Manukyandan SENSASİON ŞƏRH: "Azərbaycan yenə də gücün köməyilə öz məqsədlərinə çatmağa çalışacaq"

Manukyandan SENSASİON ŞƏRH:

“Mən istisna etmirəm ki, Azərbaycan yenə də gücün köməyi ilə öz məqsədlərinə çatmağa çalışacaq”.
Bunu Ermənistanın birinci Baş naziri, keçmiş müdafiə naziri Vazgen Manukyan deyib.
O, jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivləri ilə bağlı suallarını cavablandırıb.
“Azərbaycan və Ermənistan liderləri ilin sonuna qədər sülh müqaviləsini imzalaya bilərmi” sualına o, belə cavab verib:
“Mən hesab edirəm ki, indi silah gücünə hər hansı müqavilə imzalamaq mümkün deyil. Çünki Ermənistan müharibədə məğlub olandan sonra Azərbaycan öz şərtlərini bizə diqtə etməyə çalışır. Mən bu görüşdən möhtəşəm heç nə gözləmirdim. Çünki Azərbaycan daim Qarabağ məsələsinin həll olunduğunu, buranın onun ərazisi olduğunu bəyan edir.
Paşinyan, məncə, istənilən nəticəyə hazırdır. Rusiya Qarabağı saxlasa da, versə də, yenə də vecinə deyil. Rusiya Federasiyası üçün isə Qarabağ böyük strateji əhəmiyyətə malikdir. İndi Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışırlar. Kreml Gürcüstanı itirdi. Digər tərəfdən, Azərbaycan da heç vaxt Rusiyanın yanında olmayacaq. O, Rusiya ilə flört edəcək, amma əsas maraqları Türkiyə ilədir. Bu baxımdan, Qarabağ problemi Ermənistanı Rusiya Federasiyası ilə birləşdirən ən mühüm məsələdir. Əgər Ermənistan Qarabağı itirsə, Rusiya Federasiyası bütün Zaqafqaziyanı itirəcək. Məlum formula var ki, Rusiya üçün Zaqafqaziyanın itirilməsi bütün Qafqazın itirilməsi deməkdir.
Paşinyanın Qarabağdan danışacağı aydın idi, eyni zamanda onu bu məsələ o qədər də maraqlandırmırdı. O da məlumdur ki, Əliyev Qarabağın statusu məsələsinin gələcəyə saxlanması ilə qətiyyən razılaşmayacaq. Rusiya Federasiyası isə Qarabağ probleminin sırf Azərbaycan düsturu ilə həllinə imkan verməyəcək. Ona görə də bu görüşdən hər hansı bir irəliləyiş gözləmək mümkün deyildi.
İlk gündən Paşinyanın bütün siyasəti Rusiyadan qurtulmağa yönəlmişdi. Bunun üçün Qarabağ problemindən qurtulmaq lazımdır. Və o, dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi Ermənistanın inkişafına mane olur.
Amma o, buna baxmayaraq, Qarabağdan imtina edə bilməz. Bir neçə gün əvvəl Qarabağda mitinq oldu: 60-70 min nəfər onun müstəqilliyinin qorunub saxlanmasını tələb etdi. Orada da yeni nəsil yetişib ki, Qarabağın müstəqil olmadığı vaxtı xatırlamır. Orada bir neçə dəfə seçkilər keçirilib. Axı erməni əhalisi niyə birdən-birə bütün bunlardan əl çəkib Azərbaycanın bir hissəsinə çevrilsin? Bu, mümkün deyil.
Azərbaycan isə heç bir halda Qarabağın müstəqilliyinə razı olmayıb.
Vaşinqton bəyannaməsini özüm oxumamışam, amma bir çox detallar məlumdur. ABŞ Azərbaycan və Ermənistanı Qarabağ haqqında bəhs olunmayan sülh müqaviləsi tərtib etməyə çağırır. Bu, sadəcə olaraq kommunikasiyaların açılmalı olduğunu göstərir. Rus versiyasında isə şayiələrə görə Qarabağ məsələsinin indi müzakirə olunmadığı və gələcək nəsillərə qaldığı bildirilir. Status-kvo saxlanılır. Amma sərhədləri qaydaya salmaq, kommunikasiyaları açmaq lazımdır. Bundan başqa, Azərbaycanla Naxçıvan arasında rabitə də dəhlizlə, Rusiya ordusunun nəzarətində olan yol boyu həyata keçirilə bilər.
Mən şəxsən bu kommunikasiyaların açılmasının tərəfdarı deyiləm. İndi hər zaman Zəngəzur vasitəsilə rabitədən danışırlar, lakin Ermənistan hər tərəfdən blokadadadır. Bütün yollar eyni vaxtda açıq olmalıdır.
Ancaq sülh müqaviləsinin rus variantı bizim üçün əlverişlidir, çünki ən azı Qarabağ məsələsini biz istədiyimiz şəkildə həll edir. Baxmayaraq ki, prinsipcə bu məsələnin həlli yoxdur. Bu variant bizim üçün Qarabağ məsələsinin, ümumiyyətlə, qeyd olunmadığı variantlardan daha sərfəlidir.
Hesab edirəm ki, yaxın vaxtlarda heç bir sənəd imzalanmayacaq. Paşinyan Qarabağa dəstək verməkdən imtina etsə belə, İrəvanda insanlar dərhal küçələrə çıxacaq. Dünyada milyonlarla erməni Qarabağın azadlığı uğrunda mübarizə aparır. Ermənistan lideri bunu nəzərə almaya bilməz.
Azərbaycan da gələcəkdə həll edilməli olan Qarabağ məsələsinin olduğunu bildirən sənədin imzalanmasına razı olmayacaq. Ona görə də mən yaxın gələcəkdə belə bir sülh müqaviləsi görmürəm. Və istisna etmirəm ki, Azərbaycan yenə də gücün köməyi ilə öz məqsədlərinə çatmağa çalışacaq”. \\KONKRET.az
Tarix: 8-11-2022, 09:26
Xəbəri paylaş





Xəbər lenti