Azərbaycan Laçın dəhlizindən keçən yeni yolu istifadəyə verməyə hazırlaşır.
Laçın şəhərinə daxil olmadan Ermənistan sərhədindən Xankəndi şəhərinə qədər uzanacaq 32 kilometr uzunluğunda yolun inşası tamamlanmaq üzrədir. Şuşa rayonunun işğal altındakı Aşağı Qaladərəsi və Yuxarı Qaladərəsi kəndlərindən keçən yolun eni isə 12 metr təşkil edir.
Qeyd edək ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 6-cı bəndinə görə, üç il ərzində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən edilməsi nəzərdə tutulur. Artıq Azərbaycan tərəfi Ermənistanla Xankəndi arasında nəqliyyat əlaqəsini təmin edəcək magistral yolun tikintisini razılaşmada göstərilən müddətdən daha tez, yəni 20 aya başa çatdırıb. Həmçinin 6-cı bəndə uyğun olaraq, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti gələcəkdə yerdəyişmə etməlidir.
Qarabağda yaşayan ermənilər Ermənistana getmək üçün hazırda Laçın rayonunun mərkəzindən keçən yoldan istifadə edirlər. Rusiya sülhməramlı qüvvələri də müvəqqəti olaraq dəhliz kimi bu marşrutun təhlükəsizliyini qoruyur. Lakin 10 noyabr razılaşmasına əsasən, sülhməramlılar 5 kilometr enində yaradılacaq yeni dəhlizin mühafizəsi ilə əlaqədar dislokasiya olunacaq. Yeni yolun istifadəyə verilməsi ilə paralel olaraq, 1992-ci ilin may ayının 18-dən işğal altında olan Laçın şəhəri isə Azərbaycana qaytarılmalıdır. Öz növbəsində, qeyd edilən razılaşma ilə Azərbaycan dövləti Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Yol-inşaat işləri yekunlaşdığından Laçın şəhərinin geri qaytarılmasına sayılı günlərin qaldığını demək olar.
Lakin ermənilər Laçın şəhərini qaytarmaq istəmədiklərini və bu prosesi pozmaq üçün təxribata əl atacaqlarını gizlətmirlər. 1988-ci ildən bəri işğalçılıq siyasətini Qarabağla Ermənistan arasında əlaqənin olmaması ilə izah etməyə çalışan ermənilər indi Azərbaycan tərəfinin öz vəsaiti hesabına beynəlxalq standartlara uyğun çəkdiyi yoldan imtina edir. Ermənilər dəhliz verilməsi müqabilində Laçın şəhərinin və Zabux kəndinin Azərbaycana qaytarılmasına etiraz edir. Ermənistanda radikallardan ibarət “Azadlıq hərəkatı” adlanan təşkilat Laçının qaytarılmasına mane olmaq üçün təxribat planlaşdırılıb. Hərəkatın həmtəsisçisi Nairi Ohikyan bildirib ki, təşkilatın üzvləri Laçının “müdafiəsində” fəal iştirak edirlər. “Bildiyiniz kimi, Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. ”Azadlıq Hərəkatı" indi bunun qarşısını almaq üçün fəal mübarizə aparır", - Ohikyan belə deyib. O, “Bunun qarşısını necə alacaqsınız?” sualına “İcazə verin, bu haqda detallı danışmayım” cavabını verib.
Ohikyanın sözlərinə görə, onlar müxtəlif aksiyaların təşkili, hüquqi və siyasi addımların həyata keçirilməsi yolu ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər:
“İndi biz konkret addımlar atır, müxtəlif danışıqlar aparırıq”. Qeyd edək ki, ermənilərin Laçının qaytarılmasına mane olacaq istənilən təxribatı 10 noyabr bəyanatının 6-cı bəndinin pozulmasına səbəb ola bilər. Bu isə sənədin qüvvədən düşməsi üçün kifayətə qdərə siyasi və hüquqi əsas yaradır. O zaman Azərbaycan bu öhdəliyin məcburi icrası üçün güc tətbiq etmək hüququndan istifadə edə bilər. Bölgədə hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə, Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə ehtiyac qalmır. Ona görə də ermənilərin vəziyyəti gərginləşdirməsi Rusiyanın regiondakı maraqlarına problem yaradacaq. Digər tərəfdən, Ukraynada ağır böhranlı duruma düşən Rusiya Cənubi Qafqazda ikinci cəbhənin açılmasında maraqlı deyil. Bu, Kremlin Cənubi Qafqazdakı mövqelərini zəiflədə bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, ermənilər 10 noyabr Bəyanatını poza bilməyəcək. DİA.AZ-ın məlumatına görə, o, “Cümhuriyət”ə bildirib ki, əgər belə bir tərxribatnı törədilməsinə cəhd edilsə, Azərbaycan hərbi əməliyyatlara başlamalıdır:
"Əvvəla, bizim əlimizdə sənəd var. Bu 10 noyabr Bəyanatıdır. Həmin razılaşmaya uyğun olaraq, yeni yol çəkilib, istifadəyə verilib və ermənilər Laçın rayon mərkəzini tərk ertməlidir. Laçın şəhərinin ətrafındakı Zabux, Sus kəndləri də boşaldılmalı və Azərbaycanın nəzarətinə verilməlidir. Ermənilər vaxtilə keçmiş Dağlıq Qarabağa Muxtar Vilayətinin inzibati sərhədlərindən kənrda yerləşən bu kəndləri tərk etməli, Kəlbəcər və Ağdam rayonları kimi həmin ərazilər də Azərbaycana qaytarılmalıdır. Buna kiminsə etiraz etməsinin heç bir əhəmiyyəti yoxdur. Rusiya sülhməramlıları da onları buna məcbur edəcəklər. Əgər Rusiya hərbi kontingenti bunu öhdəliyin yerinə yetirilməsini təmin etməsələr və orada hər hansı silahlı insident baş versə, bu, Azərbaycanın xeyrinə olacaq. Çünki belə olan təqdirdə, həm Rusiya sülhməramlıları, həm də Ermənistan öz öhdəliklərini yerinə yetirə bilməyəcək. Nəticədə, Azərbaycan məsələni güc yolu ilə həll edəcək. Ermənilər çalışırlar ki, yeni Laçın yolunda da dəhliz statusu qalsın, Azərbaycanın sərhəd-nəzarət məntəqəsi olmasın. Coğrafi baxımdan, Laçın şəhəri və Zabux kəndi Ermənistan sərhədinə ən yaxın ərazilərdir. Onlar həmin bölgələrin əllərindən çıxmasını və Ermənistana dolayısı yolla marşrutun açılmasını istəmirlər”.
