Xankəndiyə rusların köçürülməsi BAŞLADI: şok Donbas ssenarisi - CANLI


Qarabağda yuva salan terrorçu rejimin başçısı Araik Harutyunyan Rusiyaya müraciət edib ki, sülhməramlıların ailələrinin bölgəyə köçürülməsinə şərait yaradılsın. Məqsəd Qarabağın yuxarı hissəsində əhali sayını artırmaq, burada rusların kompakt yaşadığı təsəvvürü yaratmaqdır.
Ekspertlər hesab edir ki, bu Kremlin ssenarisidir. Məqsəd bölgəni Donbasa çevirməkdir. Qarabağda rus icması yaratmaq, rus mərkəzi açmaq, Xocalıda provaslav kilsəsi tikmək, rus ədiblərinə abidə qoymaq təsadüfi deyil. Təbii ki, Moskva gələcək üçün zəmin hazırlayır.

Sülhməramlı ailələri də bölgəyə yerləşsə, gələcəkdə sayları artsa, Rusiya günün birində deyə bilər ki, bu ərazi bizimdir, yaxud da buradakı rus əhalisini müdafiə edirik. Onlar da saxta referendum keçirib Rusiyaya birləşmək qərarı verə bilər. Necə ki, Luqansk və Donetskdə ediblər. Xankəndidə son mitinq də buna işarə idi. Ona görə addımlarımızı gücləndirməli, tələbləri sərt qoymalıyıq.
Rusiya vətəndaşı olan erməni əsilli aktyor, ermənipərəst mövqeyi ilə seçilən TNT kanalında yayımlanan komediya filmlərində rol alan Ararat Keşyan Azərbaycanın suveren ərazisində həyata keçirilən qanunsuz fəaliyyətə “maddi yardım” ayırıb. O, Azərbaycanın Ağdam rayonunun Ballıqaya kəndinin ərazisində uşaq bağçasının yenidən qurulmasının koordinatoru və təşəbbüskarı kimi çıxış edib.
Bu məqsədlə “Biz birik” adlı layihəsinin “könüllü”ləri Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarəti və köməyi ilə Ballıqaya kəndinə tikinti materialları daşıyıblar.
Bu zaman qanunsuz fəaliyyəti dayandırmalı olan Rusiya sülhməramlıları yenidən ermənilərə qarşı sevgilərini nümayiş etdiriblər. Təbii ki, sülhməramlılar qanunsuz fəaliyyətə əngəl olmaq əvəzinə növbəti dəfə öz dəstəklərini nümayiş etdiriblər.

Belə ki, Ararat Keşyanın göndərdiyi “yardım”ın daşınmasında fəhlə rolunu sülhməramlılar oynayıblar. “Sülhməramlı fəhlələr” öz işlərini o qədər şövqlə görüblər ki, hətta separatçılar tikinti materiallarını əlcəklə daşıdıqları bir vaxtda, onlar buna ehtiyac belə duymayıblar.

TVMusavat-ın saat 16:00-da canlı efirində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə bölgədəki hadisələri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.



Tarix: 9-12-2022, 16:21
Xəbəri paylaş





Xəbər lenti