“Azərbaycan dövləti Rusiyanın Laçında SSRİ bayrağı ucaltmasına etiraz edə bilməz ki?..” - AXI NİYƏ?!



Son günlər növbəti Qarabağ savaşının başlayacağı haqda xəbərlər sürətlə tirajlanmaqdadır. Əksər şərhçi və analitiklər bunda Rusiyanın, bəziləri isə Putin rejiminə qarşı Türkiyə-Azərbaycan istiqamətindən ikinci cəbhə açılmasına çalışan Qərbin - Avropa və ABŞ-ın maraqlı olduğunu vurğulayır...

Bu versiyaların hansının gerçək olduğunu dəqiq söyləmək çətindir. Ancaq söhbət göz önündə olan faktlardan gedirsə, artıq bir il 8 aydır ki, Azərbaycanın Qarabağ və Zəngəzur torpaqlarını “sülhməramlı” adı altında faktiki işğal altında saxlayan Rusiya - Putin rejimidir. Kreml bunu torpaqlarımızda, həmçinin “məsuliyyət zona”larının xəritələrində dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlarla da təsdiqləyir. Bu mövzuda dəfələrlə və kifayət qədər yazmışıq... Bu cür faktlardan daha birini bu günlərdə Azərbaycan dövlət telekanalı – AZTV təsdiqlədi. Belə ki, telekanal əməkdaşlarının iyulun 9-da Laçına səfərləri zamanı şəhərin mərkəzindən çəkdiyi eksklüziv görütülərdə SSRİ bayrağı əks olunub. Keçmiş imperiya bayrağı rayon mərkəzinin sakinlərin “poçt” adlandırdıqları hissəsində, aşağısında ermənicə yazılar olan "Snikers" reklamının üzərində - Şuşa, Qubadlı və Qərbi Zəngəzurun Gorus şəhəri istiqamətindən gələn avtomobil yollarının kəsişdiyi giriş dairəsində görüntülənir...

Üzərində oraq və çəkic olan bayrağın dalğalandığı tikilinin hərbi obyekt olduğu ehtimal edilir. Halbuki, dəxli yoxdur, hansı obyektdir. Fakt odur ki, həmin ərazi Azərbaycan Respublikası Laçın rayonunun ərazisidir – Azərbaycan torpağıdır...

Nə yazıqlar ki, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü aşağılayan bu növbəti faktı nə AZTV özü, nə də digər aparıcı telekanal və elektron nəşrlərimiz şərh etdi. Yalnız vaxtmedia.az saytı bu faktı qeydə aldı, Moderator.az da eyni materialı kiçik əlavələrlə həmin sayta istinadla yaydı... Müvafiq dövlət qurumlarından, həmçinin rayon İcra Hakimiyyətindən də, rayon deputatından da, çox vaxt olduğu kimi, hələki səs çıxmayıb...

Eləcə də iyulun sonlarında həmin AZTV-nin kadrlarına istinadla guya Azərbaycan ordusunun Laçın şəhərinə nəzarəti ələ aldığını bildirən və iyulun 1-də dövlət başçısı İlham Əliyevin bu şəhərdə də Azərbaycan bayrağını ucaldacağını hay-küylə deyən saytlar və “You Tube” kanalları da susdu...

Halbuki, Azərbaycan torpağında dövlətimizin rəsmi icazəsi olmadan nəinki digər dövlətin, hansısa keçmiş imperiyanın bayrağının dalğalanması ciddi və utancverici bir faktdır. Konkret Laçın “dəhlizi” və Laçın şəhərinə gəldikdə, Rusiya hərbçilərinin bu ərazilərdən keçən Azərbaycan mülki və hərbi avtomobillərinin üzərindəki dövlət bayraqlarını endirməyə məcbur edilməsini nəzərə alsaq, bu daha çox alçaldıcı bir insidentdir. Halbuki, beynəlxalq qanunlara da görə, digər dövlət ərazisində sülhməramlı kimi fəaliyyət göstərən qoşunların məxsus olduqları dövlətin bayraqlarını qaldırmaq hüququ yoxdur. Yalnız həmin ölkənin sülhməramlı qoşunlarının rəmzi olan bayraqlar görünə bilər. Onları da yalnız sülhməramlı kontingentin avtomobilləri və baş qərargahları üzərində ucaltmağa icazə verilir. Bir sözlə, Rusiya hərbçilərinin Laçın ərazisindəki də hansısa yaşayış məntəqəmizdəki hər hansı bir tikili üzərində öz bayraqlarını qaldırmasına icazə verilməməlidir. Handa qala, sovet imperiyasının bayrağını...

