Xankəndidə qondarma rejim erməni əhalisindən borclarını təcili ödəməyi tələb edir. Borcunu ödəməyənlər “məhkəmə” yolu ilə buna məcbur ediləcək. Erməni əhalisinin separatçı rejimə ümumi borcu 150 milyard dramdır (388 378 811.79 ABŞ dolları həcmində). Bu borclar adətən biznesin qurulması üçün kredit kimi götürülüb, müharibədən sonra nə biznes qura biliblər, nə də pulu qaytara bilirlər. Borcun qaytarılması tələbi ermənilərdə narazılıq yaradıb. Misal üçün, keçmiş Ağdərə rayonunda yanacaqdoldurma məntəqəsi işlədən, adının açıqlanmasını istəməyən şəxs erməni mediasına bildirir ki, artıq biznesi sıradan çıxıb, 3 milyon 290 min dram borcu arataraq, 4 milyon 95 min olub.
“İstəsəm belə, bunu ödəyə bilmərəm. İşləmirəm, necə ödəyim? Bütün əmlakımı satışa çıxarmışam. Rusiyaya gedəcəyəm, yolun açılmasını gözləyirəm. Açsalar, burada heç kim qalmaz”, - deyə erməni sakin bildirib.
Qeyd edək ki, Ermənistan dövlət büdcəsindən hər il Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayrılır. Ermənistan hökumətinin aprelin 27-də keçirilən iclasında da “2023-cü ilin büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi və Qarabağdakı oyuncaq quruma pul ayrılması barədə qərar qəbul edib. “Təqdim olunan layihənin məqsədi müharibədən sonrakı dövrdə Qarabağ ərazisində yaranmış sosial gərginliyin yumşaldılması üçün əlavə maliyyə vəsaitinin ayrılmasıdır”,-deyə bildirilib.
Ermənistanın dövlət büdcəsinin vergi daxilolmalarından Qarabağdakı separatçı rejimə 3,5 milyard dram ayrılması planlaşdırılır. Ermənistan hökuməti son illər bu yardımların həcmini artırmasına baxmayaraq, sakinlərlə rejim arasında yaranmış gərginlik həmin vəsaitlərin ünvanına çatmadığını göstərir. Belə ki, 2021-ci ildə Ermənistan büdcəsindən Qarabağdakı cinayətkar rejimə və əhaliyə dəstək proqramları çərçivəsində 53 milyard dram və ya 100 milyon dollardan artıq vəsait ayırılıb. Həmin ilin iyul ayında 8,8 milyard dram və ya 17 milyon dollar, oktyabr ayında isə 13,575 milyard dram və 28,4 milyon dollar əlavə maliyyə yardımı göstərilib. 2022-ci ildə isə Ermənistan büdcəsindən Qarabağda yaşayan ermənilərə ayrılan vəsaitin həcmi 168 milyard dram və ya 411 milyon dollar təşkil edib. 2023-cü ildə isə maliyyə dəstəyinin ümumi həcmi 370 milyon dollardan artıq nəzərdə tutulsa da aprelin sonunda bu məbləğə 3,5 milyard dram əlavə edilib. Bütün bu yardımların böyük hissəsi əhalinin sosial təminatının yaxşılaşdırılması, kommunal borcların ödənilməsi, əmlak problemlərinin həlli və biznesə dəstək adı altında həyata keçirilsə də, həmin pulların aidiyyəti üzrə xərclənmədiyi aydın olur.
Çox güman ki, pullar korrupsiya mənbəyinə çevrilir və bir qismi də yardım adı ilə silahlanmaya sərf olunur. Qondarma rejim isə oğurlanmış pulların yerini yerli sakinlərin hesabına doldurmağa çalışır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan əraziləri işğal altında olduğu illərdə Ermənistan həmin torpaqlarda qanunsuz kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq hesabına gəir əldə edirdi. Azərbaycan işğala son qoyduqdan sonra Ermənistan bu imkandan məhrum olub. Nəticədə, separatçı rejimin nəzarət etdiyi bölgədə istehsal resursları qalmayıb. İkincisi, 44 günlük müharibədən sonra zəngin təbii sərvətlərin qanunsuz istismarı Ermənistana gəlir gətirirdisə, Laçın-Xankəndi yolunun Azərbaycanın nəzarətinə keçməsindən sonra bu da mümkün deyil:
"Ona görə də hesab edirəm ki, bir müddətdən sonra Paşinyan hökuməti Qarabağda yaşayan ermənilərə subsidiya və kreditlər ayırmaqdan imtina edəcək. Ermənistan hakimiyyəti düşünə bilər ki, həmin ərazilərə Azərbaycanın nəzarəti güclənir, təhlükəsizlik tədbirləri isə Rusiyaya həvalə edilib. Belə olan halda, Ermənistanın xərclədiyi pullar geri qayıtmayacaq. Separatçılar başa düşür ki, pullarrı azalır. Ermənistan maliyyə dəstəyi verməyəcəksə, erməni lobbisi də yardım etməyəcəksə, yeganə ümid sakinlərə verilmiş vəsaitlərin yığılmasına qalır. Amma əkinçiliklə məşğul olan sadə ermənilərin həmin pulu qaytarmaq imkanı yoxdur. Artıq ermənilər evlərini satıb köçüb getmək barədə düşünürlər. Onların bir qısmi ABŞ-a və Avropaya köçəcək. Bəziləri isə Rusiyaya köçə bilər. Xüsusilə də Krasnodar vilayətində və Qara dənizin sahilindəki kurort şəhərlərində ermənilər kompakt yaşayır. Çox az hissəsi isə Ermənistana köçəcək və hansısa qəsəbələrdə yerləşdiriləcək. Azərbaycan qanunları ilə yaşamağa razı olan çox az erməni qala bilər”.
