Volkov dünən Xocalı qatili olan erməni generalla görüşdə hansı razılığa gəldi?..
Guya azərbaycanlılar onlayn rejimdə Qarabağa daxil olan avtomobillərin sərnişinlərini və baqajlarının içini izləyə biləcək və ruslarla birlikdə dəhlizə nəzarət edəcək... Erməni mənbələri iddia edir ki, Azərbaycan ekoloqlarının Şuşa-Laçın yolunda və Xocalıda Rusiya “sülhməramlı”larının komandanı general-leytenant A.Volkovla görüşündən sonra rus komandan separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanla da görüşüb. Guya A.Vokovun Xocalı qatili olan erməni general-mayorla dünənki görüşündə dolayısıyla Azərbaycan tərəfinin xeyrinə olan qərarlar əldə edilib.
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” nəşri yazıb.
“Təhlükəsizlik şurasının katibi Vitali Balasanyan və komandası dünəndən bəri Rusiya sülhməramlıları rəhbərinin təkidi ilə Laçın dəhlizində keçid məntəqəsinin qurulmayacağı və rentgen skanerlərinin quraşdırılması məsələsinin hələ də müzakirə olunması ilə bağlı ictimaiyyətin başının altına yumşaq yastıq qoymağa çalışsalar da, bizim Qarabağdakı mənbələr deyirlər ki, cihazların quraşdırılması ilə bağlı artıq razılıq əldə olunub və yaxın gələcəkdə belə qurğular sülhməramlıların ərazisindəki nəzarət məntəqəsində quraşdırılacaq. Mənbənin sözlərinə görə, azərbaycanlılar onlayn rejimdə Qarabağa daxil olan avtomobillərin sərnişinlərini və baqajlarının içini izləyə biləcək və ruslarla birlikdə dəhlizə nəzarət edəcək. Baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yolun yalnız Rusiya sülhməramlılarının nəzarəti altında olacağı açıq şəkildə göstərilib. Rusiya sülhməramlılarının komandanı Volkovun bir gün əvvəl Balasanyanla uzun-uzadı söhbət etdiyi və anti-Rusiya hay-küyü salmamaq üçün hələlik bu razılaşmalar faktını gizlətməyə qərar verildiyinə dair məlumatlar var” -xəbərdə belə deyilir.
Tarix: 7-12-2022, 09:38