Kimsə deyə bilər ki, yanlış görmüsüz, Laçında görünən oraq-çəkicli SSRİ bayrağı yox, Rusiya ordusunun beşguşəli ulduzlu bayrağıdır. Əvvəla, bu, həmin bayrağa oxşamır. İkincisi də, heç Rusiya ordusunun bayrağı da qaldırıla bilməz axı Azərbaycan torpağında... Dediyimiz kimi, yalnız “sülhməramlı”ların öz rəmzi bayrağı...

Xatırladaq ki, bu ilin yazında “sülhməramlı”lar Xocalı rayonunun Fərrux kəndindəki evlərdən birinin üzərində də Rusiya bayrağı ucaltmışdı...

Məgər bizim torpağımız kimlər üçünsə əyləncə, öz ideologiyalarını, tarixlərini təbliğ etmək məkanıdır? Bu gün SSRİ bayrağı, ertəsi gün qondarma “Artsax”ın, birisi gün terrorçu “PKK” nın əski parçası?.. Yeri gəlmişkən, Rusiyanın nəzarətində olan Xocalı, Xankəndi, Ağdərə, Xocavənd və s. məntəqələri kimi, son məlumatlara görə, Laçın şəhərinin bəzi “inzibati” binalarında da hələ də separatçı-terrorçu rejimin əski parçaları dalğalanır...

Yoxsa 10 noyabr razılaşmasında Laçında SSRİ bayrağı qaldırılcağı və Azərbaycanın da bu umperiyanın bərpasına razılıq verəcəyi haqda razılığa gəlinib, bizim xəbərimiz yoxdur?..

Məgər Azərbaycan dövləti, onun müvafiq qurumları, o cümlədən Xarici İşlər Nazirliyi bu insidentə öz ciddi etirazını bildirə bilməzdi?..

Bilirsiz də, Moskvadakı Putin rejimi keçmiş SSRİ bayrağını hansı ərazilərdə ucaldır? Siyasi və ya hərbi zor gücünə işğal etdiyi ərazilərdə: Krımda, Donetskdə, Luqanskda, Xersonda, Xarkov ətrafında və s.... Deməli, “qanun yox, güc haqlıdır” məntiqi ilə Qarabağın Zəngəzur sərhədimizdən giriş qapısı olan Laçına da nəinki SSRİ-nin, elə Rusiyanın, yaxud Rusiya ordusunun da bayrağının sancılması həmin ərazinin, o cümlədən bu rayonun Zabux, Sus kəndlərinin, bəndənizin doğma kəndi Ağanusun- Turçsunun, eyni zamanda Moskvanın müvəqqəti(!) məsuliyyət zonasına çevrilmiş bütün Azərbaycan torpaqlarının, yəni Xocalının, Xankəndinin, Əsgəranın, Ağdərənin, həmçinin, Şuşa rayonun əksər, Kəlbəcər, Ağdam, Xocavənd və Tərtər rayonlarının bir hissəsinin faktiki olaraq Rusiya işğalı altında olduğunu təsdiqləyir. Və Putin rejiminə hazırda heç bir xarici təşkilat və ya dövlət “bayrağını, qoşununu Azərbaycan torpaqlarından çıxar” deyə bilməz, cavab verər ki, biz oraya Azərbaycan dövlətinin öz razılığıyla girmişik...

Özü də hesab edirik ki, keçmiş SSRİ imperiyasının əski parçasının Laçında məhz alternativ yolun istifadəyə veriləcəyi tarixin yaxınlaşması, Azərbaycan Prezidentinin həmin məkanda dövlət bayrağını ucaldacağı haqda xəbərlərin meydana çıxdığı, üçüncü Qarabağ savaşının başlanacağı haqda şayiələrin dolaşdığı bir dönəmdə görünməsi təsadüfi deyil...

