Erməni radikallardan Azərbaycana qarşı xain plan - revanşistlər nəyə hazırlaşır?
Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayır. “DİA.AZ” “Publik.az”a istinadən bildirir ki, mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikallar tərəfindən planlaşdırılıb.
Hərəkatın həmtəsisçisi Nairi Oxikyan bu xüsusda deyib ki, onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edirlər. “Bildiyiniz kimi, Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. ”Azadlıq Hərəkatı" indi bunun qarşısını almaq üçün fəal mübarizə aparır", - Oxikyan bildirib.
O, “bunun qarşısını necə alacaqsınız” sualına “icazə verin, bu haqda detallı danışmayım” cavabını verib. Oxikyanın sözlərinə görə, onlar müxtəlif aksiyaların təşkili, hüquqi və siyasi addımların həyata keçirilməsi yolu ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər: “İndi biz konkret addımlar atır, müxtəlif danışıqlar aparırıq”.
Oxikyanın açıqlaması ermənilərin bunun qarşısını almağı planlaşdırdığını deməyə əsas verir. Hesab etmək olar ki, erməni revanşistlər, Oxikyanın dediyi kimi, müxtəlif aksiyalarla Paşinyana təzyiq etmək, onu üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa məcbur etmək istəyirlər. Fəqət açıqlamada iki məqam təxribatın Laçında ola biləcəyi versiyasını önə çıxarır: birincisi, Oxikyan hərəkatın üzvlərinin Laçının “müdafiəsində” fəal iştirak etdiyini deyir; ikincisi, o, atacaqları addımların detallarını açıqlamaqdan imtina edir. Yada salaq ki, 10 noyabr üçtərəfli razılaşmasına əsasən (6-cı bənd) Laçın dəhlizinin alternativ marşrutu 3 il ərzində hazırlanmalı, bundan sonra dəhlizin keçdiyi şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməlidir. Yeni marşrut iyulun 1-də, yaxud bu ilin sonuna kimi istifadəyə verilə bilər.
Bundan sonra Laçının mərkəzi və Laçın yolunun keçdiyi ərazilər Azərbaycana təhvil veriləcək. Şəhərdə və dəhliz boyunca yerləşən ərazilərdə yaşayan ermənilər də ərazini tərk etməli olacaq. Bu halda, ermənilərin təxribatları nə dərəcədə gözləniləndir və konkret nədən ibarət ola bilər? Azərbaycanın ön tədbirləri nə olmalıdır? Bununla bağlı Rusiya “sülhməramlı” kontingentin rəhbərliyi ilə indidən hansısa məsləhətləşmələr aparılmalıdırmı? Laçın istiqamətində hər hansı hərbi toqquşma mümkündürmü? Revanşistlərin bu dirənişinin əhəmiyyəti nədir?
Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a söylədi ki, Paşinyanın geri addım atmağa yolu yoxdur: “Sənədi təkcə Nikol imzalamayıb, üç tərəf iştirak edir. Burada Rusiya liderinin imzası var. Ona görə Paşinyanın geri qərar vermək imkanı yoxdur və bu bənd icra olunacaq. Sadəcə, müxalif qüvvələr xaricdən maliyyələşir və iş gördüklərini nümayiş etdirməyə üçün çalışırlar, gərginlik yaratmağa can atırlar. Amma necə Kəlbəcər və Ağdam təhvil verilib, Laçın da nəzarətimizə keçəcək. Bunun üçün razılıq əsasında alternativ yol da tikilir və tərəflər etiraz etmir. Bu yeni yolun inşası da məhz Laçın şəhərinin bizə qaytarılması şərti ilə başladılıb. Ermənilərdən kim getmək istəmirsə, Azərbaycan vətəndaşı olaraq bu ərazilərdə yaşaya bilərlər”.
Polkovnikin zənnincə, Paşinyan istəsə də, istəməsə də, hətta hansısa “müdafiə qüvvələri” ortaya çıxsa belə, bu prosesə mane ola bilməzlər: “Əks təqdirdə, Azərbaycanın hüquqi var ki, məsələni güc yolu ilə həll etsin. Yəni ermənilər növbəti dəfə ”Dəmir yumruq" yeyə bilərlər. O baxımdan artıq Paşinyanlıq məsələ deyil, üç rayonun qaytarılması 10 noyabr sənədində var".
Prezidentin Qlobal Bakı Forumunda Laçın dəhlizini yol adlandırmasını təsadüfi saymayan Ş.Ramaldanov vurğuladı ki, Zəngəzur dəhliz statusunda fəaliyyət göstərəcəksə, Laçın da eyni şəkildə dəhliz olacaq: “Olmayacaqsa, Laçın da yol kimi istifadə ediləcək. Azərbaycan bu məsələdə prinsipial siyasətini davam etdirir və Ermənistan seçim etmək məcburiyyətindədir”.