Oktyabrın 31-də Soçidə üçtərəfli görüşdə Yerevan Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını qeyri-müəyyən – 20, 15, 5 il müddətinə uzatmağı təklif edib. Bunu bu gün – noyabrın 2-də parlamentdəki 2023-cü ilin büdcə müzakirələrində Baş nazir
Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, bu təklif qəbul olunmayıb.
“Məsələ gündəliyə salınıb”
“Ancaq qeyd etməliyəm ki, fikrimcə, məsələ gündəliyə salınıb”, – Paşinyan deyib.
Paşinyan Rusiya Prezidenti
Vladimir Putin, Azərbaycan Prezidenti
İlham Əliyevlə Soçi görüşünün yekunlarına dair birgə bəyanata imza atıb. Bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqlik bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.
Putin sülhməramlılarla bağlı deyib ki, kontingentin mandatını uzatmaqla bağlı qərar digər məsələlərdən – sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır:
“Bu məsələlər həllini tapsa, onda sülhməramlılar məsələsi də başqa cür qoyulacaq. Ancaq həll olunmasa, yaxud müəyyən həcmdə həll edilsə, sülhməramlı kontingentimizin taleyi də bundan asılı olacaq”.
Status məsələsini qeyri-müəyyən vaxta saxlamaq
Paşinyan Soçi görüşünün yekunlarıyla bağlı deyib ki, sülh gündəminin reallaşmasına doğru çox vacib addım atılıb. O, görüşü faydalı və əhəmiyyətli adlandırıb.
Onun sözlərinə görə, sammitin həm qapalı, həm də açıq hissəsində mühüm məsələlər qaldırılıb.
Rusiyanın Ermənistandakı səfiri
Sergey Kopırkindünən (1 noyabr) deyib ki, Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Paşinyan da deyir ki, rusiyalı tərəfdaşlar Qarabağın statusunu qeyri-müəyyən müddətə təxirə salmağı düzgün yanaşma sayırlar və bunu belə əsaslandırırlar ki, hazırda qarşılıqlı qəbulolunan status tapmaq çətindir.
Baş nazir Ermənistan hökumətinin siyasətinin bu baxışa 100 faiz uyğun gəldiyini söyləyib.
Paşinyanın sözlərinə görə, üçtərəfli danışıqlarda Ermənistan tərəfi israr edib ki, birgə bəyanatda Rusiyanın təkliflərinə istinad olunsun. “
Ancaq rusiyalı həmkarlarımızın çağırışına uyğun olaraq, daha çevik olmağa, vəziyyəti dalana salmamağa çalışdıq”, – o vurğulayıb.
Azadlıq radiosu
Tarix: 3-11-2022, 09:37