Xankəndidə çaxnaşma: Araikin “referendum” qərarını geri götürməsinin sensasion iki səbəbi...


 

Qondarma oyuna görə ilk növbədə məsuliyyət Rusiyanın üzərinə düşür deyə Kreml prosesi əngəlləməli oldu, digər versiya Vardanyanın onun yerinə hazırlaşmasıdır - erməni oliqarx Moskvaya gedir və Oskanyanı komandasına gətirir; polkovnik: “Hər şey antiterror əməliyyatına doğru gedir...”

Noyabrın 23-də Xankəndidə yuva salmış qondarma qurumun rəhbəri Araik Arutyunyan demək olar ki, bütün “komandasını” istefaya göndərib. “Yeni Müsavat” bildirir ki, Mikayel Hayriyan “səhiyyə naziri” vəzifəsindən azad edilib, bu post “nazir müavini” Artur Oqancanyana həvalə edilib, Norayr Musayelyan “kənd təsərrüfatı naziri” vəzifəsindən azad edilib.
Onun “səlahiyyətləri” müvəqqəti olaraq “nazirin birinci müavini” Tiqran Arustamyana həvalə edilib. Anahit Akopyan “təhsil, elm, mədəniyyət və idman naziri” vəzifəsindən azad edilib. Onun “işi” isə Hasmik Minasyana həvalə edilib. Armine Petrosyan “sosial inkişaf və miqrasiya naziri” vəzifəsindən  azad edilib. Onu isə Vahram Arakelyana əvəz edəcək. Hayk Xanumyanı isə “ərazi idarəetmə və infrastruktur naziri” vəzifəsində Vardan Beqlaryan əvəz edib. Jirayr Mirzoyan “ədliyyə naziri” vəzifəsindən, David Babayan isə “xarici işlər naziri” vəzifəsindən azad edilərək xarici işlər nazirinin səlahiyyətlərini icra edən təyin edilib. Aram Sərkisyan “şəhərsalma naziri”, Vahram Bağdasaryan isə “maliyyə və iqtisadiyyat naziri” vəzifəsini səlahiyyətlərini icra edənlər kimi qalıb.
Maraqlıdır ki, noyabrın 22-də Araik Arutyunyan qondarma “parlament” sədrinə müraciət edərək, “artsax konstitusiyasına əlavə və dəyişikliklər layihəsini” geri götürüb. Belə bir qərarın qəbul edilməsinə səbəb “konstitusiya dəyişikliyi layihəsinə” ictimaiyyətin mənfi reaksiyası olub. “Bu isə daxili parçalanma və gərginliyə səbəb ola bilər”. Qeyd edək ki, cəmi 20 min erməninin yaşadığı Xankəndi və ətrafında “konstitusiya islahatları”na hazırlıq bir müddət əvvəl başlamışdı. Hətta ilin sonunadək qondarma “referendum” keçirmək niyyətində idilər. “Hraparak” nəşri isə yazırdı ki, “referendum”dan sonra “artsax”da “parlament” və “prezident” seçkiləri ayrıca keçiriləcək: "Gələn ilin 1-ci yarısında "parlament", 2024-cü ildə isə “prezident” seçkiləri olacaq".
Arutyunyanın gözlənilmədən layihəni geri çəkməsinin əlbəttə ki, ciddi səbəbləri var. Bu səbəblər isə heç də onların izahı kimi deyil. Aydındır ki, rəsmi Bakı sülhməramlıların arxasında gizlənərək belə bir “referendum” oyununa göz yuma bilməzdi. Bu qondarma oyuna görə isə ilk növbədə məsuliyyət Rusiya və onun sülhməramlılarının üzərinə düşəcəkdi. Şübhə yoxdur ki, məhz Rusiya bu prosesi əngəlləmək məcburiyyətdə qalıb və Araikdən saxta referendum oyununu “bir yerinə soxmağı” tələb ediblər. Daha bir versiyaya görə isə bu, Araikin getməsinə, separatçı qurumun başına Vardanyanın keçməsinə hazırlıqdır. 
Araik isə “referendum”u geri çevirmək qərarına izah vermək üçün deyib ki, “indi sabitlik konstitusiya dəyişikliklərindən daha vacibdir”: “Sadəcə, siyasi qüvvələrin belə bir narahatlığı vardı ki, hər şey bir şəxsin - prezidentin əlində cəmləşib. Yeni hökuməti formalaşdırmaq üçün növbədənkənar seçkilərə getmək lazım idi. Amma bu gün buna ehtiyac yoxdur, çünki daha hər şey mənim əlində cəmləşmir. Təbii ki, dövlət nazirinin (Vardanyanı nəzərdə tutur) funksiyalarının ayrılması nəticəsində mövcud narahatlıqlar bu gün öz həllini tapmış kimi görünür. Ona görə də konstitusiyaya düzəlişlər məsələsində tələsməyə ehtiyac yoxdur”.

