İl sona çatdı, sülh müqaviləsi imzalanmadı - 2023-də ümid varmı?

İl sona çatdı, sülh müqaviləsi imzalanmadı - 2023-də ümid varmı?

2022-ci ilin əvvəlindən etibarən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün müxəlif formatlı danışıqlar intensivləşdi. Avropa Şurası İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bir neçə görüş keçirildi, habelə Rusiyanın təşəbbüsü ilə xeyli üçtərəfli görüşlər baş tutdu. 12-14 sentyabr hadisələrindən dərhal sonra ABŞ da prosesə qoşuldu və Amerikanın da təşəbbüsü ilə bəzi təmaslar, danışıqlar oldu.
Belə ümidlər verilirdi ki, 2022-ci ilin sonunadək sülh müqaviləsi, ən azı bir çərçivə sənədi imzalanacaq. Ancaq bunların heç biri baş tutmadı. Təbii, prosesi Ermənistan pozdu, habelə bu işdə Fransa təxribatçı mövqe tutdu, bəzi hallarda Rusiya da sülh müqaviləsində maraqlı olmadığını praktik olaraq sübut etdi. Bu məsələ təbii ki, yenə də aktualdır. Hazırda prosesin nə yerdə olması haqda da ictimaiyyətdə bilgi yoxdur. Maraqlıdır ki, dünən keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə yanaşmada ziddiyyətli məqamlar barədə detallı məlumat vermək istəməzdim” deyib. Nazir daha sonra qeyd edib: “Bildirim ki, Azərbaycan sülh üçün 5 baza prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüquqa əsaslanır. Sonra isə bir sıra razılaşmalar oldu və bunu Ermənistan tərəfi də öz ictimaiyyətinə çatdırır. Ancaq Ermənistan əldə edilən razılaşmalardan geri çəkilir, biz bunu müşahidə edirik”.
C.Bayramov söyləyib ki, sülh təklifləri sadə və yığcam olmalıdır: “Ermənistan isə beynəlxalq hüquqa əsaslanan baza prinsiplərini dəyişdirməyə çalışır və onu çərçivə sazişi ilə məhdudlaşdırmaq istəyir. Ermənistan çox sadə olan prinsipləri mürəkkəbləşdirir... Qısa zamanda Ermənistan 5 baza prinsipində onlar üçün qəbuledilməz heç bir prinsipin olmadığını etiraf etdi. Bunun da səbəbi vardı. Çünki faktiki olaraq ona "yox" demək çox çətindir. 5 baza prinsipi çox ədalətli idi. Bu 5 prinsipdən sonra görüşlər oldu. Baxmayaraq ki, həmin görüşlər nəticəsində hansısa yeni sənədlər qəbul edilmədi, ancaq 5 baza prinsipini daha da inkişaf etdirən razılaşmalar əldə edilmişdi. Bunlar Ermənistan tərəfindən məqbul sayılmışdı. Ermənistan tərəfi bunu öz cəmiyyətinə də açıqlamışdı. Ermənistan tərəfdən danışıqlar prosesində biz bəzi şərhlərə baxanda öncə əldə olunmuş razılaşmalardan geriyə addımları görürük. Hesab edirik ki, bu çox ziyanlı tendensiyadır".
Cənab Bayramov Azərbaycanın sülh müqaviləsi üçün ilkin şərt qoymadığını diqqətə çatdırıb: “Biz sülh müqaviləsinin qəbulu üçün axırıncı erməni qanunsuz silahlı birləşmə üzvünün Qarabağdan çıxarılması tələbini qoysaq, bu əlavə şərtdir. Biz nəqliyyat kommunikasiyalarının açılmasını şərt kimi qoysaq, əlavə şərtdir. Biz nəyi əldə edə biliriksə, onu əldə etməyə çalışırdıq. Prosesə çox mənfi təsir edən məqam yalnız sülh müqaviləsi ilə bağlı deyil. Ermənistan danışıqlar prosesində müzakirə predmeti olan məqamlarla bağlı ictimai məkana informasiyalar sızdırır. Bu, sosial şəbəkələr vasitəsilə edilir. Birincisi, bunu sızdırmaq danışıqlar prosesində çox ziyanlıdır. İkincisi isə bu, qarşı tərəfin mövqeyini əks etdirmir. Bizdən fərqli olaraq, vasitəçilər Ermənistanı bu məsələdə açıq-aşkar günahlandırmır. Biz bunun çox zərərli olduğunu bildirmişik. Vasitəçilər də bunu görür”. Nazirin dediklərində maraqlı məqamlardan biri də prosesin ilkin variantda ictimaiyyətdən gizli aparılması haqda dedikləridir. Bu cür məsələni ictimaiyyətin bilməsi niyə mənfi təsir göstərir? Belə olmalıdırmı? Diplomatik tərz nə tələb edir?

