Partiya sədri: "Yaxın vaxtlarda Qarabağda antiterror əməliyyatı keçirilməlidir"



"Nikol Paşinyan son çıxışlarında Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirdi. Hesab edirəm ki, Paşinyan bu etirafı məcburiyyətdən edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. 

Partiya sədri bildirib ki, ermənilər bugünədək öz üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl etməyiblər:  

"Son dövrlərdə Ermənistan Azərbaycanla açıq döyüşdə uduzur. Ona görə də Paşinyan zərbələri yayındırmağa çalışır. Habelə, kənardan sülh müqaviləsinin imzalanması üçün ona təzyiqlər var. Buna görə də Paşinyan məcburən sözdə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. 
Əgər həqiqətən də, o, ölkəmizin ərazi bütövlüyünü tanısaydı, o zaman Qarabağdan erməni silahlı dəstələrini çıxardardı. O cümlədən, Ermənistana 370 milyon dollar büdcə vəsaiti verilməzdi. İndiki halda da danışıqlar gedir, ancaq Paşinyan sadəcə vaxtı uzatmaq üçün bu addımları atır. Üzərimizə düşən odur ki, biz öz istədiklərimizi reallaşdıraq. Çünki Ermənistan sülh müqaviləsi imzalamaqda maraqlı deyil. 

Qərbin əsas mövqeyi ondan ibarətdir ki, Rusiyanı regiondan çıxartsın. Ermənistan isə indiki halda Rusiya ilə birgə hərəkət edir. Əlbəttə ki, biz sülh istiqamətində danışıqlara getməliyik, danışıqlardan qaçmaq olmaz. Amma danışıqların nə ilə nəticələnəcəyini də bilmək lazımdır. 

Görünən odur ki, hələlik hər hansı müsbət irəliləyiş yoxdur. Ona görə də dövlətimiz tərəfindən yaxın vaxtlarda Qarabağda antiterror əməliyyatı keçirilməlidir".
Tarix: 1-06-2023, 14:43
Xəbəri paylaş





Xəbər lenti