Oyuncaq rejimin üzvü Ermənistanı Qarabağla birləşdirən yolu Azərbaycanın nəzarətə götürəcəyi təqdirdə beynəlxalq aləmi və Rusiyanı onlara dəstəyə çağırır; ekspertlərdən sərt reaksiyalar
Ermənistan 10 noyabr kapitulyasiya aktının Zəngəzur dəhlizi ilə bağlı 9-cu bəndini iki ildir yerinə yetirmək istəmir. Azərbaycanın materik hissəsi ilə Naxçıvana maneəsiz quru əlaqə vermir. Halbuki bu, kapitulyant tərəfin yazılı öhdəliyidir, könül məsələsi yox.
Azərbaycan isə bütün öhdəliklərinə sənəd imzalanan gündən əməl edir. O sırada Laçın yolunu hələ də açıq saxlayır, hətta yenisini inşa edib. Lakin həm Ermənistan, həm də Qarabağda gizlənən separatçı-kriminal ünsürlər Azərbaycanın humanizmini, loyallığını, səbrini, belə görünür, zəiflik kimi başa düşürlər. Elə olmasaydı, erməni separatçılar getdikcə daha da azğınlaşmaz, az qala hər gün Qarabağdakı mövqelərimizi atəşə tutmazdılar. Ərazidə xəndəklər qazıb səngərlər qurma, bölgəyə Ermənistandan Laçın yolu ilə silah-sursat, hərbi texnika, minalar daşımazdılar. Təbii ki, havadarları - Rusiya “sülhməramlı” kontingentin gözü qarşısında.
Beləcə, 10 noyabr sənədi əslində ermənilər və ruslar tərəfindən faktiki qüvvədən salınmış kimidir. O halda bizim öhədliklərimiz də qüvvədə olmayacaq. Yəni qanuni ərazimiz olan yeni Laçın yoluna da nəzarətimiz gündəmə gələcək. Yada salaq: rəsmi Bakı zaman-zaman bəyan edib ki, Zəngəzur və Laçın dəhlizlərinin eyni statusa malik olmalıdır. Bundan əlavə, son vaxtla yeni Laçın yolu ilə Qarabağın dağlıq ərazisinə silah, hərbi texnika, mina qurğuları daşınması barədə həm Rusiyaya, həm də Ermənistana rəsmi Bakı ən yüksək səviyyədə, həm də dəfələrlə xəbərdarlıq edib, özbaşınalıqlara son qoyulması tələb olunub. Bunun ardınca isə artıq Laçın yolunun girişində, sərhəd qapısında nəzarət postu qoymaq gəlir. Bu da erməni tərəfdə, xüsusən də separatçılarda isterika yaradıb.
Məsələn, özünü indi mifik “artsax”ın" “xin rəhbəri əvəzi” sayan, Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkar David Babayan öz aləmində guya Bakını hədələyib: “Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması həm ”artsax"a, həm də Rusiya sülhməramlılarına hücum, təxribat anlamına gələcək. Əgər Azərbaycan Laçın dəhlizini bağlamağa cəhd etsə və ya avtomobillərin giriş-çıxışını əngəlləməyə çalışsa, bunun çox ciddi nəticələri olacaq, o cümlədən geosiyasi xarakterli. Buna yol vermək olmaz. Beynəlxalq ictimaiyyətin də bütün bunlara biganə qalacağını düşünmürəm. Ümid edirəm, əminəm ki, sülhməramlılar reaksiya verəcək, çünki bu, əslində müharibəyə, qırğına, soyqırıma doğru addım olacaq. Buna necə reaksiya verməmək olar?"
Göründüyü kimi, indidən “soyqırım” şivəninə hazırlaşan Babayan iddia edir ki, o halda nəinki Rusiya, hətta beynəlxalq birlik də onların tərəfində olacaq. Belədirmi? 10 noyabr sənədi, 44 günlük müharibədən sonra qəbul edilmiş digər çoxtərəfli sənədlər necə olsun bəs? Laçın yoluna nəzarəti götürsək, hansı reaksiyalar ola bilər?
Analitik Elxan Şahinoğlu deyir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Laçın dəhlizi bağlanmalıdır” cümləsi bir az qəribə səslənir" deyərkən tam haqlıdır. Onun fikrincə, söhbət yolun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir.
Politoloqun sözlərinə görə, “yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir ki, guya Azərbaycanın məqsədi Qarabağı mühasirədə saxlamaqdır: “Məqsəd bu deyil, əsas vəzifə həmin yolda nəzarət postları yaratmaqla Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşların ərazimizə qanunsuz keçidinin qarşısını almaqdır. Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır”.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev hesab edir ki, Azərbaycan Laçın dəhlizi ilə bağlı addım atacaq, məsələn, onun girişində nəzarət-buraxılış məntəqəsi quraşdıracaq: “Laçın dəhlizi üzərində nəzarətimiz bərpa olacaq. Hökumətin bu məsələdəki addımları kifayət qədər açıq və yavaş olsa da, qərarlıdır. Paşinyan bu nəticəni öngörmüş ola bilər, bəlkə elə bunu da istəyir. Çünki özü də hazırda pat vəziyyətdədir və xarici bir faktorun məsələni yerindən tərpətməsini istəyir. Laçın dəhlizi üzərində nəzarətimiz bərpa olunduqdan sonra Ermənistan cəmiyyəti Qarabağdan birdəfəlik ümidini üzəcək. Bununla Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya biləcək”.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədlinin dediyinə görə, hazırda Laçının əhəmiyyəti daha yüksəkdir. “Laçın 1990-cı illərin əvvəllərində nə qədər əhəmiyyətli idisə, bu gün də bir o qədər əhəmiyyətlidir. Laçının əhəmiyyəti ondan ibarətdir ki, bu gün də Qarabağdakı ermənilər Azərbaycanın razılığı əsasında oradakı yeni dəhliz yolundan istifadə edirlər. Əgər gələcəkdə Qarabağda Ermənistan ordusu hər hansı gərginlik yaradarsa, Azərbaycan Ordusu Laçını artıq nəzarəti götürdükdən sonra, dəhlizi yenidən bağlasaq, Qarabağdakı ermənilər mühasirəyə düşəcəklər. Artıq oradakı ermənilərin məğlub olması isə an məsələsi olacaq. Düşünürəm ki, birmənalı olaraq Laçın əhəmiyyətli və strateji baxımdan üstün mövqeyə malik məntəqədir. Laçın dəhlizinin bağlanması ermənilər üçün hər zaman təhlükəli olub”, - deyə hərbi şərhçi vurğuladı.
Onun qənaətincə, son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir: “Bunu deməyə əsas verən səbəblərdən biri son bir ayda ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələridir. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur. Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır. Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir.
Hesab edirəm ki, erməni hərbi birləşmələri müharibəyə, yaxud da hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər. Xatırladım ki, sülhməramlıların nəzarətindəki ərazidə Ermənistan Müdafiə Nazirliyinə tabe olan 1-ci Əlahiddə Ordu birləşməsinin hərbi bölmələri, həmçinin separatçılara tabe olan qanunsuz silahlı dəstələr mövcuddur".
“Yeni Müsavat”
Tarix: 3-12-2022, 10:59