O bildirib ki, köçənlərin sayı qalanlarla müqayisədə daha çox olacaq: “Biz gərək onların köçünün sürətlənməsinə şərait yaradaq. Bu, etnik təmizləmə deyil. Köçənlərin yerində vaxtilə Xankəndidə yaşamış azərbaycanlıların məskunlaşmasını həyata keçirməliyik. Nəticədə, Azərbaycanın qanunlarını qəbul edən ermənilərlə birgəyaşayış təmin edilə bilər. Ermənilər evlərini 60-100 min dollara təklif edir ki, bunu da ödəməyə azərbaycanlıların imkanı yoxdur. Ona görə də Azərbaycan dövləti bu məsələ ilə bağlı büdcə vəsaiti ayırıb həmin evləri ala bilər. Bu, böyük vəsait tələb etmir. Həmin mənzilləri alıb orada öz vətəndaşlarımızı yerləşdirə bilərik. Bununla da iki yüz illik separatizmə son qoymaq olar".
Politoloq hesab edir ki, terrorçu rejimin təzyiqi altında olan kasıb ermənilərə Azərbaycan dövləti subsidiyalar ayırmaq, yeni kommunikasiya xətləri çəkmək, bank filialları yaratmaqla onların reinteqrasiyasını təmin etmək olar: "Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsindən keçidlə bağlı görüntülər də göstərir ki, onlara qarşı yüksək mədəni münasibət göstərilir, sənədləri yoxlanılır, prosedur qaydalardan sonra yoluna davam edir. Silah-sursat daşımırsa, cinayət törətmirsə, qanunsuz yük aparmırsa onlar bu cür yoxlanışa öyrəşəcəklər. Amma köçmək istəyən varsa, çıxıb gedə bilər. Azərbaycan Qarabağda separatizmə son qoymaq üçün bütün imkanlardan istifadə etməlidir. Ehtiyac yarandıqda ordudan, lazım gəldikdə yumşaq gücdən istifadə edirik. Eyni zamanda, Azərbaycanın kredit və subsidiyaların verilməsi ilə bağlı təşviq layihələr də irəli sürə bilər. Yəni erməniləri öz tərəfimizə çəkmək üçün şirnikləndirici təkliflər hazırlamalıyıq".
Elxan Şahinoğlunun sözlərinə görə, artıq xarici dövlətlər də qondarma rejimə maliyyə ayırmaqda maraqlı deyil:
"Bu yardımlar artıq öz əhəmiyyətini itirib. Görürlər ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, separatçılara təzyiq artır, sərhəd-buraxılış məntəqəsi yaradılıb. Artıq ermənilərə pul ayıran xarici dövlətlər də anlayır ki, bir müddətdən sonra separatçılığa son qoyulacaq. Ona görə də pullarını batırmaq istəmirlər. Ermənistan hökuməti də, ABŞ-dakı varlı ermənilər də havayı pul xərcləmək istəməyəcəklər. Hətta Ruben Vardanyan belə, ermənilərə pul xərcləmədi. İndi layihəsinin alınmadığını görüb bir vasitə ilə aradan çıxmaq istəyir. Rusiyanın ermənipərəst eksperti Satanovski də bu yaxınlarda "Rusiya nə üçün Ermənistana dəstək vermir" sualına çox maraqlı bir cavab verdi. O qeyd etdi ki, Putin Paşinyandan çox erməni ola bilməz.
Yəni Paşinyan özü Azərbaycanın ərazi bütövlyünü tanıyırsa, Qarabağdan imtina edirsə, Putin nə üçün Azərbaycanla düşmən olmalıdır. Yəni ermənilərə mesaj verirlər ki, məsələ artıq bitib. Bizim dəstəyimizə ümid etməyin. Bunu ermənilər də nə qədər tez anlasa, onların xeyrinə olar. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü başlayıb. Ermənistan tərəfi məsələyə ağıllı yanaşma nümayiş etdirə bilsə yaxın aylarda sülh sazişi imzalayar. Azərbaycan sülh sazişi olmadan da yaşaya bilər. Bizim əsas işlərimiz Qarabağdadır. Strateji yüksəkliklər də Azərbaycanın nəzarətindədir. Sülh Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və gələcək təhlükələrdən özlərini qorumaq üçün Ermənistana lazımdır".
Tarix: 2-05-2023, 11:16