“Ermənilərin də əsas istəyi odur ki,sovet dövründəki keçmiş Dağlıq Qarabağ Muxtar Bilayəti strukturu bərpa olunsun. Niyə? Çünki bu muxtar vilayət strukturu reinkarnasiya etsə, xortlasa, orada yaşayan ermənilərin legitim olaraq, yəni qanun baxımından hər zaman Azərbaycan ərazisindən ayrılmaq üçün əllərində səbəb olacaq...” “Məsələ burasındadır ki, sizin “eksklav” və “anklav” adlandırdığınız ərazilər Azərbaycanın qəsb olunmuş və sonradan Ermənistan SSR ərazilərinə çevrilməsindən sonra Azərbaycanın əsas hissələri arasında yaranmış dırnaqarası “dolu” bir boşluqdur. Onlar nə anklavdır, nə də eksklav. Onlar Azərbacanıın işğal olunmuş və hal-hazırda işğal altında saxlanılan ərazilərindən biridir. İkincisi, digər ərazilərə qayıdış məsələsində olduğu kimi, anklav və eksklav problematikasının həllində də mütləq şəkildə hər iki tərəfdən qarşılıqlı güzəştlər və anlaşmalar olmalıdır”.
Bunu
Moderator.az-a açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu “
Sizcə, Azərbaycan və Ermənistan ərazilərindəki “anklav” və “eksklav adlandırılan ərazilərin gələcək taleyi necə olacaq?” sualını cavablandırarkən söyləyib.
“Biz Ermənistana təklif edirik ki, Qarabağda gedən son hərbi əməliyyatlar, yəni 44 günlük Vətən müharibəsi günlərində və sonrakı müddətdə Azərbaycanın Yuxarı Qarabağ torpaqlarındakı yaşayış yerlərini tərk etmiş ermənilər buyurub günü bu gün öz əvvəlki yaşayış yerlərinə qayıda bilərlər. Heç bir problem yoxdur. Bir şərtlə ki, həmin ermənilər 1991-ci ilədək keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış olmalı və ya orada yaşamışların ailə üzvləri, övladları olmalıdır. Vəssəlam. Amma işğal dövründə Suriya, Livan, həmçinin Ermənistan vətəndaşları kimi ərazilərimizdə qanunsuz şəkildə məskunlaşmış ermənilərin isə Azərbaycan torpaqlarına qayıtmaq ixtiyarı yoxdur... Ermənilərin Qarabağa qaytarılması müqabilində isə azərbaycanlılar paralel olaraq Malıbəyliyə, Xəlfəliyə, Zarlslıya, Meşəliyə, Xankəndinə, Kərkicahana, Əsgərana, keçmiş Ağdərə rayonu ərazilərinə və s. qayıtmalıdırlar. Üçüncü mərhələdə isə soydaşlarımız Qərbi Azərbaycana dönməlidirlər.” -araşdırmaçı açıqlamasının davamında belə deyib.
Elçin Alıoğlu ermənilərin Bakıya, Sumqayıta, Gəncəyə qayıtmaq iddiaları irəli sürə biləcəyindən də bəhs edib.
“Hə, ermənilər deyə bilər ki, onlar da Bakıya, Sumqayıta, Gəncəyə qayıtmalıdırlar. Burada məsələ bir qədər başqadır. Ermənilər Azərbaycandan köçəndə daşınmaz əmlaklarını ya satıblar, ya dəyişiblər, ya da pay veriblər. Ancaq Qərbi Azərbaycandan köç olanda soydaşlarımıza cəmisi 24, yaxud 48 saat vaxt veriblər. Bunlar hamısı sənədləşdirilib. İkincisi, təzminatların və qayıdışların qarşılıqlı şəkildə normallaşdırılması və tənzimlənməsi prosesində nəzərə alınmalıdır ki, Ermənistan monoetnik dövlətdir. Bəli, dünyada digər monoetnik dövlətlər də var: Yaponiya, Tayvan, Sinqapur, Polşa... Yəni həmin ölkələrdə titul xalqlar üstünlük təşkil edir. Lakin Ermənistanda durum tamam başqadır. Bu ölkədə monoetniklik təbii yox, süni proses nəticəsində yaranıb. Həmin monoetnizm azərbaycanlıların kütləvi şəkildə etnosidə, soyqırımına, köçürülməyə məruz qalması nəticəsində formalaşıb. Bütün bunlara rəğmən Azərbaycan ermənilərin qayıdışına əngəllər yaratmır. Ermənilər buyursunlar, qayıtsınlar. Lakin,öncə dediyimiz kimi, hər şey qarşılıqlı olmalıdır. Qarşılıqlı olmayacaqsa, biz Qarabağda demoqrafik vəziyyətin süni şəkildə bir daha dəyişdirilməsinə və yenidən işğal subyektinin yaranmasına imkan verməyəcəyik. Ermənilərin də əsas istəyi odur ki,sovet dövründəki keçmiş Dağlıq Qarabağ Muxtar Bilayəti strukturu bərpa olunsun. Niyə? Çünki bu muxtar vilayət strukturu reinkarnasiya etsə, xortlasa, orada yaşayan ermənilərin legitim olaraq, yəni qanun baxımından hər zaman Azərbaycan ərazisindən ayrılmaq üçün əllərində səbəb olacaq. Legitim səbəb... Biz də buna yol vermərik. Biz bildiririk ki, nə sabiq DQMV var, nə emrənilərə xüsusi status veriləcək, nə də hansısa digər muxtariyyət formatından söhbət belə, gedə bilməz. Bu qədər bəsit...”- deyə sonda araşdırmaçı vurğulayıb.
Sultan Laçın
Tarix: 5-08-2023, 08:17