Növbəti müharibə riski: - “Ermənistan ordusu böyük itkilər verəcək”

Növbəti müharibə riski:
Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildirək ki, artıq günlərdir qanunsuz erməni silahlı qüvvələri tərəfindən bölmələrimiz davamlı olaraq atəşə tutulur. Ən çox diqqətçəkən məqam isə bütün bunların Rusiya sülhməramlılarının gözü qarşısında baş verməsidir.

Bölgəyə atəşin dayanması və sülhün əldə olunması missiyası ilə gələn ruslar isə öz vəzifələrini icra etmirlər. Hətta Rusiya Müdafiə Nazirliyi də onların bu təxribatlarına uyaraq günlərdir ərazilərimizin adlarını bilərəkdən qondarma erməni dilində qeyd edirlər.

Əlbəttə ki, bütün bunlar qəbuledilməzdir. Ümumiyyətlə, yaşanan son proseslər ermənilərin növbəti müharibəyə hazırlaşdığını göstərir. Lakin 2020-ci ildə 44 gün ərzində darmadağın olan erməni ordusunun yenidən müharibə olacağı təqdirdə, daha qısa müddətdə tamamilə məhv olacağı heç kimə sirr deyil.

Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, hazırda Qarabağda yaşanan gərginliyin başlıca iki səbəbi var:

“Birincisi, Rusiya Qarabağdakı separatçı rejimin terrorçu ünsürləri vasitəsilə, Azərbaycana təzyiq etməsinin arxasında “sülhməramlılar”ın uzun müddət Qarabağda qalmasının təminatını almaq istəyi dayanır.

Yəni bunun bir təzyiq mexanizmi olduğu görünür. Guya Rusiya olmasa, Qarabağda sülhü təmin etməyin mümkün olmadığını göstərməyə çalışırlar. Onlar, özlərinin nə dərəcədə vacib bir ünsür olduğunu ortaya qoymaqla status qazanmaq və uzunmüddətli Azərbaycanda yerləşmək istəyirlər. Həmçinin, Qarabağ amilini də həm Ermənistana, həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

İkincisi isə, Ermənistanın prosesi uzatmaqla Rusiya və Azərbaycanı qarşı-qarşıya qoymaq istəyidir. Çünki İrəvan düşünür ki, bu halda toqquşma baş verərsə, Rusiya məcburi şəkildə Ermənistanı müdafiə edəcək”.

Politoloq vurğulayıb ki, Azərbaycan əməliyyatlara başlayarsa, erməni ordusu bu dəfə daha tez məğlub olacaq, böyük itkilər verəcək:

“Əslində Azərbaycan-Ermənistan müharibəsindən daha çox, Azərbaycanın Qarabağda antiterror əməliyyatları həyata keçirməsi gündəmdədir. Ümumiyyətlə, Ermənistanın uzunmüddətli müharibə aparmaq potensialı yoxdur və bütün dünya bunu bilir. Hətta bunu onları müdafiə edən dövlətlər də bilir.

Rəsmi İrəvanın özünün də uzunmüddətli müharibə aparmaq fikri yoxdur. Onlar, sadəcə müəyyən təxribatlar edərək, üçüncü və ya dördüncü qüvvələri prosesi qatmağa çalışırlar. İrəvanın məqsədi bununla Ermənistanın müdafiəsini təşkil etmək və Ukrayna müharibəsində olduğu kimi Azərbaycanın əleyhinə bir beynəlxalq koalisiya yaratmaq istəyirlər.

Lakin buna nail ola bilmirlər. Hesab edirəm ki, Azərbaycan hazırda Ermənistanda müharibə etmək istəmir. Çünki bu, indiki vəziyyətdə Azərbaycanın əleyhinə işləyə bilər. Ancaq Qarabağda başqa bir dövlətin ordusunun və tanınmayan separat rejimin qanunsuz silahlı ünsürləri mövcud olduğu faktdır. Bu da Azərbaycana özünümüdafiə haqqı verir. Bununla da antiterror əməliyyatı həyata keçirə və ya həmin qüvvələri mühasirəyə alaraq, ərazilərimizdən çıxara bilərik. Azərbaycan dövlətinin belə bir hüququ var”.

Natiq Miri əlavə edib ki, hazırda rus sülhməramlılarını Qarabağdan çıxarmaq üçün səbəblər mövcuddur:

“Son günlər Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında söz atışması gedir. Hansı ki, Azərbaycanın dedikləri və tələb etdikləri qanunauyğun bir davranışdır. Ancaq Rusiya bunu görməzdən gəlir.

Düşünürəm ki, bu məsələni həll etmək lazımdır. Bunun da yolunu yəqin ki, dövlətlər düşünürlər bu qarşıdurma bir yerə qədər davam edə bilər. Sonda bu prosesi həll etməyə ehtiyac yaranacaq. Milli Məclisdə Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı qərar qəbul olunmalıdır.

Çünki onlar öz vəzifələrinin öhdəsindən gəlmirlər. Yəni sülhməramlılar atəşkəsi və sülhü təmin etmək vəzifəsini yerinə yetirə bilmirlər. Hətta Kreml bunu qəsdən edərək özünün geosiyasi maraqlarını təmin etməyə çalışa bilər”.
Tarix: 29-11-2022, 21:34
Xəbəri paylaş





Xəbər lenti