Xankəndidə baş verən son hadisələr 34 il əvvəlki Stepanakerti yada salır. Separatçılar Azərbaycandan ayrılmaq hərəkatına başlayır, Kreml onları himayə edir, Azərbaycandan idarəetməni alıb Volskiyə verir, 366-cı alay da bütün gücü ilə erməniləri müdafiə edir, azərbaycanlılara qarşı da qətliam törədirlər. Bu, keçən əsrin 80-ci illərin sonunun mənzərəsi idi. 34 ildən sonrakı mənzərə eynidir. Separatçı rejim Azərbaycanın tərkibində qalmağı qəbul etmir, Moskva torpaqlarımızın sonadək azad edilməsinin qarşısını alıb Azərbaycanın dövlət nəzarətinin bərpa olunmasına imkan vermir, Rusiya hərbi kontingenti sülhməramlı adı ilə separatçıları müdafiə edir, Azərbaycana qarşı ermənilərin əli ilə təxribatlar törədir və sülhə doğru real addım atmır, heç təşəbbüs belə göstərmir. Nəticədə ermənilər havadarından ümidlənib Azərbaycana ultimatum göndərə biləcək qədər cəsarətlənirlər. Amma, o mənzərəyə uyğun olmayan bir faktor da var- Azərbaycan o vaxtkı Azərbaycan deyil!
Azərbaycan Prezidentinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə nümayəndə heyəti ilə görüşdə Ermənistanla sülh razılaşması və Qarabağla əlaqədar söylədikləri ermənilərin son arzularını da suya düşürdüyündən İrəvanda da, Xankəndidə də xüsusi etirazla qarşılanıb. İrəvan iki ildir apardıqları siyasəti davam etdirir, sülh müqaviləsinin öz şərtləri ilə bağlanmasını tələb edir. Separatçıların mövqeyi isə daha sərtdir və ona görə də məğlubların bizə şərt irəli sürməsi sadəcə əsəb yaratmır, eyni zamanda bir neçə istiqamətdə Azərbaycana qarşı aparılan siyasi xəttin təzahürlərini aydın görürük.
Ermənistanın Qərb və Rusiya arasında iki ildir davam edən reveranslarının son məqsədi mövcud situasiyanı öz xeyrinə formalaşdırmaq, hər iki tərəfin Azərbaycana təzyiq etməsini və Qarabağ məsələsində güzəştə getməsini saxlamaqdır. 13-14 sentyabr təxribatından sonra Ermənistan rəhbərliyinin, diasporanın əsas fəaliyyəti beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı təzyiq göstərməyə istiqamətlənib. Ermənistan rəsmiləri ən sıravi statuslu xaricidən, kiçik qurumdan tutmuş Avropanın, Amerikanın dövlət rəhbərlərinə qədər “Azərbaycanın son aqressiyası”, “Ermənistan ərazisini işğal etməsi” barədə məlumat verməklə, Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmağa çalışır. Ermənistan bu siyasətində Rusiyanın, Fransanın təzyiqinə daha çox önəm verir, çünki ABŞ rəsmiləri erməni manevrlərini əvvəldən bilir və senatorların basqısına rəğmən Cənubi Qafqaz siyasətinə məsul olan rəsmilərin mövqeyi kifayət dərəcədə praqmatik və yeri gələndə də sərtdir.
Fransa və Rusiyanın mövqeyində üst-üstə düşən çox tərəflər var. Tunisdə keçirilən Frankofoniya beynəlxalq təşkilatının Zirvə görüşünə qatılan Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, bu gün isə baş nazir Nikol Paşinyan fürsətdən istifadə edib burada da Azərbaycan əleyhinə sənəd qəbul etdirirlər. Rusiya hazırlaşır ki, Ruben Vardanyana bir aya əlahiddə status verilsin və onun əli ilə Kremlin göstərişləri yerinə yetirilsin, milyarder “vətənpərvər” həmvətənləri uğrunda genişmiqyaslı səlahiyyətə sahib olub, onlardan da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilsin. Yəni, sonda sülh yaranmasın, zaman uzansın, qlobal güclər bu münaqişə davam etdikcə bölgəyə təsir və təzyiqini göstərib idarə etsinlər.
Separatçı rejimin qondarma bir qurumu ultimatumunda bildirir ki, onlar münaqişənin bərabərhüquqlu tərəfidir və “Azərbaycanın aparılacaq danışıqları Qarabağda yaşayan ermənilərlə söhbət kimi təqdim etməsi qəbuledilməzdir”. Özlərini subyekt olaraq Azərbaycanla bərabərhüquqlu zənn edirlər. 9 noyabr 2020-də Xankəndidən qaçıb gedənlər haradan alırlar bu cürəti? Əlbəttə onları geri qaytaran Rusiyadan, müstəqilliklərini tanıyan Fransa Senatından, yaxın dostları İrandan və ABŞ-ın Bob Menendes, Pallone kimi senatorlarından.
Paralel olaraq Ermənistan silahlanır. Təhlükəsizlik şurasının sədri Armen Qriqoryan Hindistanda səfərdədir və məqsəd güzəştli formada silahlar almaqdır. İranla da onun kimi.
Deməli, Ermənistan sülh müqaviləsini bağlamaq istəmir və ya Qarabağ münaqişəsində son nöqtənin qoyulmasını öz şərtləri daxilində-“çərçivə sazişi” imzalamağı planlaşdırır. Separatçı rejim də Qarabağda qalmış bir ovuc əhalinin guya “genosid” olacağı ilə süni “əzabkeş” obrazlarını dünya ictimaiyyətinə çatdırıb yenə də Azərbaycana təzyiq göstərilməsinə nail olmaq niyyətlərindən əl çəkmirlər. Son günlər Qarabağda artan atəşkəs rejiminin pozulmasında da hədəf Azərbaycanı günühkar çıxarmaqdır.
Xankəndi və ətrafında baş verənləri saymazdan gəlməməliyik. Bu siyasətə qarşı Azərbaycan ən kəskin diplomatik tələblərlə çıxış etməli, Xankəndidə dövlət nəzarətimizin bərpası istiqamətində qəti addımlar atmalıdır. Düşmən və havadarları qalib ölkə kimi Azərbaycanın arxasınca sürünməli və bizim şərtlərimizi qəbul etdiklərini etiraf etməlidirlər.
İlham İsmayıl
Tarix: 19-11-2022, 22:36