Xankəndi hayının hayı, Karpenterin şəkəri, əsl blokadanın Naxçıvan nümunəsi


 

Keçən ilin son ayında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dedi ki, Vaşinqton və Paris ATƏT-in Minsk qrupunu beynəlxalq platforma kimi “dəfn edib”. Bundan əvvəl Zaxarovanın “şef”i, Sergey Lavrov-Kələntaryan da eyni məzmunlu açıqlama vermişdi. Yəni hətta dünənədək erməni işğalını dolayı və açıq şəkildə müdafiə edən rusiyalı diplomatlar da Minsk qrupundan danışanda tərəddüd etmədən “umer” deyirlər...


Vaşinqtonun ATƏT-dəki səfiri Maykl Karpenter isə özünün “Twitter” səhifəsində yazıb ki, ABŞ ağır humanitar vəziyyət yaradan Laçın dəhlizinin üç həftədən artıq blokadasından narahat olaraq qalır. Həyəcana, ritorikaya, erməni küyünə qoşulmaya diqqət edin! “Ağır humanitar vəziyyət” varmış Laçın yolunda, xəbərimiz yoxmuş. Sizin ədalətinizi ... yesinlər! Erməni separatçılar 27 gündür Xankəndi-Gorus magistralı ilə “at çapa” bilmirlər, ABŞ-ın “düşməni” İran Qarabağdakı separatçı rejimə yanacaq+terrorçu dəstə göndərmək imkanından məhrum olub, Qarabağın hələlik Azərbaycanın nəzarətində olmayan hissəsinin tar-mar edilməsi səngiyib, qızıl, mis, molibden yataqlarının sərvətləri yük maşınları ilə İrəvana sarı daşınmır, Karpenterin “təzyiqi oynayıb”. Belə getsə, hipertonik olacaq, erməni separatçıların dərdindən şəkər+təzyiqə mübtəla olmuş diplomat kimi adını tarixə yazdıracaq...

Hətta erməni separatçılarının başçısı, milyarder Ruben Vardanyan da yalanların işə yaramadığını, Azərbaycanı şantaj etməklə heç nəyə nail olmadıqlarını anlayıb, bəlkə də çaşıb Xankəndinin blokadada olmadığını etiraf edib. O “Byline Times”a müsahibəsində Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağa ərzaq tədarükü həyata keçirdiyini bildirməklə blokada nağılını alt-üst edən ilk separatçı olub. Bunu Şuşa qalasının aşağısında keçirilən dinc aksiyanın 12 km-liyindəki Vardanyan deyir. Amma min km-likdən amerikalı siyasətçi deyir yox e, “humanitar fəlakət” yaşayır ermənilər...

