Dekabrın 7-ə planlaşdırılan Brüssel görüşü Ermənistana görə baş tutmayacaq. Ermənistan baş naziri Nikol Paşinyan Fransa prezidenti Emanuel Makron olmadan İlham Əliyevlə görüşməkdən imtina edir. Bu, Paşinyanın Əliyevdən çəkindiyini təsdiq edir. Amma eyni zamanda bu addımla rəsmi İrəvan danışıqlar prosesinin dalana dirənməsində maraqlı olduğunu bir da göstərmiş oldu.Lakin bu addımla Brüssel formartına zərbə vurmağa çalışan Ermənistan anlamalıdır ki, danışıqlara zərbə vurmaq hərbi əməliyyatlar mövzusunun aktuallaşdırılması deməkdir. Çox güman ki, Paşinyan bunu nəzərə alıb, amma belə görünür 2 il əvvəl sentyabr təxribatları kimi yanlış qərarlarının güdazına getmək ehtimalını bu dəfə də hesaba qatmayıb.
İrəvan anlamalıdır ki, İlham Əliyevin də qeyd etdiyi kimi, Brüsseldə planlaşdırılan sülh görüşü Paşinyan-Makron tandemi ucbatından pozulur. Təbii ki, səbəbi də sirr deyil. Üçtərəfli Brüssel formatı Bakının təqdim etdiyi 5 maddəlik sülh paketi əsasında baş tutduğundan və burada Azərbaycanın maraqları beynəlxalq hüququn normaları çərçivəsində tam təmin olunduğundan Paşinyan bura dördüncü tərəf kimi Fransanı - ermənipərəst halqanı qoşmaq qərarına gəlib.
Azərbaycan Brüssel formatından imtina etmədi, İlham Əliyev Makronun iştirakı ilə nəzərdə tutulan bir görüşdən imtina etdi. Bu, çox vacib bir məqamdır. Rəsmi Bakı Şarl Mişelin şəxsi iştirakı ilə baş tutan formatdan imtina etməyib. Sadəcə olaraq bu qərarla Avropa İttifaqı liderinə mesaj verildi ki, Paşinyanın Makronu bu formata pərçimləmək istəyi rəsmi Bakı üçün arzuolunan deyil.
Bakının küncə sıxışdırdığı Paşinyan bu cür destruktivliklə növbəti dəfə vaxt qazanmaq niyyətindədir. Hazırki situasiya yeni formatın yaranması zərurətini də meydana çıxara bilər. Amma hazırda iki platforma Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün aktivliyini saxlayır - Rusiya və Vaşinqton.
Lakin Bakı hər iki tərəfdən özünə qarşı Qarabağ mövzusunda qeyri-obyektiv yanaşmanın dəfələrlə şahidi olub. Əgər rəsmi Bakı bu zamana kimi erməni lobbisinin təsiri altında olan amerikalı konqresmenlərdən qərəzli münasibət görübsə, Rusiyadan da çəkdiyimiz az deyil.
Paşinyanı kim yoldan çıxarır?
Bu məsələnin sülhə nə qədər təhdid olduğuna ötən gün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov xüsusilə toxunub.
"Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir", - deyən C. Bayramov bu ifadələri ilə Bakı ilə İrəvan arasında sülhə mane olmağa çalışan kənar qüvvələrin mövcudluğuna diqqəti yönəltməklə, Ermənistanı keçmiş ritorikasından əl çəkməyə məhz həmin dövlətlərin imkan vermədiyinə işarə edib. Konkret desək, Bayramov Paşinyanı yoldan çıxaran(lar)ın olduğuna eyham vurdu.
Təbii ki, Ermənistanda revanşist qüvvələrin qızışdırılması bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bu isə hər an eskalasiya riskinin yüksək olması anlamına gəlir ki, belə bir vəziyyətdə tərəflər arasında konstruktivlik gözləmək də sadəlöhvlük olar. Bunu yaxşı bilən Rusiya başda olmaqla Fransası, İranı bu gün həmin "vəzifəni" üzərlərinə götürərək, Ermənistanı hər vəchlə sülh danışıqlarından yayındırmaq məqsədilə manipulyasiyalar üçün İrəvana rəvac hazırlayırlar.
Bayramovun
"Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkar edilib. Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan 2 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə köçürülüb. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş yoldan açıq-aşkar sui-istifadədir" açıqlamasından da Bakını xüsusilə son zamanlar narahat edən əsas məsələnin hansı olduğunu anlamaq elə də çətin deyil.
