Qarabağda vəziyyəti daha da gərginləşdirməyə çalışırlar - NƏ ETMƏLİ?
“Hazırda rus sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bunun səbəbi və yaradacağı nəticələrə baxmaq lazımdır. Səbəb odur ki, ermənilər bölgədə gərginliyin olduğunu nümayiş etdirirlər. Amma nəticə onların burnunun əzilməsi ola bilər”.
Siam.az bildirir ki, bunu Reyting.az-a hərbi mütəxəssis Azad İsazadə son günlər Qarabağda gərginliyin artmasının səbəblərindən danışarkən bildirib.
Hərbi ekspert deyib ki, erməni separatçılarının vəziyyəti kəskinləşdirməsi və Azərbaycan tərəfinin mövqelərini atəşə tutmasının müxtəlif səbəbləri ola bilər. Ssenarilərdən biri hazırda Laçın yolunun Şuşa yaxınlığında vətəndaş cəmiyyəti üzvlərinin keçirdiyi etiraz aksiyasına qarşı təxribatın olması mümkündür.
A. İsazadənin sözlərinə görə, indi Azərbaycanın əlində ciddi arqumentlər var:
“Söhbət Azərbaycan Ordusundan, dövlətdən, gücdən getmir. Laçın yolundakı aksiyada ekologiyanın qorunması, qanunsuz əməllərə son qoyulması tələb olunur. Həmin bölgəyə yaxın ərazilərdə təxribat və ya döyüşlər başlasa, Azərbaycan təhlükəsizlik səbəbindən dinc aksiyada iştirak edənləri ərazidən çıxarmalıdır. Bundan sonra sakitlik yaransa da, aksiyanı bərpa etmək bir az problemli olacaq. Yəni məsələ gündəmdən çıxacaq. Həm də iddia olunacaq ki, məhz ekofəalların fəaliyyəti səbəbindən bölgədə vəziyyət kəskinləşib. Azərbaycanın mövqelərinin bu səbəbdən də atəşə tutulması mümkündür. Yəni açıq təxribatlar həyata keçirmək ehtimalı hesaba alınmalıdır”.
Hərbi ekspertin fikrincə, təxribatlar və atəşkəsin pozulması periodik xarakter daşıyır və ekofəalların aksiyasından əvvəllər də olub: “Bu olmasaydı, bir qədər təəccüblü sayılardı. Aydındır ki, orada müəyyən qüvvələr var və vəziyyəti gərginləşdirməyə, prosesi hərbi yönə çəkməyə çalışır. Əlbəttə, mən separatçıların arasında ola biləcək qüvvələri nəzərdə tuturam. Amma o da aydındır ki, indi onların Azərbaycana qarşı müqavimət təşkil etmək potensialı yoxdur. Sadəcə, separatçılar öz mövcudluqlarını nümayiş etdirməyə çalışırlar”.