“Şeytan yuvası”nda “rus mərkəzi” açıldı: Xankəndidə növbəti təxribat...


 

Rusiyanın sponsorluğu ilə reallaşdırılan belə hoqqalara cavabımız nə olmalıdır? - Bakıdan reaksiyalar

Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçıbaşı Araik Arutyunyan Xankəndidə “artsax hakimiyyətinin təşəbbüsü” ilə yaradılan “rus mərkəzi”nin açılış mərasimində iştirak edib. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə erməni mənbələri məlumat yayıb. “Qurumun fəaliyyəti rus dilinin, rus mədəniyyətinin və tarixinin populyarlaşdırılmasına, təhsil sahəsində dialoqun və sıx əməkdaşlığın inkişafına yönəldiləcək. Mövcud zəngin kitab fondu sayəsində gənc nəsil də rus yazıçılarının əsərlərini öyrənmək imkanı əldə edəcək”, - deyə məlumatda qeyd olunur. “Rusiya mərkəzlərinin açılması erməni və rus xalqları arasında çoxəsrlik dostluğun daha bir bariz sübutu və sıx əməkdaşlığımızın əyani nümayişidir. "Artsax"da həmişə rus dilinin öyrənilməsinə xüsusi diqqət yetirilib və mərkəzin açılması indiki şəraitdə zərurətdən artıq zərurətdir", - deyə Arutyunyan çərənləyib.
Əlbəttə ki, cinayətkar Araik gözünün içinə kimi yalan deyir. Belə bir “mərkəzin” açılması və onun təntənəli təqdimatı heç də Rusiyaya, ruslara sevgidən irəli gəlmir. İlk növbədə “artsax” adlı mifik qurumun subyektivliyini gözə soxmaq, eyni zamanda Bakı və Moskva arasında gərginliyi artırmaq niyyəti güdür. Həmçinin Moskvanı “status” məsələsində Bakıya təzyiq göstərməyə həvəsləndirmək məqsədi daşıyır. Məlumdur ki, Rusiyanın “sülh variantı”nda status məsələsinin gələcəyə saxlanması nəzərdə tutulur ki, bu da Azərbaycan dövlətinin altına Kremlin əli ilə növbəti dəfə “gec partlayan mina” qoymaq anlamına gəlir. Bu da var ki, belə təxribatçı “mərkəz”in açılacağı ilə bağlı Rusiya mediası da zaman-zaman yazırdı. Bunu mifik “Dağlıq Qarabağ xalqı” ilə rus xalqı arasında “tarixi-mədəni əlaqələrin inkişafına” guya mühüm töhfə verəcəyi xüsusi qeyd olunurdu. Yəni projenin içində əlbəttə ki, Rusiya da var. Bununla Moskva sözsüz ki, həm Qərbə (Avropa və ABŞ-a), həm də Bakıya anlatmaq istəyir ki, Qarabağ anklavının sahibi yalnız mənəm - Rusiya. “Şeytan yuvası”nda Rusiyanın sponsorluğu ilə reallaşdırılan belə təxribatlara cavabımız nə olmalıdır? Moskva nədən Putinin imzası duran 22 fevral 2022-ci il Moskva bəyannaməsinə və 10 noyabr 2020-ci il kapitulyasiya sənədinə etinasızlıq edir?

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, bu, birbaşa Rusiyanın iştirakı ilə açılan mərkəzdir: “Əvvəlcə, rus icması yaradılır, sonra rus mərkəzi açılır, Xocalıda provaslav kilsəsi tikilir, rus ədiblərinə, siyasi xadimlərinə abidələr qoyulur. Bütün bunlar ssenari üzrə gedən plandır. Ona görə ilk növbədə Xankəndi erməni terrorçularından təmizlənməlidir. İkincisi, bu addımlara görə Rusiyaya nota təqdim etmək lazımdır. Məncə, rəsmi Bakı bu məsələlərdə gecikir. Buna bizim tutarlı cavabımız olmasa, davamı gələcək”. Partiya sədri hesab edir ki, belə mərkəzləri açmaqla bölgəni ruslaşdırmaq, rus təsirlərini artırmaq hədəfi var: “Eyni zamanda Xankəndidə erməniləri arxayın edirlər ki, Rusiya sizin arxanızda dayanıb, qorxmayın. Son mitinq, orada Rusiyaya birləşmək çağırışları da göstərdi ki, Moskva Qarabağın dağlıq ərazisində öz gələcək arzularını indidən gerçəkləşdirməyə başlayır”.

ALDP sədri Fuad Əliyevin fikrincə, Qarabağda sülhməramlıların əl-qol açmasına göz yummaq olmaz: “Onların bölgədəki hərəkətləri erməniləri ruhlandırır. Gah onlara binalar tikilir, gah mərkəzlər açılır. Azərbaycan Rusiya ilə bu məsələlərdə sərt yanaşma ortaya qoymalıdır. Biz üçtərəfli sənədə ona görə qol çəkməmişik ki, rus icması yaradılsın, rus mərkəzi açılsın, yaxud erməniyə havadarlıq etsinlər. Odur ki, siyasi partiyalar da iqtidarla birlikdə həmrəylik nümayiş etdirərək son zamanlar Xankəndi və ətraf bölgələrdə yol verilən hərəkətlərə etirazını bildirməlidir. Amma bizim etirazımızı təkcə özümüz eşitməli deyilik. Artıq iki ildir ki, Araik istintaqa cəlb olunmur, terrorçular mövqelərimizi atəşə tuturlar. Bunların başına elə bir dəmir yumruq dəyməlidir ki, bir də nəfəsləri gəlməsin, onda rus mərkəzi açmağın nə olduğunu başa düşəcəklər”.
Tarix: 22-11-2022, 09:03
Xəbəri paylaş





Xəbər lenti