"Qarabağda növbəti dağıdıcı müharibə baş verəcək" - ABŞ analitikləri
Amerikanın "Foreign Policy" analitik nəşri 2023-cü ildə Ukraynadakı müharibənin təsiri altında dünyanı 10 hərbi münaqişənin gözlədiyini bildirib. Siam.az-ın məlumatına görə, Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, nəşr Azərbaycan-Ermənistan münaqişəsinə xüsusi diqqət yetirib. "Foreign Policy" ekspertlərinin fikrincə, Azərbaycan və Ermənistan arasında 2023-cü ildə müharibə olacaq: "Bu müharibə 2020-ci ildəkindən daha qısa, lakin daha dramatik olacaq". Materialda qeyd olunur ki, güclər nisbəti Azərbaycanın xeyrinə daha da dəyişib: "Ermənistan ordusu nə qoşunlarının sayını, nə də silah-sursatını artıra bilməyib. Azərbaycan isə əksinə, ordunu sürətlə gücləndirir. Azərbaycan ordusu Ermənistan ordusundan bir neçə dəfə üstündür, daha yaxşı təchiz olunub və Türkiyə tərəfindən dəstəklənir. Avropanın Azərbaycan qazına tələbatının artması Bakını da həvəsləndirir". "Foreign Policy" yazır ki, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingent öz aktuallığını itirir: "Onun mövcudluğuna baxmayaraq, Azərbaycan öz ərazilərinin bir hissəsini və hətta daha çoxunu geri ala bildi". Analaitiklər qeyd edirlər ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olur: "2021-ci ildə Avropanın vasitəçiliyini qəbul etməklə Moskva sülhməramlı ölkə kimi öz mövqeyini möhkəmləndirməyə ümid edirdi. Lakin indi Kreml Aİ diplomatiyasını Rusiyanın təsirini cilovlamaq səylərinin bir hissəsi kimi görür və buna görə də əməkdaşlıqdan imtina edir. Nəticədə müqavilənin 2 variantı ilə bağlı müzaakirələr dayanıb. Danışıqlar heç bir nəticə verməsə, Azərbaycan nəyi mümkündürsə, güc yolu ilə əldə edəcək".