Elə bu gün, 7 yanvarda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin növbəti dəfə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
qizil.jpg (129 KB)
Ümumilikdə 4 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib. Eyni zamanda Rusiya sülhməramlılarına məxsus “KamAZ” markalı maşın da avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib. Yəni Karpenterin iddia etdiyi vəziyyət yoxdur, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət mövcud deyil! Ekoloji terrora son qoyulması tələbilə keçirilən aksiyanın ilk günündən indiyədək hər iki tərəfə hərəkət edən yük və minik maşınlarının, mülki şəxslərin sayı nə qədərdir, bilmirəm. Yəqin ki, ümumi statistika var, elə gün olur ki, 15-20 maşın ərzaq və digər zəruri malları Xankəndi istiqamətinə daşıyır. Belə “blokada”mı olar? ABŞ-ın ATƏT-dəki nümayəndəsi isə “göstərdiyi kritik dəstəyə görə BQXK-ya minnətdarıq”, deyir, eyni zamanda “biz Azərbaycan və Rusiyanı girişi dərhal bərpa etməyə çağırırıq”, - söyləyir. Absurd yanaşma! Əvvəla, təşəkkür Azərbaycana, həftələrdir ayaq üstə, dinc şəkildə ekoloji terrora etiraz edən, hava şəraitinə, digər çətinliklərə baxmayaraq, bir an belə təmkinini pozmayan, yoldan dinc yolla istifadə edən ermənilərə hər hansı hərəkətə yol verməyən ekofəallara düşür! Amerikalı diplomatın qanacağı çatsa, ilk növbədə onlara təşəkkür edərdi. BQXK-nın avtomobil və yük maşınlarının maneəsiz keçidinə hər hansı problem yaratmayan məhz azərbaycanlılardır. Çünki onlar yolkəsən deyillər, belə məqsədləri də yoxdur! Əksi olsaydı, Beynəlxalq Qızıl Xaç olmur, lap kim olur-olsun, ordan keçə bilməzdi! İkinci absurd məqam odur ki, Karpenter Azərbaycan və Rusiyaya xitab edərək “yolu açın”, deyir. Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyev ilk gündən açıq mətnlə bəyan etdi ki, Laçın-Xankəndi yolunu kəsən Azərbaycan deyil, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentidir! ABŞ-da həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilirlər, şübhəmiz yoxdur. Hətta peykdən Laçın yolundakı aksiyanı 24 saat izlədiklərinə də şübhəmiz yoxdur. Di gəl, erməni yalanları dünyanın o boyda dövlətinin yüksək çinli diplomatlarının da ağlını özündən alıb...
Humanitar fəlakət necə olur, xatırladaq: 1992-ci ilin mayında Ermənistan Laçını işğal edəndən sonra bu rayonun sakinlərinin yaşadığı tale idi humanitar fəlakət...
lacin.jpg (510 KB)
Bir qrup laçınlı 54 gün ermənilərin mühasirəsində qaldı, itkilər verərək, möcüzə nəticəsində xilas ola bildilər. ABŞ diplomatlarının səs-sorağını eşitmədik o zamanlar.
Yaxud bu günlərdə haqqında ən çox danışılan Naxçıvan əhalisinin taleyi amerikanların yadına düşmür.
nax.jpg (203 KB)
Naxçıvanda Qarabağdakı ermənilərdən 15-20 dəfə çox əhali yaşayır, özü də 30 ildən çoxdur blokada şəraitindədirlər. Azərbaycan vətəndaşları vətənin bir hissəsindən digər hissəsinə getməkdən ötrü digər ölkənin ərazisindən keçməli, yaxud hava nəqliyyatından istifadə etməli olurlar. Di gəl, ABŞ-ın ATƏT-dəki təmsilçisinin dili dönmür naxçıvanlıların bir qərinəyə yaxındır humanitar fəlakət yaşadığını söyləməyə... Bəlkə naxçıvanlılar xəstələnmir, bəlkə onlara qaz, işıq lazım deyil. Bəlkə... Qarabağ ermənilərinin qazı iki günlük kəsildi, Amerika, Avropa tir-tir titrəməyə, kükrəməyə başladı, nəzərə almadılar ki, bu, erməni separatçıların öz oyunudur, qazı onlara Azərbaycan vermir... Amma indiyədək Naxçıvan əhalisinin durumu haqda bir paytaxtdan çağırış eşitmədik, Ermənistana “Zəngəzur dəhlizini aç, Naxçıvan ağır humanitar vəziyyətdən xilas olsun” - deyən olmadı. Dörd həftəyə yaxındır Beynəlxalq Qırmızı Xaç Laçın yolunda erməni “xəstələri” daşımaqdan yorulmur, amma... Bəlkə naxçıvanlılar xəstələnmir, niyə Qırmızı Xaç Zəngəzur yolu ilə bir naxçıvanlı xəstəni Bakıya gətirmək üçün təşəbbüs göstərmir? Kəsəsi, Laçın yolunda bir ovuc hayla birgə haray-həşir salanlar Azərbaycan üçün taleyüklü Zəngəzur dəhlizinin açılması məsələsində susurlar, Azərbaycan və Rusiyaya Laçın yolu ilə bağlı yersiz çağırış edən amerikalı diplomat niyə ATƏT kürsüsündən Ermənistana və Ermənistanın sərhədlərini qoruyan Rusiyaya “Zəngəzur dəhlizini aç” çağırışı etmir?

Karpenterdən sualımıza cavab gözləyirik. Ən azı ABŞ-ın Azərbaycandakı səfirliyindən. Şuşaya səfər etməkdən yayınmasaydı, gedib Laçın yolundakı gerçəklikləri öz gözləri ilə görər, Vaşinqtona da məlumat yollayardı.
Elşad Paşasoy,
Musavat.com
Tarix: 7-01-2023, 22:09
Xəbəri paylaş





Xəbər lenti