""TIR şousu" ssenarisinin İrəvanda deyil, başqa paytaxtlarda yazıldığı gün kimi aydındır"
Rusiyanın “Kommersant” qəzeti Ağdamdan keçən yolun açılacağını yazıb.
Qəzetə danışan adı açıqlanmayan mənbə bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağdakı ermənilərə variant təklif edib:
“Onun mahiyyəti ondan ibarət idi ki, Ağdamdan Xankəndinə gedən yol açılır və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə lazım olan hər şeyin oradan çatdırılır. Bu yerdə hərəkət başlayandan düz bir gün sonra Moskvanın təklifinə əsasən Laçın yolunda da nəqliyyatın hərəkəti bərpa edilir”.
"Kommersant"a danışan mənbə vurğulayıb ki, Moskvada vəziyyət çox mürəkkəb kimi qiymətləndirilir və onlar, Bakının güzəştə getmək niyyətində olmadığını düşünürlər:
"Qərbin, beynəlxalq təşkilatların və bizim cəhdlərimiz heç bir nəticə vermir. Rəsmi Bakı geri addım atmır”.
Görünür, Azərbaycan bu haqlı istəyinə də qısa zamanda nail olacaq. Artıq Kreml də rəsmi Bakı ilə hesablaşmağa başlayıb. Ermənistanın da buna boyun əyməkdən başqa variantı qalmayacaq.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bütün beynəlxalq güclər Azərbaycanla hesablaşmağa və şərtlərimizi qəbul etməyə məcbur olurlar.
Siam.az -ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük “Zəfər salnaməsi” ilə yalnız bölgədə yox, hətta Avrasiya qitəsində də qlobal anlamda öz nüfuzunu daha çox artırıb:
"Azərbaycan yeni formalaşan siyasi arxitekturada öz layiqli yerini tutub. Bu kontekstdən baxanda, ölkə başçısımızın dünya liderləri sırasında möhkəmlənmiş mövqeyi, onun siyasi çəkisi, Qoşulmama Hərəkatının sədri kimi qlobal oyunçu olaraq beynəlxalq məsələlərə təsiri artıq danılmaz faktlardır.
Artıq bir çox dünya gücləri Cənubi Qafqazla bağlı məsələlərdə Azərbaycanla məsləhətləşmədən heç bir qərar verə bilmirlər. Postmüharibə dövründə gedən proseslər də dediklərimizə nümunədir".
Millət vəkili vurğulayıb ki, son zamanlarda sülh gündəliyinin formalaşdırılması, eləcə də Azərbaycanın təklif etdiyi 5 baza prinsipi və gedən danışıqların həmin prinsiplər üzərində aparılması bir daha Prezident İlham Əliyevin qətiyyətini, siyasi iradəsini və gücünü nümayiş etdirir:
"Emənilərin son günlər yaratdığı "TIR şousu" ssenarisinin isə İrəvanda deyil, başqa paytaxtlarda yazıldığı gün kimi aydındır. Ermənistan sadəcə bunu həyata keçirməyə çalışır. Lakin yenə də rəsmi İrəvan və himayədarları qarşılarında güclü Azərbaycan və onun qətiyyətli liderini görürlər.
Nəzərə almaq lazımdır ki, rəsmi Bakı açıq və konkret marşrut xətti irəli sürüb. Yəni Ağdam-Xankəndi yolu həm yaxın, həm də əlverişlidir. Üstəlik, Azərbaycanın öz suveren ərazisində nəyi, necə və hansı cür çatdırmağa qərar verməsi də tam hüququdur. Azərbaycan da öz legitim hüququndan istifadə edir. Bakı bu məsələnin üzərində qəti şəkildə dayanıb".
Vüqar İskəndərov qeyd edib ki, artıq Rusiya da, ABŞ da və digər ölkələr də anlamağa başlayıblar ki, onların "təzyiqləri" müsbət effekt verməyəcək:
"Hamı anlayır ki, Azərbaycanla hesablaşmaq lazımdır. Çünki rəsmi Bakı fikrində, fəaliyyətində öz milli maraqlarını, Konstitusiyasını və beynəlxalq hüququn norma və prinsiplərini əlində rəhbər tutur. Bu fonda, bu gün qətiyyətimiz də xalqımızın birliyinə, gücünə, Konstitusiyamıza və milli maraqlarımıza söykənir. Ermənilər və havadarları anlamalıdırlar ki, Azərbaycanın təklif etdiyi prinsiplərdən kənarda yazılacaq qanunlar Azərbaycanda işləməyəcək. Ona görə də zəhmət çəkib onlara təklif olunan Ağdam-Xankəndi yolunu və digər təklifləri dəyərləndirib onu doğru və düzgün istifadə etsinlər".