Yeni Qarabağ düyünü yaratmaq cəhdi və “Mübarizə hələ qabaqdadır”

Sabiq nazir: “Bütün planlarda, o cümlədən rus və fransız variantlarında Türkiyəyə yer yoxdur”
Bir müddət öncə Rusiya vətəndaşlığından imtina edən erməni əsilli milyarder Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsinə yerləşdi. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində separatçıların qondarma qurumuna “dövlət naziri” vəzifəsinə “təyinat” alan Vardanyan son günlər rus mediasına müsahibələri ilə diqqət çəkir. Qarabağ separatçılarının “hökumətində” “Baş nazir” vəzifəsinə uyğun olan "dövlət naziri" Rusiyanın "Kommersant" qəzetinə geniş müsahibə verib. Vardanyan tez-tez Azərbaycan əleyhinə fikirlər səsləndirən sələfindən fərqli olaraq, hərbi qisasdan danışmayıb.
Separatçıların yeni “naziri” Qarabağ ermənilərinin sosial-iqtisadi və hərbi təhlükəsizliyinə diqqət çəkib. Qarabağ ermənilərinin Azərbaycanla münasibətlərindən bəhs edərkən o, düsturunun olduğunu vurğulayıb: “Mənim təklif etdiyim düstur - birlikdə deyil, yan-yana yaşamaqdır. Bu, o deməkdir ki, çox mürəkkəb, ağır qarşılıqlı münasibətlərimiz olan insanlarla qonşuluqda olduğumuzu başa düşürük və qəbul edirik. Amma yığılmış çox ciddi neqativ və qonşudan gələn təhlükə davam edərkən, biz özümüzdə qonşu ilə münasibətlər qurmağı öyrənmək gücü və iradəsi tapmalıyıq ki, o da başa düşsün ki, məhv etməyə çalışmaq yox, birlikdə yaşamaq daha sərfəli və daha doğrudur".
Sondarma qurumun “dövlət naziri”nin fikrincə, Qarabağ ermənilərinin taleyinin müzakirəsi zamanı onların nə düşündükləri nəzərə alınmalıdır: “Mənə elə gəlir ki, yalnız bir məsələ birmənalıdır – “Artsax”ın (dırnaq bizə məxsusdur – red.) gələcəyi, bu torpaqlarda yaşayan insanların gələcəyi onların iştirakı ilə müəyyən edilməlidir, həll edilməlidir. Və bu mənada hazırda gedən istənilən danışıqlar “Artsax”sız aparıla bilməz. Ermənistan Respublikası rəhbərliyinin “Artsax”ın yerinə onların necə yaşayacağına qərar vermək mandatı yoxdur".
Vardanyan hesab edir ki, Qarabağda Rusiya sülhməramlılarını problem tam həll edilənə qədər saxlamaq lazımdır.
Bu şəxsin “Kommersant”a müsahibəsi "Dağlıq Qarabağın statusu" haqqında suala cavabla başa çatır. Separatçıların yeni rəhbəri deyir ki, “status beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə də, status-kvonun saxlanılması birmənalı olaraq aydın olmalı və Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı tərəfindən qəbul edilməlidir”.
Qeyd edək ki, Vardanyanın müsahibəsində səsləndirdiyi fikirlər Rusiya və Qərbdəki bəzi qüvvələrin tezislərinə uyğundur. Moskva tez-tez “Qarabağın statusu” məsələsinin sonraya qaldığını bildirir, Qərbdəki dairələr isə “Azərbaycan Qarabağ erməniləri ilə də danışmalıdır” kimi fikirlər səsləndirirlər. Bunlar isə deməyə əsas verir ki, keçmiş Minsk Qrupu formatına uyğun bir qurumun yaradılması və vasitəçilik etməsi, “status” məsələsinin yenidən gündəmə gətirilməsi cəhdləri var.
Lakin Azərbaycan tərəfindən ən yüksək səviyyədə Minsk Qrupunun tarixə qovuşduğu, münaqişənin həll olunduğu, statusun olmayacağı, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsinin Azərbaycanın daxili işi olduğu vurğulanır. Görünən isə odur ki, beynəlxalq güclər rəsmi Bakıya “statusla” bağlı təzyiqlər göstərirlər.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində deyib ki, hazırda Azərbaycan-Türkiyə müttəfiqliyi əleyhdarlarının taktikası müəyyən mənada birləşib:

