Yeni müharibə başlaya bilərmi? - deputat ŞƏRH EDİR
Ermənistan dövlətinin ənənəvi etikasına uyğun olaraq sözü ilə əməlləri arasında çox böyük ziddiyyət var. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımaq məsələsini önə çəkən Ermənistanın siyasi rəhbərliyi başqa bir tərəfdə isə ərazimizdə yaşayan ermənilərin “təhlükəsizliyi” və “hüquqları” ilə bağlı cəfəng fikirlər irəli sürür. Azərbaycan ərazisində yaşamaq istəyən və ölkə vətəndaşlığını qəbul edəcək erməni əsilli insanlara dövlətimiz bütün vətəndaşlar kimi hüquqi təminat verəcək. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq məsuliyyətli və ciddi dövlətdir. Dia.az xəbər verir ki, bunu Teleqraf.com-a Ermənistan siyasi rəhbərliyinin son açıqlamalarını şərh edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun fikrincə, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana 5 bənddən ibarət sülh təklifi ünvanlayıb: “Ermənistan tərəfi də bu təkliflərə müsbət yanaşıb. Amma gözlənilən odur ki, Ermənistan sülh istiqamətində konkret addımlar atsın. Bütün bunlar olmadığı halda Ermənistan Qarabağda yaşayan 20-25 min nəfər erməni əsilli insanların “hüquqları”, “təhlükəsizliyi” haqqında danışır”.
Millət vəkili qarşı tərəfin 2020-ci ildə imzalanmış Bəyanatın müddəalarının icra edilməsinin vacibliyini söyləyib: “Bunun üçün Qarabağda hələ də qalmaqda olan separatçıların tör-tökütünləri ərazidən çıxarılmalıdır. Amma Ermənistan tərəfi son zamanlar bunun əksinə addımlar atır. Ermənistan ordusunun rəsmisinin açıqlamasına əsasən Azərbaycan ərazisinə növbəti dəfə müddətli xidmət edəcək hərbi qulluqçular göndəriləcək. Bu sözsüz ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulması deməkdir. Əslində erməni tərəfi işğal faktından imtina etmədiyini məhz bu cür açıqlamalarla biruzə verir”.
Partiya sədri, Ermənistanın ATƏT Minsk Qrupunu ölü zonadan çıxarmaqla bağlı sərgiləməyə çalışdığı mövqeyə də aydınlıq gətirib: “Azərbaycan tərəfi Ermənistanın bu davranışlarını diqqətlə izləyir. Prezident İlham Əliyevin ardıcıl olaraq real vəziyyəti bir daha xatırlatması qarşı tərəfə verilən növbəti mesajdır. Azərbaycan dövlətinin məqsədi müharibə səhifəsini çevirməkdir. Cənubi Qafqazda sülhə və təhlükəsizliyə töhfə vermək üçün ciddi addımlar atılmalıdır”.
Fəzail Ağamalı hesab edir ki, Moskvada və Brüsseldə əldə edilən razılaşmalara Ermənistanın əməl etməsi olduqca vacibdir: “Amma Ermənistan öz öhdəsinə düşən vəzifələri icra etmədiyinə görə, Azərbaycan da buna müvafiq addımlar atır. Ermənistanla nəzərdə tutulan bir sıra görüşlərdən imtina edilməsi də doğru qərardır. Çünki bu dövlət normal münasibətlər səviyyəsində sivil qaydalara uyğun heç bir danışığa, razılaşmaya əməl etmir. Eyni zamanda Ermənistan rəhbərliyinin bu gün Azərbaycanın yeni müharibəyə hazırlaşması ilə bağlı yaşadığı təlaş üçün də kifayət qədər əsaslar var. Çünki Azərbaycan Ermənistanın məntiqsiz davranışları qarşısında səbri tükənməz deyil. Əgər Ermənistan tərəfi növbəti dəfə qanunsuz addımlar atacaqsa, bunun sərt qarşılığı olacaq. Laçın dəhlizi və Laçın şəhəri ətrafında olan hadisələri bu gün hər kəs görür. Orada qanunsuz olaraq məskunlaşmış qruplar ərazini tərk etməyəcəklərini açıqlayır. Sözsüz ki, razılaşmaya uyğun olaraq onlar oradan çıxarılacaq. Bununla bağlı Paşinyanın da açıqlaması var”.