“Ordumuz hazır olmalıdır, hər cür təxribat ola bilər” – Elmar Məmmədyarov

“Ordumuz hazır olmalıdır, hər cür təxribat ola bilər” – Elmar Məmmədyarov 
“Avropa İttifaqının Laçın yolunun açılması ilə bağlı verdiyi bəyanatlar, əslində, yeni bir məsələ deyil. Onlar əvvəllər də belə bir mövqe tutmuşdular. Əlbəttə ki, Avropa İttifaqı bu təzyiqi bizə edəcək”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib.
 
Eks-nazir Laçın yolunda baş verən hadisələrə, o cümlədən Avropa Birliyinin yolun açılması ilə bağlı Azərbaycana göstərdiyi təzyiqlərin pərdəarxası məqamlarına toxunub.
 
E. Məmmədyarov xatırladıb ki, Moskva danışıqlarından sonra Kremlin də mövqeyi eynidir, hətta Vaşinqtondan da belə bir məsələ səsləndirilib ki, Azərbaycan tərəfinə bununla bağlı təzyiq edilməlidir ki, Laçın yolu açılsın.
 
Siyasətçinin fikrincə, məsələni həll etmək üçün gömrük rüsumu tətbiq olunmalıdır: 
 
“Əgər Ermənistan tərəfi hansısa yükləri Qarabağa göndərmək istəyirsə, bu, qanuni şəkildə gömrük rüsumu ilə həyata keçirilməlidir. Necə ki Rusiya, Gürcüstan, İran, Türkiyə və digər ölkələrdən Azərbaycana mal gətirilirsə və onlardan gömrük rüsumu alınırsa, Laçında da eynisi tətbiq edilməlidir. Yəni gömrük postu yaransa, Ermənistan da bunu qəbul edəcək ki, Azərbaycan ərazisinə hansısa yük göndərsə, mütləq şəkildə rüsumları ödəməlidir. Məncə, çıxış yolu budur.
 
Beləliklə, həm Avropa İttifaqı, həm Rusiya, həm ABŞ, həm də bütün dünyaya sübut etmək olar ki, Azərbaycan yolu bağlamır. Əksinə, malını göndərmək istəyirsinizsə, gəlin, rüsumları ödəyin”.
 
“O ki qaldı sərhəddə baş verənlərin yekununa, bu, bir az hipotetik bir məsələdir. Lakin düşünürəm ki, baş verənlərin fonunda ordumuz hazır olmalıdır, çünki hər cür təxribat ola bilər. Amma mən indiki vəziyyətdə danışıqlarda hansısa bir irəliləyişin olacağına inanmıram. Çünki İrəvanın hazırkı ritorikasına baxsaq, görərik ki, onlar hələ də xoşniyyətli sülh sazişini bağlamaqda meylli deyillər və bunu anlamırlar. Baxmayaraq ki, bu saziş bizdən daha çox onların milli maraqlarına uyğundur, lakin İrəvan hər hansı bir addım atmır. İndi saziş olacaq, lap yaxşı, olmayacaq, bu, onların günahıdır. 30 il olmadı, nə oldu? İndi də belə”.
Tarix: 27-07-2023, 22:34
Xəbəri paylaş





Xəbər lenti