Ekspert hesab edir ki, ermənilərin təxribatına cavab olaraq, biz öz torpaqlarımızı tamamilə azad etmək üçün bütün vasitələrdən istifadə edə bilərik:
“Ancaq Rusiya sülhməramlıları onları 10 noyabr Bəyanatındakı öhdəliyi yerinə yetirməyə məcbur edəcəklər. Artıq Laçın rayon mərkəzindən xeyli adam köçüb. Onların əksəriyyəti Livandan köçürülmüş ermənilərdir. Ona görə də ermənilərin bütün cəhdləri iflasa uğrayacaq. Sadəcə olaraq, Azərbaycan çox sərt və qəti mövqeyini bildirməlidir. Bu, xüsusilə də Rusiyaya çatdırılmalıdır. Çünki Azərbaycanın qarşısında indi Ermənistandan daha çox Rusiya dayanır. Rusiya da 10 notabr Bəyanatının icrasını təmin etməlidir. Əgər bunu edə bilmirsə, deməli, öz missiyasını yerinə yetirə bilmir və sülhməramlılar çıxıb getməlidir. Çox güman ki, Rusiya özü qabağa düşüb məsələni həll edəcək. Azərbaycanın Laçın şəhərinə nəzarəti əlinə götürəcəyinə şübhə yoxdur. Bundan sonra israrla Laçın yolunda sərhəd-buraxılış və gömrük-keçid postları qurmaq lazımdır ".
İlham İsmayılın sözlərinə görə, yaranmış mübahisəli vəziyyətlə əlaqədar yeni yolun təhfil verilməsi və Laçın şəhərinin qaytarılması 10-15 gün və ya bir aya qədər ləngiyə bilər. Ancaq yeni inşa olunan yol tam hazır olduğundan ermənilər prosesin qarşısını ala bilməyəcək:
"Onlar yolun Ermənistan tərəfdən çəkiləcək hissəsini gözləməyi təklif edərək prosesi ləngitməyə çalışa bilər. Ancaq bu sənədə Rusiya Prezidenti Putin imza atıb. Amma 10 noyabr Bəyanatına əsasən keçmiş DQMV-in inzibati sərhədlərindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılmalıdır".
Ekspert onu da bildirdi ki, hazırda Laçın şəhərində və Zabux kəndində məskunlaşmış ermənilər Livan vətəndaşlarıdır. Onların həmin ərazilərdən çıxdıqdan sonra harada yerləşməsi Azərbaycanın problemi deyil:
"Ermənilər məkrli plan işlədə bilər. Laçından çıxan Livan ermənilərinə Xankəndinə köçməyi təklif edə bilərlər. Xankəndidə isə hazırda boş kirayə belə ev yoxdur. Onlar Ağdərəyə köçə bilər. Amma ağılları olsa düşünərlər ki, gələcəkdə Ağdərəni də tərk etmək məcburiyyətində qala bilərlər. Ona görə də çox güman ki, Ermənistana köçəcəklər. Oradan da hara istəsələr, getsinlər. Çünki ermənilər miqrasiyaya adət etmiş xalqdır. Bu məsələnin bir mexanizmi var-vaxt verilib, çıxmalısan! Əks halda, güc yolu ilə çıxarılacaqlar. Əgər ermənilər hər hansı silahlı təxribat törətsə, Azərbaycan buna kəskin cavabları verəcək. Rusiya isə bu münaqişəyə qarışmayacaq. Azərbaycan çox güman ki, onlara ərazini tərk etmək üçün konkret vaxt verəcək. Əgər belə olmasaydı, Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə rektor Hafiz Paşayev Prezident İlham Əliyevə növbəti konfransın gələn il Laçında keçirilməsini təklif etməzdi. Bu, əvvəldən məlum idi və elə-belə deyilməmişdi. Ermənilər nə qədər hay-küy salsa da, mən Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycana qaytarılmasında problem görmürəm. Problem yeni Laçın yolunun statusu ilə bağlı olacaq. Rusiya bu məsələdə dirəniş göstərə bilər. Ona görə də Azərbaycan təklif etməlidir ki, Laçın yolu ilə Zəngəzurdan keçib Naxçıxvana gedən yol eyni statusa malik olsun. Düzdür, Zəngəzur tranzit yoldur. Biz Ermənistana getmirik. Oradan keçməklə öz ərazimizə gedirik. Laçından keçən yol isə tranzit deyil. Ermənistandan gələn yol Azərbaycanın ərazisinə daxil olur. Ona görə də Laçın yolu tranzit ola bilməz və sərhəd olmalıdır".