Qarabağdakı talanlar haqqında şok məlumatlar
“Mövcud durum onu zəruri edir ki, ekofəalların aksiyaları davam edəcək. Laçın yolunda aksiyaların müəyyən nəticə verəcəyinə ümidlər çox idi və erməni qaynaqlarında mədənlərdə fəaliyyətlərin dayandırılması ilə bağlı xəbərlərin gəlməsi separatçı qurumun və bu talanda iştirak edənlərin geri addım atmasının işarəsidir”.
Professor Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Bildirdi ki, qazanılan ilkin nəticələrə rəğmən, bu, kifayətlənəcək durum deyil: “Başlamışıqsa, ciddi nəticə almalıyıq. Ümid edirəm ki, Azərbaycanın ciddi olduğunu anlamağa başlayıblar. Separatçı qurumun BMT-yə müraciətinin heç bir nəticəsi olmaz. BMT də, bütün dünya da bilir ki, bura Azərbaycan ərazisidir və orada qayda-qanun yaratmaq Azərbaycan dövlətinin birbaşa görəvidir. Azərbaycan ərazisində talanı bu günə qədər BMT nə üçün ortaya çıxarmamışdı? BMT-nin faktaaraşdırıcı missiyası vardı. Onun hansı fəaliyyəti oldu? Bura Azərbaycan ərazisidir və oradakı sərvətlər də Azərbaycan xalqına məxsusdur. Məsələnin kökündə bu durur. Burada yalnız monitorinq deyil, həmin mədənlərin Azərbaycan iqtisadiyyatının gəlişməsinə xidmət etməsini təmin etmək məqsədi olmalıdır.
Həmin sərvətlərin gəlirlərinin separatçı qurumun nəzarətində olması anormal haldır və heç bir dövlət onun talanmasına imkan verməz. Faktlar sübut edir ki, işğal dövründə Azərbaycanın yeraltı sərvətləri Ermənistan iqtisadiyyatının da əsas gəlir mənbələrindən birinə çevrilib. Xarici ölkə şirkətləri də bu talanda iştirak ediblır. Ermənistan və “Dağlıq Qarabağ Respublikası” adlandırılan separatçı qurum bir sıra xarici ölkələrlə müştərək şirkətlər quraraq buradakı əlvan metal ehtiyatlarını - qızıl, gümüş, mis, molibden, aliminium və digər qiymətli daş və metalların istismaretmiş və onları satış üçün onları xarici birjalara çıxarmışdır, işğaldan əvvəl də həmin cinayətləri sübut edən kifayət qədər faktlar mövcuddur. Vaxtilə müxtəlif şirkətlər vasitəsilə Kəlbəcər, Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsinə başlayıblar. Əlimizdə olan ermənicə məlumatlara görə, işğal altındakı ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı və b. yataqlar talan edilib. Bunlar Zəngilan rayonundakı Vejnəli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundakı Zod ( Söyüdlü) yataqlarıdır. Ağdərədəki Kaşen mədənində 2009-dan başlayaraq 2012-ci ilə qədər aparılmış qazıntılar nəticəsində aşkar edilmişdir ki, məhdud mədən resursları 26.5 milyon tondur, onun 0.55% -i mis və 0.008%-i molibdendir”.
Q.Çaxmaqlı qeyd etdi ki, bu şirkətlərdən biri Ağdərədəki talanlarda iştirak edən “Beyz Metls” QSC olub: “Həmin şirkətin tərəfdaşı Ermənistanın “Armenian Kapır Program” QSC idi. Bu şirkətlərin ortağı İsveçrə və Fransa şirkətləri olub. Əlvan metalların xarici ölkələrdəki birjalara çıxarılması da qeyri- qanuni və iqtisadi cinayət kimi qəbul edilməlidir. Drmbon Mis Mədənlərinin istismarı ilə “Beyz Metlz” şirkəti məşğul olub. Bu şirkət öz tərəfdaşı olan “Armenian Kapır Program” tərəfindən VTB Bankdan (Fransa bankı) 2011-ci ildə 25 milyon ABŞ dolları miqdarında kredit alıb.
Qızılın alış və satışı Londonun külçə bazarında, Tokionun qiymətli mallar birjasında, Londonun Mallar Birjasında (COMEX) və Sürixin Gold Sarayında həyata keçirilib. Şirkət öz qızılını London Mallar Birjasının müəyyən etdiyi qiymətlərlə satıb. Dünyanın müxtəlif birjalarında satışa çıxarılan Azərbaycana məxsus bu məhsulların daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayıb. Bu işi həyata keçirmək üçün Kəlbəcərdən keçməklə Vardenis (Basarkeçər)- Xankəndi magistral yolu çəkilib. Ermənistan və digər xarici ölkələrə məxsus şirkətlər separatçı qurumla əlbir olmuş, qazanc məqsədi ilə bu mədənlərin qanunsuz istismarı, ixracatını həyata keçirib. Separatçı qurumla qanunsuz ticarət həyata keçirən onlarca ölkənin şirkətləri olub. Bunların arasında Rusiya, ABŞ, İngiltərə, Fransa, Almaniya, Çin, İtaliya, Livan, BƏR və başqa ölklərin şirkətlərini söyləmək olar. Artıq bunlara son verilməlidir və Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması buraya gəlib gedən əahali ilə bağlı deyil, iqtisadi terrorun qarşısını almaq tədbirləri kimi baxılmalıdır. Rusiya nədən buna qarşı gedirdi? Çünki bu talanda Rusiya şirkətləri də iştirak edir. Vardanyanın buraya göndərilməsi də bu iqtisadi talanı davam etdirmək cəhdlərindən biridir. Azərbaycanın qərarlı addımları həmin planlara dəyişiklik edilməsinə gətirib çıxaracaqdır. Ola bilsin Ruben Vardanyan artıq burada gözləntilərini bulmayaınca çəkilib getsin və erməni mətbuatında belə ehtimalların olduğu da artıq səsləndirilməkdədir. Bundan sonrakı mərhələdə Azərbaycan Qarabağın talan olunan digər sərvətlərinin də qarşısını almaq tədbirlərini həyata keçirmək üçün yalnız ekoloji sahədə deyil və digər sahələrdə monitorinq qrupları yatratmalıdır və ölkəmizin bu parçasının içərilərinə girmək və iqtisadiyyatımızı özümüzə bağlamaq üçün tədbirlər görməlidir. Məsələnin kökündə iqtisadi talanın qarşısını almaqdır. Buna mane olunacaqsa, Azərbaycan onu güc yolu ilə edəcəkdir. Başqa yol yoxdur”.
Tarix: 29-12-2022, 21:47