“Görünən odur ki, həm Araik Arutyunyan, həm də Ruben Vardanyan bölgədə yenidən qan tökülməsini istəyirlər. Son zamanlar “cəsarətli” çıxışlar etmələri də onun göstəricisidir ki, onlar özlərini hansısa bir mənada sığortalanmış hesab edirlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
Politoloq son günlər Xankəndidə baş verən hadisələr fonunda separatçı rəhbərliyin müharibə ritorikası ilə çıxışlar etməsinə, habelə Azərbaycanın bununla bağlı hansı addımlar atmalı olduğuna dair fikirlərini bölüşüb.
Z.Məmmədovun fikrincə, separatçılar başa düşməlidir ki, Azərbaycanın hələ də səssizlik nümayiş etdirməsinin səbəbləri var:
“Biz görürük ki, istər Arutyunyan, istərsə də Vardanyan öz çıxışlarında Azərbaycana tabe olmayacaqlarını qeyd edirdilər. Hələ Vardanyanın özü bu məsələdə Nikol Paşinyan və onun arvadı Anna Akopyanı günahlandırıb, eləcə də onların ünvanına sərt sözlər söyləyib.
Məlumdur ki, bunun arxasında dayanan qüvvələr də kimdir. Hər halda onların çıxışları Azərbaycan üçün bir daha legitim əsaslar verir ki, separatçılar məhv edilməlidir. Çünki separatçılar Nikol Paşinyan ilə Prezident İlham Əliyev arasındakı sülh danışıqlarına öz fikirləriylə ciddi şəkildə zərbə vururlar”.
Siyasi təhlilçi düşünür ki, son zamanlar beynəlxalq aləm tərəfindən onlara reaksiyaların verilməməsi də onun göstəricisidir ki, hər kəs bu ünsürlərin kimlər tərəfindən idarə edildiyini çox yaxşı bilir:
“Ümumiyyətlə, onlar başa düşməlidir ki, MDB məkanında separatçılarla bağlı əməli addımlar atılacaq. Bu, həm Abxaziya və Cənubi Osetiya, həm də Qarabağla bağlı olacaq. Çox güman ki, dünyadakı müəyyən qruplarda belə bir plan var. Digər bölgələrin aqibətinin necə olacağından asılı olmayaraq, Azərbaycan üçün Qarabağın dağlıq hissəsində baş verən hadisələr önəmlidir”.
Müsahibimiz aydınlaşdırıb ki, son proseslər də göstərir ki, çox təhlükəli oyunlar gedir və bu təhlükəli oyunlar təkcə Qarabağda deyil, bütövlükdə regionu yeni qana və alova sürükləyə bilər:
“Bundan çıxış yolu isə Azərbaycanın mahircəsinə əməliyyat keçirərək, separatçıların Xankəndidən təmizlənməsi ola bilər. Yaxşı olardı ki, bu gün böyük-böyük sözlər deyən Araiklər, Rubenlər müharibəyə qədər də hansı vəziyyətdə olduqlarını, 44 günlük müharibədə isə hansı zirzəmilərdə gizləndiklərini unutmasınlar. Bu dəfə onların apardığı siyasət təkcə Qarabağ ermənilərini yox, Ermənistanın daxilindəki erməniləri də uçuruma apara bilər”.
Tarix: 19-07-2023, 18:34