Xocalı aeroportuna “sarsaq”ların əskisini kim asıb, general Lentsov?!

 
 
Qızlarını gizli yolla – istisna deyil ki, rusların helikopterləri ilə - Qarabağdan İrəvana qaçıran baş terrorçusu Arayik Arutyunyan son günlər xeyli fəallaşıb. Tez-tez “təhlükəsizlik şurası” adlı oyuncaq qurumun toplantısını keçirir, separatçılara və girov saxladıqları mülki əhaliyə ümidlər verir. Amma vəziyyəti dəyişə bilmir, Xankəndidə keçirilən mitinqlərə məcburən gətirilən ermənilərin üzündəki ümidsizlik, çarəsizlik necə də aydın oxunur. Amma qorxurlar, Qarabağdakı hay silahlılarının terrorundan, həmçinin rusiyalı hərbçilər tərəfindən cəzalandırılacaqlarından...
Arutyunyansa ora-bura vurnuxur hələ ki...Gah Putinə məktub yazır, gah da Şarl Mişelə. Putinə yazdığı məktuba Mariya Zaxarova tərəfindən “mən belə məmur tanımıram” “cavabı” gəldi. Nikol Paşinyan diplomatik etiketi tapdayaraq Arayikin yazdığı məktubu Mişelə verdi. Bir ölkənin ərazisində elan olunmuş separatçı-terrorçu rejimin başçısının şər-böhtan dolu cızmaqarasını Avropanın ali qurumunun rəhbərinə vermək yumşaq desək, tərbiyəsizlikdir, Paşinyan buna da getdi! Bir əlində guya "sülh" göyərçini gəzdirir, Azərbaycanla saatlarla danışıqlar aparır, o biri əliylə də terrorçu Arayikin məktubunu Avropa İttifaqı Şurası prezidentinin cibinə dürtüşdürür! Amma gərək Mişel gətirdiyi məktubu Nikolun üzünə çırpardı. Cənubi Osetiya, Abxaziya, Dnestryanı, lap elə Donesk separatçıları məktub yollasaydılar, Aİ rəhbəri onlara vaxt ayırardımı? Erməni başkəsənə istisna olmamaldır, bunu Paşinyan da anlamalıdır! Yoxsa Qarabağdakı bir ovuc erməninin “təhlükəsizliyi”, Laçın yolu və sair məsələlərdən o qədər bəhs edirlər ki, nəticədə erməni canilər bir az da əl-ayaq açırlar.
Arautyunyan həmin canidir ki, 44 günlük müharibə zamanı Gəncənin dinc sakinləri (4 oktyabr 2020-ci il tarixdə) raket atəşinə tutulandan sonra “əmri mən vermişdim”-dedi. Onun barəsində Azərbaycanın müvafiq qurumu tərəfindən 4 maddə ilə cinayət işi qaldırılıb.  Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də Azərbaycanın Baş prokuroru tərəfindən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Bunun yeri Qobustan təcridxanasıdır! Belə bir caninin yazdığı anti-Azərbaycan sərsəmləmələrlə Avropa qurumunun rəhbərinin zəhləsini tökmək...
Bunun adı həyasızlıq, riyakarlıqdır! Belə dövlət və hökumət başçısı olan ölkənin xarici işlər naziri təbii olaraq Ağdərədə, erməni maşında yüksək hərarətdən boğulan uşaqlara görə Azərbaycanı (?!) ittiham edər! Bu, hay həyasızlığıdır!!!
Budur, Arayik Arutyunyan həvəslənib və Facebook səhifəsində özünün sarsaq həmfikirlərinə xitab edib. Bu gün axşam, saat 22:00-da müraciət edəcəkmiş, “blokada və humanitar vəziyyət”in “günü-gündən ağırlaşması” barədə...Baxır ki, hara əl atırsa, boşa çıxır, amma yenə də əl çəkmir. Heç şübhəsiz, təlimat əsasında işləyir. Bir neçə gün əvvəl Qarabağdakı guya “sülhməramlı”ların komandanı Lentsov separatçıların bir qrupu ilə görüşmüşdü. Bəlkə sülhü təmin etmək üçün görüşüblər, xəbərimiz olmayıb. Sülh yaratmaq istəyən komandanlıq Xankəndidə fasiləsiz mitinq təşkil etməz, üstəlik, sovet dövründən qalmış çadır sovqatı göndərməzdi separatçılara, hadisələri 1988-89-cu illərə qaytarmaq istəyənlərə.
