"Laçında postumuz olsa, ermənilərin Qarabağa əsgər göndərib- göndərmədiyini bilərik...".


“Ermənistan yenə də hansısa yollarla Qarabağa hərbçi göndərəcək...”
 
"Əslinə qalsa, Ermənistan bir müddət əvvəldən Qarabağa hərbçi göndərməmək haqda qərar vermişdi. Lakin sonradan məlum oldu ki, Qarabağdakı ermənilərin sayı kəskin şəkildə azaldığından postlarda dayanmağa canlı qüvvə çatışmır. Buna görə də rəsmi İrəvan bunu bəhanə edərək yenidən Azərbaycanın bu torpaqlarına hərbçilər yollamağa başlayıb.  Amma mən istisna etmirəm ki, bu dəfə də Ermənistan yenə də hansısa yollarla, yəni könüllü, muzdlu, müqaviləli və s. adlarla Qarabağa hərbçi göndərəcək”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sentyabr ayından Qarabağda Ermənistandan çağırışçıların olmayacağını, lakin orada məskunlaşmış ermənilər arasındakı çağırışçıların qondarma “müdafiə ordusu”nda xidmətə çağırılmasının davam edəcəyi haqdakı son bəyanatına  münasibət bildirərkən söyləyib. 
 
“Lakin Ermənistanın bu qərarı məsələnin həlli deyil. Hesab edirəm ki, Laçın yolunda Azərbaycan sərhəd nəzarəti mütləq və mütləq bərpa olunmalıdır. Yalnız bundan sonra biz Ermənistanın Qarabağa əsgər göndərib-göndərmədiyini müəyyən edə bilərik. Yəni biz məsələnin həllinin yalnız bəyanatlarla həllini gözləsək, bu, bizi qane etməyəcək”-açıqlamasının davamında bunları söyləyən şərhçi Rusiyanın torpaqlarımızdakı “sülhməramlı” sayılan hərbi kontingentinin oradakı qanunsuz silahlı birləşmələrin tərksilahı prosesini davam etdirməyə borclu olduğunu da diqqətə çatdırıb.   
 
“İkincisi, bəli, Ermənistandan torpaqlarımıza hərbçi göndərilməməsi bir tərəfdən müsbət addımdır.  Digər tərəfdən, yaxşı, Ermənistan hərbçiləri çıxır və olmayacaq, bunu anladıq bəs orada A.Qriqoryanın xatırlatdığı qondarma separatçı-terrorçu rejimin qeyri-qanuni fəaliyyət göstərən və yerli ermənilərdən ibarət guya ki, təhlükəsizlik məsələləri ilə məşğul olan müxtəlif silahlı qurumlar necə olacaq? Onların da mövcudluğu Azərbaycan Konstitusiyasına ziddir, qəbuledilməzdir və məntiqə uyğun deyil, çünki orada Rusiya sülhməramlılarının oradakı fəaliyyəti əslində ermənilərin təhlükəsizliyini təmin etməkdir. Yəni bu baxımdan 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlılar tərəfindən tərksilah prosesi davam etdirilməlidir. Çünki həmin ərazilərin Azərbaycan dövlətinə inteqrasiya prosesi gərək ilk növbədə təhlükəsizlik tezisinə aid olsun. Və Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək adıyla yaradılmış qüvvələr Azərbaycanın nəzarəti altında formalaşmış hansısa qurumlarla əvəz olunmalıdır”- deyə sabiq baş diplomat vurulayıb.
 
Sultan Laçın

Tarix: 19-07-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti