Qarabağda yaşayan erməni əhalisi ilə reinteqrasiya mövzusu (təqribən) son bir il içində öncəki dönəmlərdən daha intensiv müzakirə mövzusudur. Olsun olmağına, amma bununçün (rəhmətlik Şaiq Vəli demiş) olacaqlar olacaqlar.Əlbəttə, Azərbaycanda tarix boyu azsaylı xalqlar yaşayıb, hazırda yaşayır, gələcəkdə də yaşayacaqdır. Biz heç vaxt monoetnik ölkə olmamışıq. Bizim öz yapımız, ədəb-ərkanımız, dövlət, xalq xarakterimiz var.
Ermənilər Azərbaycan ərazisinə əsasən Çar Rusiyası dönəmində köçürülmüş xalqdır - tarix var, qaynaq var, bilgi var. Tarixdə ilk erməni dövləti bizim ərazilərdə sünii yolla 1918-ci ildə qurulub. Qarabağ ermənilərinin muxtariyyəti də zamanında əsassız bir qondarma olub. Kim bilməsə də, ermənilər özü bunu çox yaxşı bilir.
Artıq yeni gerçəkliklər, yeni çağırışlar var. Muxtariyyət, status-mtatus gorbagor olub gedib cəhənnəmə. Maksimalist dünya erməniliyi, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri bizi l Qarabağ müharibəsinin sonucları ilə - gerçəkliklərlə, “status-kvo” ilə barışmağa təhrik edirdi. Bəli, o dəftər bir dəfəlik bağlanıb; indi işlər yeni dəftər, yeni səhifədən başlayır.
Qarabağ ermənilərinin Azərbaycan bayrağı altında, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ürəyinin başında yaşaması onlarçün bir tarixi şans və şərəf olacaqdır. Hə, əgər kimsə bu şansı dəyərləndirmək, şərəfi yaşamaq istəməzsə, özü bilər - “gedənə “qal!” demək olmaz”. Azərbaycan sərhədçiləri onların Laçın postundan keçərək Gorusa, hətta bəlkə başqa ərazilərdən başqa ölkənin şəhərlərinə təhlükəsiz keçidini təmin edə bilər.
İş ondadır ki, sərhədçilərin təhkükəsiz keçidi təmin etməsini də qəbullanmayanlar, bizə silah tuşlamaq cəsarətində bulunanlar Daxili Qoşunların Xüsusi təyinatlılarının yaxud antiterror əməliyyatına məsul hərbçilərimizin əlinin suyunu görməli olacaqdır. Seçim hüququ onların olsun biz isə xatırladaq: qərar alternativlərdən ən yaxşısının seçilməsidir. Qərarlı olmaq qərarsızlıqların topundan yaxşıdır.
Bəli, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi bu ilin martında Xocalıda ermənilərlə ilk görüşü keçirdi. Bunun ardınca Qarabağdakı erməni sakinlərə Prezident Administrasiyası səviyyəsində iki dəfə dəvət oldu, lakin bu dəvət qəbul görmədi.
Bir yandan sülhməramsızlar, bir yandan Xankəndidəki qondarma rejim və İrəvan siyasi-hərbi rejimi normallaşma sürəcinə, dialoqa imkan vermədi. Azərbaycan dövlətinin, xalqının mövqeyi isə bəsbəllidir:
- Azərbaycan Respublikası öz sakinləri ilə ölkəmizin Konstitusiyası və uyğun qanunlar çərçivəsində dialoqa açıqdır və burada üçüncü tərəfin iştirakına qətiyyən ehtiyac yoxdur. Üçüncü tərəf kim olasıdır? - Rusiyamı? Yoxsa, Fransamı? Bəlkə ABŞ? Zinhar yox! Biz bu üçlünü ATƏT-in keçmiş Minsk qrupundan yaxca, daha doğrusu yaman tanıyırıq.
İstər bu üçlü, istər bir başqası öz çirkin və qanlı əlini Azərbaycanın daxili işlərinə soxmamalıdır!
Qalib Azərbaycan öz sakinləri ilə hələ-hələ Rusiya sülhməramsızlarının vasitəçiliyi ilə (üstəlik, Rusiya bayrağı altında!) danışa bilməz! Rusiya da, başqaları da yeni gerçəkliklərlə nə qədər tez barışsa bu, bir o qədər yaxşı olar.