Tofiq Zülfüqarov: “Azərbaycan tərəfin güc tətbiq etməsi istisna olunmur”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu məsələdə bir qədər pessimistdir: “İndiki mərhələdə siyasi ümidlərə əsas yoxdur. Çünki hələ iki il bundan öncə Paşinyan hakimiyyətə gələndə onun partiyasının şüarları sırasında yer alanlardan biri də bu idi, yəni xilas olmaq üçün Qarabağdan ayrılmaq. Bu, müharibədən sonrakı seçkilərdə daha çox irəli sürülməyə başladı. Müharibədən əvvəlki siyasəti savaşdan sonra da davam etdirdilər. Bu, onların rəsmi proqramlarıdır. Biz görürük ki, həm ötən il, həm də bu ilin dövlət büdcəsində Qarabağda separatçı rejimin maliyyələşməsi nəzərdə tutulur. Qarabağ siyasətlərini həyata keçirmək üçün yeni bir element daxil edirlər. Orada "müstəqil" qurum yaradılır. Ona da başçılıq edən Vardanyandır. O da son mitinqdə bəyan edir ki, bizim məqsədimiz müqavimətdir. Açıq şəkildə hərbi müqavimətdən söz açıb. Biz burada görürük ki, erməni hərbçilərin oradan çıxmaları təmin olunmur. Onları maliyyələşdirən Ermənistan büdcəsidir. Demək, açıq şəkildə bunlar öz siyasətlərində işğalın davamı siyasətini həyata keçirirlər. İndi bu şəraitdə hansı siyasi ümiddən bu il və gələn il üçün danışa bilərik? Təbii ki, onların yürütdükləri siyasətin, əməllərin heç bir əsası yoxdur. Bilirik ki, müxtəlif görüşlərdə ümidverici ikibaşlı hansısa bəyanatlar verirdilər. Amma dərhal sonra həmin bəyanatı təkzib edən başqa bir bəyanat verirdilər. Onlar, sadəcə olaraq, vaxtı uzadırlar. Onların “ümidverici” bəyanatlarını diplomatik manevrləri kimi qiymətləndirmək olar. Gələn ildəki ümidlərimlə bağlı sualınıza gəlincə, onların bu çərçivədə davranışları davam etsə, şəxsən mənim gözləntilərim azdır. Azərbaycan dövlətinin və xalqının iradəsi açıq şəkildə bəyan edilib. Bu iradəsi ilə Azərbaycan xalqı 2020-ci ildə öz ərazilərini azad edib. Biz öz siyasətimizdən dönməyəcəyik. Ermənilərin seçimi onu göstərir ki, münaqişə davam edəcək. Belə ehtimal var ki, bu işğalçı siyasətin davamı olaraq, Azərbaycan tərəfin güc tətbiq etməsi istisna olunmur".
Keçmiş nazir indiki nazirin fikirləri ilə razılaşmır: “Bu məsələdə hörmətli nazirlə razı deyiləm. Fikirlərim fərqlidir. İlk növbədə deyim ki, qarşı tərəf belə informasiyaları sızdırmaqla cəmiyyətlərində görüntü yaradır ki, guya hansısa proseslər gedir. Biz görmüşük ki, müharibədən öncə bu məsələlər mənfi saxlanılırdı. Amma Paşinyan bunu açıqlayandan sonra bəlli olub ki, ortada heç nə yoxdur. Görüntü mifi yaratmaq lazım deyil. Vəziyyət necə varsa, o cür də olmalıdır. Bilirsiniz, münaqişə heç də xarici işlər nazirləri arasında getmir. İki dövlət münaqişədədir. İki xalq və iki cəmiyyət qarşı-qarşıyadır. Qapalı şəkildə, yəni cəmiyyətdən xəbərsiz sülh əldə etmək təbii ki, mümkün deyil. Belə fikirlər qarşı tərəfə düşünürəm ki, manevrlər yaradır və mən bunun qəti əleyhinəyəm”.

Fikrət Yusifov: “Nə qədər ki, Qarabağ ətrafında baş verənlərin əsl günahkarlarını göstərməyəcəyik...”
Keçmiş maliyyə naziri Fikrət Yusifov bütün proseslərin başında Rusiyanı görür: “Çox maraqlıdır ki,  biz sülh müqaviləsi ətrafında baş verən oyunları açıq-aşkar görsək də, yenə bu məsələ ətrafında müxtəlif nağıllar danışmaqla məşğuluq. Mən dəfələrlə yazmışam və demişəm - nə qədər ki, Qarabağ ətrafında baş verənlərin əsl günahkarlarını göstərməyəcəyik, nə qədər ki, bu işi pozanların kim (kimlər deyil - və məhz kim) olduğunu deməkdən çəkinəcəyik, bu məsələnin həlli də uzanacaqdır. Bu problemin həlli və sülh müqaviləsinin bağlanmasının açarı Rusiyanın - Putinin əlindədir. Burada nə Amerikanın, nə Fransanın, nə Avropa Birliyinin, nə də İranın heç bir rolu yoxdur və ola da bilməz. Biz "Ermənistan sülh müqaviləsini pozur, onu imzalamaqdan imtina edir, müxtəlif bəhanələrlə vaxtı uzadır cümləsində "Ermənistan" sözünü “Rusiya” sözü ilə əvəz etməliyik, onda bütün daşlar yerinə oturacaq. Qalan nə varsa hamısı söz yığnağı və mənasız vaxt uzatmadır. Rusiya istəsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 1 saat ərzində bağlanacaq, 44 günlük müharibə buna bir nümunədir".

“Yeni Müsavat”
Tarix: 29-12-2022, 11:12
Xəbəri paylaş





Xəbər lenti