XİN rəhbəri açıq şəkildə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Laçın dəhlizinin təyinatı üzrə humanitar məqsədlə istifadə edilmədiyini, hazırda da o yolla erməni separatçılarının və qeyri-qanuni erməni silahlı birləşmələrinin silah-sursat daşıması ilə yanaşı, minaların da Qarabağ ərazisinə gətirilib basdırldığını qeyd etməklə, kontingentin fəaliyyətindən Bakının narazılığını növbəti dəfə bütün dünyanın qarşısında ifadə etmiş oldu.
Bu isə o deməkdir ki, Laçın dəhlizindən humanitar yardım adı altında sui-istifadə hallarına son qoyulmaması, son zamanlar bu vəziyyətin daha da acınacaqlı hal almasına görə Bakı bütün məsuliyyəti Ermənistandan da çox məhz Rusiya sülhməramlılarının daşıdığı qənaətindədir. Ceyhun Bayramovun belə bir önəmli konfransda Azərbaycanı narahat edən əsas məsələləri qabartması eyni zamanda o deməkdir ki, Bakı bu özbaşınalıqları artıq kənardan izləmək fikrində deyil.
Çünki 44 günlük Vətən müharibəsindən sonra bölgədə lokal hərbi toqquşmalar, təxribatlar məhz sülhməramlıların erməni separatçılarına yaratdıqları şəraitin, fürsətin adı ilə bağlıdır. Amma Bakı artıq bu təxribatlardan cana yığıldığını, Moskvanın Bakının xəbərdarlıqlarına, müraciətlərinə məhəl qoymadığını diqqətə çatdırmış oldu.
Bu gün sülhməramlılar nəinki Laçın dəhlizinin təyinatı üzrə fəaliyyət göstərməsində maraqlı deyil, heç kontingentin özü də mandatına uyğun fəaliyyəti ilə diqqət çəkmir. Bunu xüsusilə yeni yayılan kadrlar deməyə əsas verir. Yerli mediada yayılan məlumata görə, Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni biznesmenlər və iş adamları qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirməkdə davam edirlər. Üstəlik bütün bunlar rus hərbçilərinin gözü qarşısında, hətta onların birbaşa iştirakı ilə baş verir.
Göründüyü kimi, Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ bölgəsinin müəyyən hissəsinə yerləşdirilməsində məqsəd ərazidə sülhün, təhlükəsizliyin bərqərar olmasında aktiv fəaliyyət göstərməsi nəzərdə tutulduğu göstərilsə də, belə aydın olur ki, sülhməramlıların aktivliyi artıq tamamilə fərqli istiqamət üçün nəzərdə tutulub. Bunlar əsassız iddialar deyil.
Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin "Kamaz" markalı yük maşınlarında xaricə çıxarılır.
Daşımanın İsveçrədə yerləşən "Vallex Group" QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan "Base Metals" şirkəti tərəfindən həyata keçirilməsi faktı isə Bakını təcili olaraq bu özbaşınalıqlara, Azərbaycan ərazilərinin, sərvətlərinin talanmasına son qoymaq üçün adekvat tədbirlərin görülməsini zəruriləşdirir.
Ermənistan qarşılığında ona yaradılan keçmiş imitasiya təcrübələrinə sadiqlik nümayiş etdirir. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, missiyasını yerinə yetirmək əvəzinə sülhməramlıların bu cür özbaşınalıqları, talançılıqları fonunda rəsmi İrəvanın öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışmasında qeyri-adi nəsə yoxdur.
Bayramovun iclasda
"Davamlı sülhə doğru irəliləmək üçün real şansın olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanı normallaşma prosesinə xələl gətirmək cəhdlərindən əl çəkməyə inandırmalıdır. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməlidir" çıxışı isə rəsmi Bakının beynəlxalq ictimaiyyətə bir xəbərdarlığı kimi də şərh edilə bilər.
XİN rəhbəri bu sözlərlə ipə-sapa yatmayan Ermənistana davamlı sülh üçün bunu İrəvana verilən tarixi fürsət olduğuna inandırmağa çağırış edib. Bu detal özü də Ermənistanın sülhdən qaçmaq, normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyası aparmasına son qoymayacağı təqdirdə artıq rəsmi Bakının daha təsirli varianta əl atmaq məcburiyyətində qalacağı deməkdir.
Təhməz Əsədov
Milli.Az
Tarix: 2-12-2022, 13:36