Qarabağdan köçmüş ermənilər geri qayıtmaq üçün bu üsula əl atdılar - “Hraparak”

Qarabağdan köçmüş ermənilər geri qayıtmaq üçün bu üsula əl atdılar
İrəvanda Qarabağdan köçmüş ermənilər arasında şayiələr dolaşır ki, guya son həftələrdə onlarla həmyerliləri Qarabağa qayıtmaqdan ötrü qeydiyyatdan keçmək üçün Ermənistan Qızıl Xaç Cəmiyyətinin ofisinə müraciət edirlər.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

Erməni nəşri ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvanda sülənən “rəsmi” dairələrindən öyrənib ki, “dövlət səviyyəsində belə bir proses aparılmayıb”. Lakin onlar istisna etmirlər ki, ola bilsin, Ermənistan hakimiyyəti... “gizli razılaşma çərçivəsində bir neçə yüz və ya bir neçə min ermənini geri qaytarmaq qərarına gəlib”. Guya bu, həm də “Paşinyanı qaçqınların ehtiyaclarını ödəmək yükündən azad edir”. Çünki belə bir perspektivdə Ermənistan hakimiyyəti Qarabağdan köçmüş ermənilərə kömək etməkdən imtina edə bilər və deyə bilər ki, onların çoxu geri qayıdıb və Qarabağda təhlükəsiz yaşayırlar...

Qondarma “artsax” “parlamenti”nin müxalifətçi “deputat”ı Davit Qalstyan da qayıdışla bağlı hər hansı rəsmi prosesin mövcudluğunu inkar edib.

“Bu, qəbuledilməzdir, əgər kimsə qəbuledilməz şərtlər altında insanları qeydiyyata alırsa və hansısa vasitələrlə onları artsaxa qaytarmağa çalışırsa, lakin onların fiziki təhlükəsizliyini necə təmin edəcəkləri, hara, hansı statusda qayıdacaqları bəlli deyilsə, bu, bir avantüradır",- deyə D.Qalstyan bildirib.

Xatırladaq ki, son günlər Rusiya XİN rəsmiləri, eləcə də bu ölkənin Azərbaycan və Ermənistandakı səfirləri səviyyəsində Moskvanın guya ermənilərin Qarabağa qayıdışı üçün təminat verə biləcəyinə dair iddialar səsləndirilib.
Tarix: 17-02-2024, 10:16
Xəbəri paylaş





Xəbər lenti