Xankəndidə Rusiya oyunu: Bu, Ərdoğana cavabdır - General

Xankəndidə Rusiya oyunu: Bu, Ərdoğana cavabdır - General

Bütün bunlar hibrid müharibənin tərkib hissəsidir. Baş verənlər əslində Ermənistanın və separatçıların dalana dirəndiyini, çarəsiz qaldığını, həllin yaxınlaşdığını göstərir.
Siam.az-ın məlumatına görə , bu sözləri Axar.az-a separatçıların Xankəndidəki aksiyalarının və Ermənistan iqtidarının bəyanatlarının səbəb və məqsədləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General separatçıların bütün bəhanələr tükəndiyi üçün “məzlum xalq” rolunu oynamağa başladığını qeyd edib:
“Ortada qurulan bir oyun var. Haqsız və tələblərinin hüquqa zidd olduğunu çox yaxşı bilirlər. Azərbaycanın suveren torpaqlarında beynəlxalq hüququ tapdalayaraq varlıqlarını davam etdirməyə çalışırlar. 28 illik işğal dövründə arxalarında duranların dəstəyini görmədikləri üçün də xristianlıqdan dəm vururlar, “əzilən xalq” rolunu oynayırlar, yaxud da Azərbaycan və Türkiyənin “xoş niyyətli olmadığı” üçün özlərini davamlı müdafiə etmək ehtiyacı duyduqlarını deyirlər. Əsas çətinlik isə aparılan sülhlə bağlı danışıqların, təklif edilən variantların ölkələr baxımından birdən çox parametrinin olmasıdır. Yəni ortada Rusiya, ABŞ, İran və Fransa kimi ölkələrin, AB-nin də maraqları var. Azərbaycanın mövqeyi sabit, konkret və beynəlxalq hüquqa uyğundur. Amma qarşı tərəf onillərdir ərkəsöyünlüklə insanların mərhəmət duyğusu ilə, hüquqa baxışı ilə oynayır, ağlaşma qurmaq taktikası ilə təbliğat aparır. Bu, böyük bir oyunun, ssenarinin son pərdəsidir. Əslində hər kəs bütün olanları görür, dünya daha əvvəlki deyil”.
Yücel Karauz Rusiyanın da tezliklə Qarabağı tərk etməli olduğunu bildiyini, buna görə də ermənilər arasında onlar olmadan fəlakət baş verəcəyi fikrini formalaşdırmaq istədiklərini qeyd edib:
“Əlbəttə ki, Xankəndidəki bütün proseslərdə Rusiyanın barmağı var. Səbəbləri isə Türkiyənin ən son Vilnüs sammitində İsveçlə bağlı mövqeyi və NATO-nun “açıq qapı” siyasətinə uyğun öhdəliklərini yerinə yetirməsi, eyni zamanda Moskvanın Vaşinqton və Brüssel tərəfindən oyundankənar vəziyyətə salındığını hiss etməsidir. Digər tərəfdən, cənab Ərdoğanın rus sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlamasına qarşı ermənilərə fəlakətlə üzləşəcəklərini aşılamaq, bir psixoloji müqavimət formalaşdırmaq istəyirlər”.
General Xankəndidəki separatçıların atdıqları bütün addımların nəticəsiz olduğunu, Türkiyə və Azərbaycanın heç vaxt Qarabağda marionet qurumun öz varlığını sərbəst davam etdirməsi ilə razılaşmayacağını, buna imkan verməyəcəyini vurğulayıb:
“Separatçı tör-töküntülərə Xankəndi meydanında oturaq aksiyanın keçirilməsini, Ağdam yolunda barrikadaların qurulmasını məsləhət görənlər, ağıl verənlər var. Onlar bizə bəllidir. Ancaq bütün bunlar boş və nəticəsiz addımlardır. 32 ay öncə Azərbaycan xalqı və dövləti öz oğul və qızlarının canı-qanı bahasına torpaqlarını işğaldan azad edib, yeni geosiyasi reallıq yaradıb və bunu dəyişdirmək heç bir halda mümkün deyil. Qarabağdakı ermənilər yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycan yurisdiksiyası altında orada yaşaya, Laçın yolundan istifadə edə bilərlər. Başqa yol yoxdur. Üstəlik 1980-ci illərində zorla Qərbi Azərbaycandakı dədə-baba yurdlarından çıxarılan, soyqırım və qətliama, aclığa məruz qalan soydaşlarımızın haqlarını da onlara tez-tez xatırlatmaq lazımdır. Türkiyə və Azərbaycan heç vaxt və heç bir halda Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində hansısa marionet qurumun qurulmasına və sərbəst hərəkətinə imkan verməyəcək”.
Tarix: 19-07-2023, 13:46
Xəbəri paylaş





Xəbər lenti