Danışıqlar dayansa... ermənilər Bərdəyə də gəlməsə... - ONDA NƏ OLACAQ?

Danışıqlar dayansa... ermənilər Bərdəyə də gəlməsə...
Azərbaycanın Xankəndi şəhərində qanunsuz məskunlaşan separatçılar arasındakı gərginlik davam edir.

Son günlərdə separatçıların başçısı Araik Arutyunyanın vəzifəsindən “istefa” verməsi tələb olunur. “Hraparak”ın məlumatına əsasən, Araik Arutunyanın dostu Karen Matevosyanın başçılıq etdiyi bir qrup silahlı adam qondarma rejimin “parlament”inə soxularaq “spiker” David İşxanyandan hesab tələb etməyə çalışıb.

Erməni mətbuatının iddiasına əsasən, Araik ətrafında heç kim qalmadığı üçün “istefa” vermək istəsə də, separatçı rejimin nümayəndələri ona mane olub. Üstəlik, Xankəndidə yaşanan xaosun ardından Samvel Babayanın Araik Arutyunyanı əvəzləyə biləcəyi ilə bağlı da ehtimallar səsləndirilir.

Siam.az-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, hazırda separatçılar arasında mübarizə gedir:

“Amma nəyin uğrunda mübarizə apardıqları bilinmir. Çünki ağlı başında olan hər kəs bilməlidir ki, Qarabağın dağlıq hissəsinin Azərbaycana inteqrasiyası labüddür. Artıq bunun hansı istiqamətdə və hansı mərhələlərlə həyata keçirilməli olduğu barədə separatçılarda da məlumat var.

Buna baxmayaraq, Ruben Vardanyan dünən Araik Arutyunyanı tənqid edən bəyanat verdi. Digər tərəfdən, Samvel Babayan oradakı müzakirələdən kənarda qalıb. Baş verənlərdə həm Ermənistanın, həm də beynəlxalq aktorların təsirlərini görünür”.

Ekspert vurğulayıb ki, separatçılar bu şəkildə davranmağa davam edərsə, Ermənistanın bugünkü ərazisi də şübhə altına düşə bilər:

“Yəni Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına maneə törədiləcəksə, biz də tarixi Azərbaycan torpaqları məsələsini gündəmə gətirməyə məcbur olacağıq. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan ərazisində olan Qərbi Zəngəzur və Göyçə torpaqları da Azərbaycanın SSRİ-yə daxil olmasından sonra Ermənistan SSR-ə birtərəfli və beynəlxalq hüquqa zidd şəkildə verilmişdi.

Əlbəttə ki, Azərbaycan bu məsələni də qabartmağa məcbur ola bilər. Hazırda baş verən bütün proseslər birmənalı şəkildə Azərbaycanın xeyrinə bitəcək. Ümumiyyətlə, separatçılar üçün heç bir çıxış yolu da olmayacaq. Əslində sülh müqaviləsinin imzalanmaması, sərhədlərin delimikasiya və demarkasiya prosesinin aparılmaması və Zəngəzur dəhlizinin açılmaması gələcəkdə ermənilərin faciə yaşamasına gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, beynəlxalq aktorlar da Azərbaycanın öz hədəfindən geri addım atmayacağını başa düşürlər:

“Həmçinin, separataçılara da məlumdur ki, heç bir qondarma institutların fəaliyyətini davam etdirməsindən söhbət getməyəcək. Bununla yanaşı, qanunsuz erməni hərbi birləşmələri də bölgəni tərk etməlidirlər. Həm Nikol Paşinyan, həm də Qarabağdakı ermənilər də onlara verilən vaxtın yavaş-yavaş bitmək üzrə olduğunu başa düşməlidirlər. Əgər sülh dilində başa düşməsələr, digər yollara əl atılacaq.

Yaxın vaxtlarda Bərdədə və ya digər ərazilərimizdə Qarabağın erməni əhalisi ilə görüş keçiriləcəyini istisna etmirəm. Əgər ermənilər həmin görüşdən də imtina etsələr, bu, artıq birbaşa olaraq danışıqlardan yayınmaq olacaq. İrəvanın təxribatçı siyasətinə görə bir müddətdir Azərbaycanla Ermənistan arasındakı danışıqlar da dayanıb. Ümumiyyətlə, baş verənlər prosesə ciddi şəkildə xələl gətirilir.

Hazırda Rusiyanın da vasitəçiliyi müəyyən görüşlərin keçirilməsi ilə bağlı iş aparıla bilər. Azərbaycan onsuz da öz tələbini bu və ya digər formada həyata keçirəcək. Regional və beynəlxalq oyunçular da bunu başa düşməlidirlər. Onlar öz maraqlarını təmin etmək istəyirlərsə, mütləq şəkildə separatçılarla və Ermənistanla çıxış yolları axtarmalıdırlar”.
Tarix: 22-08-2023, 21:52
Xəbəri paylaş





Xəbər lenti