“Azərbaycan hərbi əməliyyatlara başlamalıdır, əks halda vəziyyət daha da dramatikləşəcək” – ƏTRAFLI
Son günlər sülhməramlıları dəstəyi ilə təxribatçıların Xankəndinə yığışması və Azərbaycana qarşı etiraz mitinqlərinin keçirilməsi, eləcə də Qarabağa separatçıların onların nəzarətində olan ərazilərdən keçərək gəlməsi narazılıqları daha da artırıb. Həmçinin rusiyalı sülhməramlıların Qarabağdakı separatçılara silah-sursat verməsi və onları təxribatlara qızışdırması ilə bağlı da məlumatların olması Azərbaycanı bu məsələ ilə bağlı sərt mövqe sərgiləməyə sövq edir. Bütün bunların fonunda sülhməramlıların Qarabağda qalıb-qalmayacağı müəyyən suallar doğurur. Bəs görəsən Rusiyanın təzyiqlərinin hələ də davam etdiyi bir vaxtda 2025-ci ildən sonra sülhməramlıların Qarabağda qalmaq ehtimalı varmı? Yoxsa vaxt bitdikdən sonra Azərbaycanın təkidi ilə onlar Qarabağdan birdəfəlik çıxarılacaqlar? Mövzunu
KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya sülhməramlı qüvvələri əsasən etnik ermənilərin yaşadığı ərazilərdə yerləşdirilib. Düşünürəm ki, sülhməramlıların fəaliyyəti elə ilk gündən separatçıları müdafiə etməklə bağlı olub. Yəni onlar öz üzərlərinə düşən missiyaları yerinə yetirməyiblər. Hətta müharibədən dərhal sonra Ermənistandan ermənilərin Qarabağa daşınması ilə məşğul olublar. Bu isə onların fəaliyyətinin sülhməramlı deyil, erməniləri Qarabağa yerləşdirmək və silahla təmin etmək olduğunu ortaya qoyub. Azərbaycan isə elə ilk günlərdən bütün bu məsələlərə öz iradlarını bildirib. Rusiyanın təkidlərinə baxmayaraq rəsmi Bakı onlara sülhməramlı mandat verməyib. Bundan sonra da “sülhməramlı”lara mandat verilməməlidir. Çünki onlar Rusiya hərbçiləridir. Kreml isə Ermənistanla Azərbaycan arasında Vaşinqtonun dəstəyi ilə Brüssel formatında aparılan danışıqları pozmağa çalışır. Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına baxmayaraq Rusiya çalışır ki, oradakı ermənilərin reinteqrasiyasına imkan verməsin. Bunun üçün də Qarabağdakı rus hərbçilərinin fəaliyyətindən istifadə edir. Biz görürük ki, dəhliz yolundan separatçılar üçün silah-sursat daşınır və təxribatçılar gətirilir. Odur ki, Azərbaycan tərəfi təkcə Xarici İşlər Nazirliyi səviyyəsində verilən bəyanatlarla kifayətlənməməli, aktiv fəaliyyətə başlamalıdır”.
Politoloq əlavə edib ki, Azərbaycan Laçın dəhlizində post qurmalıdır: “Rusiya hərbçilərinin sülhməramlı adı altında qalmasına iki ildən sonra icazə verilməməlidir. Hətta Azərbaycan gələn ildən etibarən sülhməramlılar çıxarılması üçün fəaliyyətə başlamalıdır. Çünki Azərbaycan güclü dövlətdir və Qarabağdakı erməni birləşmələrini üzük qaşı kimi mühasirədə saxlayır. Düşünürəm ki, sülhməramlılar Qarabağdan çıxmasalar və silahlı erməni birləşmələrini müdafiə etsələr, bu zaman Azərbaycan hərbi əməliyyatlara başlamalıdır və 10 Noyabr birgə Bəyanatının icrasını həyata keçirməlidir. Əks halda vəziyyət daha da dramatikləşəcək”.
Tarix: 7-11-2022, 21:45