Göründüyü kimi, Araik şərikli idarəçilik olduğunu təsdiqləyir. Yeri gəlmişkən, Qarabağdakı separatçı rejimin yeni “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedir. Vardanyan özünün “kabineti”ndə “xarici işlər naziri” olaraq iki adamdan birini görür. Onlar Ermənistanın keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Ara Ayvazyandır. Sonuncu Paşinyan komandasında yer almışdı və onun siyasi kursu ilə razılaşmadığı üçün vəzifəsindən getdi. Bəllidir ki, hər iki şəxs Azərbaycana münasibətdə olduqca sərt mövqeyə malikdir. Üstəlik, Oskanyan Rusiya, Ayvazyan isə Fransa siyasi dairələrinin adamları hesab olunurlar. Məlumata görə, Vardanyan Moskvadan qayıtdıqdan sonra bununla bağlı qərar verəcək və daha çox Oskanyanın üzərində dayanacağı ehtimalı yüksəkdir.
1998-2008-ci illərdə Ermənistanın XİN rəhbəri olmuş Vardan Suriya ermənisidir, 1955-ci ildə Hələbdə anadan olub. Oskanyan bir ay əvvəl “Qarabağ probleminin həlli ilə bağlı” geniş məqalə ilə çıxış etmişdi. Keçmiş nazir hesab edir ki, ilk olaraq Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində bir növ azlıq deyil, öz tarixi torpaqlarında yaşayan, etnik, dini və birmənalı olaraq öz müqəddəratını təyin etmək istəyi olan “xalq”dır. “Yaxın vaxtlarda Qarabağda yaşayan ermənilər əvvəlcə Stepanakert (Xankəndi) meydanında ən azı 50-75 min insanın iştirakı ilə toplantı təşkil etməli və orada həm Azərbaycana, həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirməlidir ki, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini istəyir”, - deyə sabiq nazir yazıb. Erməni mənbələri onun “nazir” təyinatını hələ təsdiqləmir, amma belə bir qərar verilərsə, şübhəsiz ki, bu, Xankəndidə gərginliyi artırmağa hesablanıb. Rəsmi Bakının bu proseslərə yanaşması və reaksiyası necə olmalıdır?


Bu sualımızı cavablandıran polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya, Ermənistan və Qarabağ separatçıları birgə çirkin plan düşünüblər. Hərbi ekspertin sözlərinə görə, bu plan yuxarı Qarabağda separatizmi gücləndirmək və Rusiyanın mövcudiyyətini möhkəmləndirməkdir: “Lakin hər üç qüvvənin istəkləri reallaşmayacaq, Azərbaycan buna imkan verməyəcək. O baxımdan Araikin tələm-tələsik saxta nazirləri işdən çıxarması mənasız addımlardır. Onsuz da kor-kor, gör-gördür ki, bu proses Qarabağ ərazisində antiterror əməliyyatlarını həyata keçirməyə doğru gedir. Bu mövqeyimizi gücləndirən hal Dövlət Təhlükəsizlik Xidmətinin noyabrın 24-də keçirilən tədbirində səslənən fikirlərdir. Həmin çıxışlardan aydın şəkildə görmək olar ki, kifayət qədər ciddi iş gedir. Hər halda, rəsmi qaydada sülhməramlıların olduğu yerə hərbi texnika daşındığı, qanunsuz fəaliyyət göstərildiyi açıqlanırsa, Müdafiə Nazirliyi açıqlamalar verirsə, deməli, suverenliyin təmin olunmadığı qalan ərazilərlə bağlı məsələni uzatmalı deyilik”. Onun fikrincə, problem uzandıqca yara dərinləşir: “Bizim başqa yolumuz qalmayıb, hər şey antiterror əməliyyatına doğru gedir. Ruben və Araikin çıxışları artıq əhəmiyyətsizdir, öz işimizi görməliyik. Rusiyadan göndərilən Rubenlə bağlı ən yüksək səviyyədə mövqe bildirilib, o adam da Araikin aqibətini yaşayacaq və yaxın zamanda bütün məsələlər aydınlaşacaq. Yeri gəlmişkən, Sarıbaba yüksəkliyində sülhməramlılarla birgə mina basdırılan əraziyə baxış keçirilməsi informasiya məkanında beynəlxalq ictimaiyyətə verilən mesaj idi. Yəni rusların fəaliyyət göstərdiyi ərazilərdə terrorçular mina basdırırlar. Eyni zamanda Azərbaycan quru qoşunları hazırlıq keçir və məncə, bütün bunlar startdır, ardınca növbəti mərhələ gələcək. Bildiyiniz kimi, bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Bu məntiqi ardıcıllıq və gedişat antiterror əməliyyatlarına aparan yoldur”.

Siyasi analitik Elxan Şahinoğlunun sözlərinə görə, Araik Arutyunyan Moskvanın təlimatı ilə hərəkət edir: “Moskvanın Qarabağdakı adamı isə Ruben Vardanyandır. Kreml Ruben Vardanyanı Araik Arutunyanın yerinə hazırlayır. Ruben Vardanyan isə separatçılar arasında "birinci" olmadan öncə öz komandasını formalaşdırmağa çalışır. Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar. Bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı daha da uzadılsın. Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birilərinə atəş açırlarsa, deməli, “Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var”. Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır: “Sizin "hakimliyiniz" Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. 3 ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərk-silah edilməsi Azərbaycanın haqqıdır".
Tarix: 25-11-2022, 11:07
Xəbəri paylaş





Xəbər lenti