Özü də, “danışıqlar xatirinə danışıqlar” da olmayacaq.
Məsələ belədir:
Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələr qeyd-şərtsiz tərksilah olunmalı, Ermənistan silahlı qüvvələrinin bekara qalıqları bizim ərazini tam tərk etməlidir!
Rəsmi İrəvan Qarabağdakı qondarma rejimin, eləcə də, ərazidəki qanunsuz silahlı dəstələrin maliyyələşdirilməsini qəti şəkildə dayandırmalıdır!
Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməldə tanımalıdır. Baş nazir Paşinyanın dediklərini eşitmişik lakin bu, bizimçün yetərli sayılmaz!
Örnəyi, son bəlli təxribatın qarşısı alınan vaxt Ermənistan silahlı qüvvələrinin iki hərbçisinin də zərərsizləşdilməsi, bir daha danılmaz şəkildə göstərir ki, Ermənistan ordusunun qalıqları hələ də bölgədədir. “Erməni bicliyi” keçməyəcək. Yeni gerçəkliklərlə barışmamaq Qarabağın erməni sakinləri qalsın bir yana, dünya erməniliyinin ilk dövləti sayılan Ermənistan Respublikasının sonunu gətirər. Zatən yıxılmağa yer gəzən bir dövlət dövlət urvatına malik deyil.
Azərbaycan heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrin qalması ilə barışmamalıdır, barışa bilməz və də illa barışmayacaq!
Gəlin xatırlayaq:
Bəyəm, Kreml öz ərazisində qanunsuz elan etdiyi silahlı birləşmələrə qarşı (Çeçenistan müharibəsini xatırlaya bilərik) amansız anti-terror əməliyyatı keçirmədimi və hələ də belə əməliyyatlar keçirmirmi? Həmən Rusiya deyilmi, terrorla mübarizə adı ilə uzaqlara -Suriyaya orda yeridib? Hətta, “qardaşı, dostu və qonşusu” - suveren Ukraynanın leqal silahlı qüvvələrinin “demilitarizasiya”sı adı ilə bu ölkəyə hərbi müdaxilə edən Rusiya deyilmi? Yalnız bu azsayda faktın sadalanması belə, rəsmi Moskvanın nə qədər güvəncəsiz “vasitəçi” olduğunu çox dəqiq göstərir. Rusiya bizə nə üzlə “yox, anti-terror əməliyyatı keçirmə” deyə bilər?!. Bal kimi də keçirəcəyik!
Hələ Fransa… Ermənistanın böyük bacısı terrora qarşı mübarizə adı ilə Mali, Burkona Faso və b. ölkələrə hərbi dəstələr göndərməyibmi? Dənizaşırı müstəmləkələr Fransanın deyil də, mənimdirmi?
Bir də okeanın o tayı var axı:
ABŞ terrorla mübarizə adı ilə (ona bir isti-soyuğu olmayan) Əfqanıstana ordu yeritməmiş, İraqı viran qoymamışdımı?..
Bəs onda yaxşı, Azərbaycan niyə öz ərazisində (təkrar edirəm, öz ərazisində!) Ermənistan hərbi qüvvələrinin, qanunsuz silahlı birləşmələrin mövcudluğuna dözməlidir? Xeyir ola?!. Xeyirdisə, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin könlünü qırmayaq: Qarabağdakı bütün erməni silahlılarının uçotunu aparaq, ölüsünü ölü, dirisini diri təhvil verək onlara - öz aralarında bölüşdürsünlər, yerləşdirsinlər. Yeri gəlmişkən, bu yerləşdirmə bəlkə “Vaqner”lə bağlı gələcək qərarlarçün bir təcrübə olar…
Uzun sözün qısası:
Azərbaycan Respublikası azad olunmuş ərazilərə dinc sakinləri qaytarır. Onların təhlükəsizliyinə hər hansı balaca bir təhdidə belə göz yumulmayacaq! Biz çəkdiyimizi çəkmişik - yenidən dərdlənməyə bir mm yer dəxi yoxdur! İki gündən bir “kənd təsərrüfatı işləri” adı ilə ermənilərin “fortifikasiya” (möhkəmləndirmə) hoqqası çıxarmasına qarşı toxtaqlı davranmayacağıq.
Müsavat.com
Tarix: 8-07-2023, 22:46