Zəngəzur dəhlizi açılır, amma kimin nəzarətində - Paşinyanın qəliz dilemması


 

Ermənistan Qərbin istəyi ilə 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndindən imtina edir

Xəbər verildiyi kimi, iyunun 2-də Moskvada Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli İşçi Qrupun iclası keçirilib. 9 saat çəkən toplantıda tərəflər arasında Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.
İşçi qrupunun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçuk deyib ki, Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiyanın açılması ilə bağlı faktiki razılıq əldə olunub, yalnız bəzi texniki detallar qalıb. Sitat: “Görüşün nəticələrinə görə əsas məqamlar - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var. Bu, adi dəmir yolu olacaq. Heç kim heç bir şəkildə Ermənistanın suverenliyini şübhə altına almır. Bütün tərəflərdə maneələrin qaldırılmasına mümkün qədər tez başlamaq əhval-ruhiyyəsi var”.
Lakin Overçuk yola nəzarətin 10 noyabr (2020) sənədi əsasında həyata keçirilməli olduğuna da diqqət çəkib. Orada isə (9-cu bənd) söhbət Rusiya FTX-dən gedir.
Öz növbəsində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev “Baku-Moskva” nəşrinə açıqlamasında Zəngəzurdan keçən yolun Rusiya FTX-nin nəzarəti altında olacağını bildirib. Yəni əslində bu, Azərbaycanın mövqeyi deyil, 10 noyabr bəyanatının məlum bəndində nəzərdə tutulub.
Ermənistan isə belə görünür həmin bəndin tələbindən imtina etmək istəyir. Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın ofisindən bildirilib ki, Naxçıvana gedən rabitə yollarına Ermənistan ərazisində Rusiya Federasiyası FTX-nin sərhədçiləri tərəfindən nəzarət edilməsinə dair razılıq əldə olunmayıb. “Üçtərəfli İşçi Qrupunun müzakirələrində, o cümlədən sonuncu görüşdə belə bir razılaşma olmayıb. Ermənistanın mövqeyi belədir ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsasən baxılan marşrutlar ərazisindən keçən ölkənin suverenliyi altında olmalıdır”, - məlumatda qeyd edilib.
Burada prinsipial bir məqam var. Məsələ ondadır ki, 10 noyabr kapitulyasiya sənədinə əsasən (6-cı bənd) Laçın yolu uzağı 2025-ci ilin noyabrınadək Rusiyanın nəzarətində qala bilərsə, Zəngəzur dəhlizi ilə bağlı (9-cu bənd) müddət göstərilmir. Lakin Azərbaycan dövləti 2025-ci ili gözləmədən artıq öz iradəsini ortaya qoyub və Laçının girişində nəzarət postu yaradıb. Analoji addımı İrəvan da ata biləcəkmi, Moskvaya qarşı özündə güc tapacaqmı? Rusiya zəif Ermənistana imkan verərmi?
İstisna deyil ki, məsələdə “qərbçi”  Paşinyan hökumətinə pərdəarxasında ABŞ ciddi təzyiq edir. Çünki yola FTX-nin nəzarəti Rusiya və İranı tam qane edir, üstəlik, İrəvanın Moskvadan asılılığını artırır. Bəs Azərbaycana hansı variant əlverişlidir?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, regionda Azərbaycan və Ermənistan arasında siyasi nizamlanma prosesində vasitəçilərin aktivləşməsi fonunda 2023-cü ildə intensiv keçirilən danışıqlar bir-birini əvəz edir. Burada ilkin təəssürat bundan ibarətdir ki, kommunikasiya xətləri ilə bağlı bir mübarizə var, narahatlıq mövcuddur və Qərbin irəli sürdüyü əsas tezis əvvəlcə elə Ermənistanın baş naziri tərəfindən dəfələrlə söylənilib. Bu, kommunikasiyalar üzərində suverenlik tezisidir: “Eyni zamanda burada Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında, Ermənistanla Qarabağ iqtisadi zonası arasında olan nəqliyyat bağlantıları, yollar, kommunikasiyalar bu gün həm də vasitəçilərin özlərinin maraqları dairəsinə düşüb. Həmçinin nəzərə almalıyıq k, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı çox ciddi iqtisadi sanksiyalar tətbiq olunur, məhdudiyyətlər müşahidə olunur və əlbəttə bu sanskiyalar həm də Cənubi Qafqazda Rusiyanın güclənməsi, təhlükəsizlik adı altında nəqliyyat yollarına nəzarəti Qərb üçün qəbul olunan deyil.
Azərbaycan öz suveren hüquqlarından istifadə edərək Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra artıq Ermənistan da 10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsini şübhə altına qoyur. İrəvan qəsdən belə fikirlər irəli sürür ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təhlükəsizliyi təmin etməyəcək. Mənə belə gəlir ki, danışıqlar mahiyyəti və məntiqi üzrə məhz 10 noyabr üçtərəfli bəyanatdan irəli gələn predmetlə masaya yatırılmışdı, müzakirə olunurdu və üç ilə yaxın müddət ərzində keçirilən danışıqlardan sonra artıq belə bir fikri irəli sürmək məntiqdən kənardır. Bu, həm də Ermənistan-Rusiya arasında ziddiyyətli münasibətlərindəki ziddiyyətlərin bir göstəricisidir, eləcə də Ermənistanın Qərbə meyllənməsini gücləndirməsinin daha bir nümunəsidir”.
Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, Ermənistanın baş nazirinin müavini-danışıqlarda bilavasitə iştirak edən Mger Qriqoryan qeyd etdiyimiz fikirləri Ermənistanın maraqlarından və suveren hüquqlarından irəli gələrək demir, daha çox Qərbdəki təlimatçıların fikirlərinin yerinə yetirir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq məqsədini güdən bu cür açıqlamalar həm də iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunmasına və sülh müqaviləsinin imzalanmasına qarşı olan bir demarşdır. Moskvanın bu demarşa qarşı İrəvanı sıxışdırmaqla cavab verəcəyi gözləniləndir. Rusiya Zəngəzur dəhlizinə, açılacaq kommunikasiya xəttinə nəzarəti 10 noyabr üçtərəfli bəyanatının tələbinə uyğun olaraq Rusiya təhlükəsizlik qüvvələrinin nəzarət etməsini təmin etməkdə qərarlı olacaq. Ermənistanın bu məsələdə Rusiyanın önünə keçməyi bacarması asan deyil.   
Tarix: 13-06-2023, 13:21
Xəbəri paylaş





Xəbər lenti