Rusiya dövlətinin son davranışları sözsüz ki, qəbulolunmazdır! Moskva gizli şəkildə həm Ermənistanı qızışdırır, həm də separatçıları. Putin açıq mətnlə bildirmişdi ki, Dağlıq Qarabağ (artıq keçmiş) Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yaxşı, Paşinyan da eyni sözü deyəndən sonra Rusiyadakı ermənipərəstlər niyə “başqa hava”ya oynamağa başladılar? Nə istəyirdilər ki? Azərbaycanın ayrılmaz hissəsində hansısa aksiyanın keçirilməsinə Rusiyanın Qarabağdakı “müvəqqəti” kontingenti niyə imkan tanımalıdır və hansı əsasla?! Yoxsa özlərini 366-cı alay, separatçıları da 88-89-cu illərin “miatsum”çuları qiyafəsində görürlər?!
366-cı alay demişkən, erməni revanşistlərin bir qrupu Xocalıya yürüş edib və burada mitinq keçirib! Özü də rus hərbçilərinə “hamımızda Kalaşnikov var, Azərbaycanla döyüşməyə hazırıq”-deyərək kükrəyiblər. Belələrini qandallayıb Şuşaya təhvil vermək əvəzinə, rus hərbçilər onlara rahat aksiya imkanı yaradıb. Ən əsası: kadrlara baxdım, Xocalı aeroportunun qarşısında Rusiya, Ermənistan bayraqları və Qarabağ separatçılarının əski parçası asılıb! Bu, nə deməkdir? Hansı haqla və əsasla? Deyək ki, Rusiya hərbçiləri 2025-ci ilədək qalacaqları ərazilərdə bayraqlarını qaldırıblar, bəs, Ermənistan bayrağının orda nə iti azıb?! Yaxud separatçıların əski parçasını ordan asmaq hansı əxlaqa sığır?! Xocalı aeroportuna “sarsaq”ların əskisini kim asıb, general Lentsov?! Bunun cavabı verilməsə, rədd olmalıdırlar ərazilərimizdən!
Və...ötən ay Rusiya hərbçiləri Laçın sərhəd nəzarət məntəqəsi önündən Azərbaycan bayrağını çıxarıb yerə tullamışdı! Şəhidlərimizin qanı hopmuş bayrağımıza həqarət edən rus hərbçiləri və komandanlığı dərhal cəzalandırılmalı olduğu halda, bu günədək hər hansı tədbir görülməyib. Azərbaycan bayrağına əl və dil uzadan rus hərbçiləri bizimçün çox müqəddəs olan Xocalıda separatçıların əskisini asır! Azərbaycan ərazisində, həmçinin Xocalıda istisnasız olaraq Azərbaycan bayrağı dalğalanmalıdır! Əskilər dərhal rədd edilməlidir!
Separatçıları qızışdıranların başında rus kontingent dayanır! Aktivləşiblər, “hərəkat” yaradırlar, imza toplayırlar. Bu gün, iyulun 17-sində İrəvanda, Rusiya səfirliyi qarşısında keçirilən aksiyada “qarabağlı erməni” “Putin, sözünü tut, biz sənə inanırdıq”-xitabını elədi. Aktivləşiblər, 18-19-cu əsrlərdə Çardan kömək istədilər, Azərbaycan ərazilərində yerləşdilər. Bu gün də gah Putinə, ya Mişələ əl açırlar. İrəvanda aksiya keçirərək Azərbaycan ərazilərinin qəsdinə çağırış edən ermənilərin görüntüləri yayılıb. Belələrinə Laçın yolu ilə Qarabağa gəlmək haram edilməlidir.
 
Elşad PAŞASOY
Tarix: 17-07-2023, 22:04
Xəbəri paylaş





Xəbər lenti