Rəsmi Bakının son yumşaq XƏBƏRDARLIĞI- Turan Rzayev


Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri “Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirirlər.
Aksiyaçılar Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edirlər. Aksiya keçirilən əraziyə rus sülhməramlılara dəstək üçün əlavə qüvvə cəlb edilib. Nə baş verir? Əvvəlcə onu qeyd edim ki, Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir. Azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir. Məsələ ondadır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz şəkildə istismar edilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir. Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarını əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr 3 saat davam etsə də, nəticə əldə edilmədi. Dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycanın monitorinq heyəti Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirdi. Görüşdə əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədildi. Bakı nəyə nail olmaq istəyir? Aydın məsələdir ki, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək. Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı: Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi; İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi. Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər. Söhbət “Qisas” əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən Fərrux əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 12-12-2022, 21:59
Xəbəri paylaş





Xəbər lenti