi onların istədikləri və görməyə çalışdıqları bir mənzərədir. Onu etməklə prosesləri şübhə altına ata bilərikmi, baxın bu sual ətrafında düşünmək lazımdır”.
Tarix: 15-06-2022, 15:33
Xəbəri paylaş





Xəbər lenti