Sülhə Rusiya mane olur! - “Sərhəddə təxribat törədərək təhdid...”

Sülhə Rusiya mane olur!
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Moskvada da görüşü baş tutacaq”.
Erməni KİV-in məlumatına görə, bunu parlamentin Avropaya inteqrasiya üzrə Daimi Komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputat Arman Yeqoyan deyib.
“Bir məsələ digərinə mane olmur (Vaşinqtondakı görüş - red.). Bəli, ilkin razılıq var və bu razılığa görə, görüş Moskvada da keçirilməlidir”, - deyə Yeqoyan bildirib.

O qeyd edib ki, Vaşinqtonda keçirilən görüşün uzun çəkməsi müzakirə olunan məsələlərin geniş spektri ilə bağlı olub.

Siam.az-ın məlumatına görə, Ermənistanın Moskvanın vasitəçiliyindən narazı olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, İrəvan məsələdə ABŞ-nin arbitr olmağına çalışır:

"Bundan əvvəl Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel planı da məhz Ermənistanın təklifi əsasında reallaşmışdı. Xatırlayırsınızsa, Paşinyan Moskva görüşündənsə, Brüsselə getməyi üstün tutmuşdu. Daha sonra Rusiyanın dəfələrlə qarşı çıxdığı Vaşinqton planına Ermənistan müsbət rəy verdi. Vaşinqtonda keçirilən Son görüşlər də bununla əlaqədardır. Lakin bundan əvvəlki görüş ərəfəsində sərhəddə böyük təxribatlar oldu.

Bundan sonra isə Paşinyan çıxış edərək bildirdi ki, göstərişi o verməyib. Yəni Ermənistan ordusu faktiki olaraq ali baş komandan kimi ondan yox, başqa bir yerdən əmr alıb. Bununla da sülh prosesinin sabotaj olunduğunu etiraf etdi. Hətta həmin dövrdə Mirzoyan Bayramovla Vaşinqtonda baş tutacaq görüşü yarımçıq qoyaraq, geri qayıtmaq məcburiyyətində qaldı. Vaşinqtonda görüşməli olan Azərbaycan və Ermənistan XİN rəhbərləri sabahısı gün Moskvada görüşdülər. Əslində Moskva görüşlərinə məcbur qaldığı üçün qatıldı. Yəni Rusiya sərhəddə təxribat törədərək onları təhdid etdi. Təbii ki, İrəvan bunu etiraf etməyəcək.

Ona görə də hər iki formatın önəmli olduğunu, Vaşinqton formatının isə müzakirə mövzusu geniş olduğu üçün seçildiyini bildirirlər. Əslində isə Rusiyanın Azərbaycan və Ermənistana təzyiqi ortadadır. Ancaq bölgə dövlətlərinə real sülh təklifi hələ ki, Avropa Birliyi və ABŞ-dən gəlib".
Tarix: 2-05-2023, 23:50
Xəbəri paylaş





Xəbər lenti