- Biz onların birlik nümayiş etdirdiklərini və fikirlərinin təxminən üst-üstə düşdüyünü görürük. Söhbət Rusiya ilə Qərbin yanaşmasından gedir. Onların hamısı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərdəki erməni icması ilə bağlı vəziyyətdən istifadə etmək istəyir. Məsələn, Vardanyanla hansısa strukturun rəsmiləşdirilməsini nəzərdə tutan, onun rəhbərlik edəcəyi və sabah Azərbaycan hakimiyyəti ilə uzunmüddətli və nəticəsiz danışıqlar aparacaq layihə var. Bu, bir növ münaqişə vəziyyətini 30 il əvvəl olduğu kimi eyni ştatda, lakin bir qədər fərqli formada uzatmaq cəhdidir.
Fransa da öz oyununu oynayır, çünki o da bizim “münaqişənin həllini təmin edən beynəlxalq qüvvələr” adlandırdığımız bu strukturda müəyyən yer tutmaq istəyir. Məqsədlər tamamilə fərqli olsa da, adı ümumidir. İndi onlar Ermənistan tərəfdən sərhəddə Avropa Birliyinin monitorinq missiyası kimi strukturlara inteqrasiya ediblər. Üstəlik, onlar açıq şəkildə bəyan ediblər ki, Azərbaycan ərazisində missiya qurmaq istəyirlər ki, bu da onun fəaliyyətini təkcə sərhəddə deyil, Qarabağın erməni icmasının yaşadığı zonaya da genişləndirməyi nəzərdə tutur.
Üstəlik, Fransa Senatının qətnamə layihəsinə nəzər salsaq, məlum olur ki, onlar humanitar missiya deyilən bir missiyanın yaradılmasını öz əsas vəzifələrindən biri kimi görürlər. Yaxud da Avropa Birliyinin müəyyən səfirliyi Vardanyanla da danışıqlar aparmaq niyyətindədir.
- Belə başa düşdük ki, bunlar Azərbaycanın mövqeyinə uyğun olmayan ssenaridir və Türkiyəni prosesdən kənarda saxlamaq niyyətidir...
- Əlbəttə. Bütün bu planlarda, o cümlədən rus və fransız variantlarında Türkiyəyə yer yoxdur. Bu vəziyyət Azərbaycanın mövqeyini zəiflədə bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan buna razı olmayacaq. Baxmayaraq ki, onlar həmişə sübut edilmiş təxribat üsuluna malikdirlər və bu, bir çox siqnallarla təsdiqlənir.
- Yəni ki, yeni təxribatlar ola bilər?
- Təbii ki, istisna deyil. Məsələn, Avropa Birliyinin missiyasını sərhədə gətirmək üçün ermənilərin bir sıra sərhəd təxribatları törətdiyini, bunun üçün Azərbaycanı günahlandırdıqlarını xatırlamaq lazımdır. Eyni üsuldan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada da istifadə edə bilərlər. Burada təxmini belə planlar açıq görünür. Amma əminəm ki, Azərbaycanın öz taktikası var ki, bu, nəticədə bizim strateji üstünlüyümüzü davam etdirəcəyimizi təmin edəcək.
- Bir müddət əvvəl Vaşinqton variantından danışıldı. Daha doğrusu, Rusiya Prezidenti Moskva variantının ermənilərə daha xeyirli olduğuna eyham vurdu. Vaşinqton variantında isə “Qarabağın statusu”nun əksini tapdığı bildirilir...
- Baxın, XİN başçılarının Vaşinqton, Cenevrə, liderlərin isə Brüssel, Praqa və Soçidəki görüşləri var. Ümumiləşdirsək, aralıq nəticə olaraq, danışıqlara başlamaq üçün bir sıra seçimlər mövcuddur. Qeyd etdiklərim yalnız açıq mənbələrə əsaslanır. Vaşinqton sənədində digər maddələrlə yanaşı, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanan “Qarabağın statusu” ilə bağlı danışıqlara dair bəndin olması nəzərdə tutulur. Amerikanın ermənipərəst konqresmeni Palloun da bundan danışdı və onun fikrincə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yeni versiyası kimi bir qurum olmalıdır.
Brüssel-Fransa konseptual bazası isə heç bir ilkin şərt olmadan “Qarabağın statusu” ilə bağlı danışıqlara başlamağı zəruri hesab edir. Burada söhbət geniş, ola bilsin ki, ekstraterritorial səlahiyyətlərə və statusa malik humanitar missiyadan gedir. Nikol Paşinyanın Soçi görüşündən öncə açıqladığı və razılaşdırılmasına hazır olduğunu qeyd etdiyi, tərəflərə sənəd şəklində təqdim edilən Rusiya variantını isə Vardanyan “Komersant”a müsahibəsində açıqladı. Vardanyanın səsləndirdiyi tezislər, vəzifələrinin nədən ibarət olması Rusiya variantıdır. Biz görürük ki, hər üç yanaşma praktiki olaraq eynidir və özündə “Qarabağın statusu” ilə bağlı sonsuz və nəticəsiz danışıqları ehtiva edir.
- “Status” məsələsi niyə indi gündəmə gəldi və Azərbaycana təzyiqlər olacaqmı?
- Yalnız bir cavab var: Ermənistan və onun sponsorları əmindirlər ki, onlar 1991-ci ilin “şərti sərhəd” xəttində öz mövcudluqlarını və təhlükəsizlik zəmanətlərini təmin ediblər. Və bununla Azərbaycanın Göyçə-Zəngəzurda “güzgü” effektli cavab hərəkətləri təhlükəsinin aradan qaldırıldığını hesab edirlər.
Qeyd etmək istərdim ki, yuxarıda deyilənlərin hamısı bizə təklif olunanların təhlilidir və o demək deyil ki, biz bunu danışıqlar prosesinə başlamaq üçün əsas kimi qəbul etmişik. Soçidə qəbul edilən sənəddən göründüyü kimi, yuxarıda qeyd olunanların heç biri Prezident İlham Əliyev tərəfindən qəbul edilməyib. Üstəlik, hətta Alma-Ata Bəyannaməsi 1991-ci il sərhədinin baza xətti kimi deyil, yalnız onun əsasında duran prinsiplərə istinad kimi qeyd olunur. Bu da o deməkdir ki, Azərbaycan Zəngəzur mövzusunu özünə qapalı hesab etmir. Demək ki, mübarizə hələ qabaqdadır və bu, təkcə diplomatik mübarizə olmayacaq.
Tarix: 14-11-2022, 21:22
Xəbəri paylaş





Xəbər lenti