Rusiya öhdəlikdən qaçır: “Sülh sazişi və Zəngəzur dəhlizi qaldı...” - NƏ ETMƏLİ?
Azərbaycanlı ekoaktivistlərin Laçın yolunda başlatdığı etiraz aksiyası 11 gündür davam edir.
Aksiyalar fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Nazirlər Laçın yolundakı vəziyyəti müzakirə edib. Məlumatı isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edilib ki, danışığın mövzusu Laçın dəhlizindəki vəziyyət olub. Lavrov Laçın dəhlizində yaranmış vəziyyəti müzakirə edərək, üçtərəfli razilaşmalara əməl olunmasının zəruriliyini vurğulayıb.
Maraqlıdır ki, üçtərəfli razılaşmada üzərinə düşən öhdəliklərini yerinə yetirməyənlər məhz Rusiya və onun dəstəklədiyi Ermənistandır.
SİAM.AZ-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu da Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi üçün hazırda Laçın yolunda etirazlar davam edir:
“Rusiya öhdəliklərini yerinə yetirsəydi, Laçın yolunda azərbaycanlıların etirazına ehtiyac qalmazdı. Rusiya yataqlarda monitorinq aparmağa imkan vermədi. Digər tərəfdən bizim haqlı tələbimiz var ki, o yoldan qanunsuz silah-sursat daşınır və Rusiya buna göz yumur.
Yəni Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir və bundan sonrası üçün də təminat yoxdur. Lavrovun zəngi də guya vəziyyətə hakim olduqlarını göstərməyə hesablanıb. Amma Paşinyan da Rusiyanı ittiham edir ki, onlar üzərinə düşəni yerinə yetirə bilmir.
Guya nə etməlidirlər ki? Sülhməramlılar azərbaycanlı etirazçılara güllə atmalıdır? O zaman da Rusiya Azərbaycan münasibətləri gərginləşəcək. Bu da Rusiyanın maraqlarına cavab vermir. Əslində nazirlər arasında üçtərəfli görüş keçirilməli idi, amma Ermənistan həmin görüşdə iştirak etməkdən imtina edib. Bizim tələblərimiz isə bəllidir.
Birincisi, yola nəzarətimiz olmalıdır. İkincisi, yataqlarda monitorinq aparmağımıza imkan verilməlidir. Bunlar olmadığı müddətdə qarşıdurma davam edəcək, sülhə yaxınlaşılmayacaq. Top hazırda Rusiya və Ermənistanın meydanındadır, amma onlar təxribatçı siyasətlərini davam etdirir. Ermənistanla da bu il heç bir sənəd imzalanmadı. Sənəd və dəhliz məsələsi ilə bağlı işlər gələn ilən qaldı”.