Bilirik ki, həmişəki kimi, bu yazımızı oxuyacaq bəzi məmurlar dərhal deyəcək ki, bunların işi-gücü yoxdur, nələrinə lazımdı, Laçında SSRİ bayrağı dalğalanır, yoxsa Ermənistan bayrağı? Dövlətimiz, ordumuz özü bilər...

Cənablar, yoldaşlar, bəylər, əfəndilər, məgər biz müstəqil(!), azad(!), demokratik(!) dövlətdə yaşamırıq? Məgər Konstitusiya və qanunlarımıza əsasən hər bir Azərbaycan vətəndaşının(əlbəttə, dövlət və hərbi sirr daşıyan mövzular istisna olmaqla), o cümlədən yazarının, jurnalistinin öz rəy, fikir və təkliflərini, həmçinin hər hansı mövzuda suallarını poçt və mətbuat vasitəsi ilə ünvanlamaq ixtiyarı yoxdur... Məgər bizim bir vətəndaş olaraq ixtiyarımız yoxdur, bilək ki, Laçında niyə erməni və SSRİ bayrağı asılıb, sual edək ki, quldur yuvasına dönməsini artıq məhkəmələrin təsdiqlədiyi keçmiş MTN rəhbəri Eldar Mahmudov, eləcə də cinayətləri dillər əzbəri olan Ramiz Mehdiyevlər, adı I Qarabağ savaşındakı xəyanətlərdən tutmuş Tərtər işgəncələrinədək “qəhrəmanlıqları” “dastanlara dönmüş” Nəcməddin Sadıqovlar, həmin Tərtər işgəncələrinin əsl təşkilatçı və icraçısları və s. niyə həbs olunub məhkəmə qarşısına çıxarılmır? Yoxsa siz Azərbaycanın Konstitusiyasının, qanunlarının və onların təmin olunmasını, eyni zamanda hər bir vətəndaşın hüquqlarını qoruyacağını vəd etmiş dövlət başçısının əleyhinə çıxırsız? Deyilənlərin əksini hansı rəhbər məmur hesab edirsə, onda zəhmət çəksin, şəxsiyyət vəsiqəmizə “Azərbaycan vətəndaşı” yox, “Azərbaycanın filan ağasının qulu, yaxud köləsi” yazsın, alnımıza da bir identifikasiya birkası vursun və rəsmən elan etsin ki, ölkədəki, o cümlədən işğaldan azad və ya azad edilməmiş torpaqlarımızdakı, eləcə də Laçındakı proseslərdən heç bir kölə, qul, nəinki açıq danışa, heç bu haqda düşünə də bilməz, biz özümüz bilərik, lazım gəlsə, Rusiya ordusunun Laçında, Qarabağda əbədi qalmasına icazə də verərik, ölkəyə həmin ordunun daha çox birləşmələrini dəvət edərik, lap SSRİ-nin bərpasına da razılıq verərik... Belə olan halda, yəni rəsmən qul, kölə olduğumuzu bildikdən sonra biz də işimizi bilər və cınqırımızı da çıxarmarıq...

Fəqət, belə anti-milli, antidemokratik fikirlər yalnız Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun rəhbər təmsilçilərinin ürəyindən keçə bilər...

Allaha şükürlər olsun, Kəlbəcər kimi, Laçın rayonunun da zümrüd yaylaqlarında, çəmənlərində Azərbaycanın qoyun, mal-qara, arı və s. təsərrüfatlarının nümayəndələri yaylanır... Amma Laçın rayon mərkəzində işğalçı, terrorçu haylar sülənir, Rusiya ordusu gəzir və SSRİ bayrağı dalğalanır.. Və belə getsə, bir gün də ayılacağıq ki, o çobanlar, fermerlər, arıçıların və s. aralarından bir neçə nəfərə sovet dövründəki kimi Sosialist Əməyi Qəhrəmanı veriblər və yaxalarından medal asıb SSRİ Ali Sovetinə deputat seçiblər...

Allah amanında qalın...

Sultan Laçın 
//moderator,az//
Tarix: 11-07-2022, 17:58
Xəbəri paylaş





Xəbər lenti