Arayik Qarabağda Ermənistandan daha çox silah olduğunu etiraf etdi... Amma Vardanyana...
Separatçı-terrorçu rejim başçısı R.Vardanyana etiraz edib: "Mümkün qədər müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə getmək lazımdır. Əks halda müharibə ola bilər ki, bu da "Artsaxın və Artsax xalqı"nın sonu olar..." Azərbaycan Respublikası ərazisində Kremlin himayəsində bəslənən 32 illik separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Ruben Vardanyan son günlər müxtəlif bölgələrdə, icmalarda görüşlər keçirir. Lakin Putinin milyarder "desant"ının bu səfərləri Qarabağdakı hayklarda ziddiyyətli əhval-ruhiyyəyə səbəb olub.
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında Ermənistanın "Hraparak" nəşri yazıb.
"Vardanyan bir tərəfdən soydaşlarını sakitləşdirərək bildirib ki, blokadanın yaratdığı çətin vəziyyət, yəqin ki, mart-aprel aylarına qədər davam edəcək. Yəni qar əriyəndən sonra artıq su və işıq problemi olmayacaq. Digər tərəfdən o, Qarabağda hərbi qarşıdurmanı istisna etməyərək insanları mənəvi terror edib. Vardanyan deyib ki, aprelə qədər dözsək, ondan sonra daha asan olacaq. Azərbaycanın hərbi hücumu ilə bağlı suala cavab olaraq isə dövlət naziri(dırnaqarası-S.L.) heç nəyi istisna etməyib, döyüşməli olduğumuzu deyib, amma konkretləşdirməyib"- erməni qəzeti belə yazır.
Əvəzində, bazar günü separatçı rejimin başçısı Arayik Arutyunyan bir qrup erməni ilə qapalı görüşdə R.Vardanyana etiraz edərək bildirib ki, indi Qarabağda Ermənistandan daha çox silah olsa da, mümkün qədər müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə getmək lazımdır. Əks halda müharibə ola bilər ki, bu da "Artsaxın və Artsax xalqı"nın sonu olar...
Sultan Laçın
Tarix: 31-01-2023, 10:03