Bazar ertəsi Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri hərtərəfli və möhkəm sülh haqqında danışıqları sürətləndirmək barədə razılığa gəliblər, bu barədə çərşənbə axşamı Dövlət Departamenti məlumat yayıb, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.“Xarici işlər nazirləri danışıqlarını sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik mətbuat konfransında Turan-ın Ceyhun Bayramov və Ararat Mirzoyan arasında son danışıqlar haqqında suallarına cavabda bildirib.
Onun sözləriinə görə, Vaşinqtonda nazirlərin görüşü “müsbət” keçib, belə ki, onlar bir çox sahələrdə fikir ayrılıqları olduğunu müəyyən ediblər və “günün sonunda onlar birgə bəyannamə haqqında razılıq əldə etməyə müvəffəq olublar”.
Dövlət katibi Blinken Blair House-da müzakirələrdə iştirak etsə də, Praysın sözlərinə görə, gün ərzində hər iki tərəfin ayrılıqda görüşmək və “bəzi hallarda Birləşmiş Ştatların fəal iştirakı olmadan” fikir ayrılıqlarını aradan qaldırmaq imkanı olub.
“Bizim bundakı rolumuz yardımdan ibarət olub. Biz iki ölkənin görüşü üçün yer – indiki halda Blair House-u təqdim etdik, bir neçə həftə əvvəl – sentyabrın sonlarında Nyu-Yorkda olduğu kimi. Amma bu, Birləşmiş Ştatların bağlamağa çalışdığı və ya can atdığı, yaxud hətta hər iki tərəfə zorla qəbul etdirə biləcəyi bir saziş deyil”, deyə Prays bildirib.
Daha sonra o əlavə edib: “Biz iki ölkənin bir araya gəlməsi, çox sayda fikir ayrılıqlarını üzə çıxarması və onları aradan qaldırmağa çalışması üçün yer və imkan yaratmağa çalışırıq… Amma iki ölkə arasında hərtərəfli möhkəm sülhün necə olacağını biz təyin etməyəcəyik. Biz onlara imzalamaq üçün hazır sənəd təqdim etmirik. Biz onların özlərinin ehtiyacı olacaq diplomatiyaya kömək etmək üçün əlimizdən gələni edirik və bu, bizim bütün dünyada bu modelin həyat qabiliyyətini və səmərəliliyini nümayiş etdirdiyimiz bir sıra problemlərə yanaşmamızdan çox az fərqlənir”.
Amma, onun sözlərinə görə, “Birləşmiş Ştatlar bu proseslərə kömək etmək üçün əlindəki vasitələrdən və nüfuzundan, xeyirxah xidmətlərindən, bu binada və bütün bu hökumətdə mövcud olan bilik və təcrübədən istifadə etməlidir”. “Düşünürük ki, Ermənistan və Azərbaycanla görüş bunu etmək fürsəti idi və düşünürük ki, nəticələr kifayət qədər müsbətdir”, deyə Prays bildirib.
Turan-ın müxbirinin dövlət katibinin tərəflərin ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazır olduğuna ümidi olub-olmadığı haqqında sualına Prays belə cavab verib: “Biz bunu tərəflərin ixtiyarına buraxacağıq”.
“Bu, onların qəbul edəcəyi qərardır”, deyə o izah edib. “Düşünürəm ki, birgə bəyanatlarında oxuduğunuz kimi, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün fürsətdən istifadə ediblər və onlar etiraf edirlər ki, həll ediləcək bir sıra məsələlər var. Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılıq əldə ediblər”.
Vaşinqton hərtərəfli və möhkəm sülhə gedən yolda mümkün qədər tez irəliləyiş əldə etmək üçün “əlindən gələni edəcək”, deyə Prays sözünü tamamlayıb.
Aleks RaufoğluVaşinqton, Kolumbiya vilayəti.Contact.az
Tarix: 9-11-2022, 21:51