Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir

Ermənistanda “8 kənd” isterikası
Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə Tavuş bölgəsinə səfər edib və Azərbaycanın Qazax rayonu ilə sərhəd kəndlərin sakinləri ilə görüşüb. Görüş zamanı Baş nazirin işğalda olan kəndlərin Azərbaycana təhvil verilməsi barədə açıq söhbəti ermənilər arasında ajiotaja səbəb olub.

Paşinyan deyib ki, Azərbaycana məxsus kəndləri qaytarmasalar, Azərbaycan hərbi güc yolu ilə kəndləri işğaldan azad edəcək. İndi Ermənistanda, xüsusilə də Tavuş sakinləri arasında məsələ müzakirə olunur. Sərhəd kəndlərin bəzi sakinləri “müqavimət göstərmək” kimi avantüradadırlar.

Məsələn, erməni Bağanisinin sakini Narek Sahakyan Ermənistanın “Hayakve” təşəbbüsünün yaydığı videoda deyib ki, “Daxildə və ya xaricdə nə qədər zəif olsaq, ölkənin sərhədləri bir o qədər iğtişaş, yarımmüharibə və ya müharibə vəziyyətində olacaq. Təəssüf ki, biz bu zəifliyi yaşayırıq”.

Başqa bir Bağanis sakini isə qeyd edib ki, müharibəsiz mövqeləri tutmaq Azərbaycana sərf edir: “Çünki o mövqelərdən biz Qazax rayonunu məhv edə bilərik. Onlar aşağıdadırlar, biz isə yüksəklikdəyik. Burada müharibədə iştirak etməyən bir nəfər də yoxdur. Bizi buradan çıxara bilməyəcəklər”.

Əskipara sakini Narek Beqlaryan isə bildirib ki, “bütün bu əraziləri türkə vermək” ən böyük təhqirdir: “Əgər siz yuxarıda və aşağıda Azərbaycan torpaqları olduğunu fikirləşirsinizsə, bizim də Azərbaycanın nəzarətində olan torpaqlarımız var. Mübarizə apar, o torpaqlara sahib çıx. Paşinyan tələb etmir, birtərəfli qaydada güzəştlərə gedir. Döyüşlə kimləri qorxutmağa çalışır, doğulduğumuz gündən döyüşü görən bizi? Bizi bununla qorxutmaq mümkün deyil”.

Əskipara məktəbinin hərbi hazırlıq müəllimi Nver Beqlaryan da mövzuya münasibət bildirib: “Əskipara, Bağanis, Noyemberyan və Xoşkotan sakinləri Nikol Paşinyanla görüşdən sonra müzakirələr apararaq, Tavuş vilayətindəki kəndlərin Azərbaycana veriləcəyi təqdirdə, yolları bağlamağa və özünümüdafiə təşkil etməyə hazır olduqlarını bildiriblər. Kəndlərimizin sakinləri özünümüdafiə təşkil etmək, Nikolun qərarına tabe olmamaq və ordunun arxasında dayanaraq, Azərbaycanın irəliləməsinin qarşısını almaq qərarına gəliblər. Çünki belə bir şeyə yol vermək təhlükəlidir. Paşinyana bir neçə nəfər sual verib ki, bu, təkcə Ermənistan-Gürcüstan yolunun bağlanması üçün deyil, həm də Əskipara və bir sıra kəndləri üçün təhlükəlidir. Paşinyan cavabında deyib ki, biz sülhə gedirik, sülhə getməsək, Azərbaycan Ermənistana qarşı müharibəyə başlayacaq”.

Beqlaryan sakinlərin təhlükələri Paşinyana təqdim etdiyini deyib və bildirib ki, ərazilər təhvil verilsə, Azərbaycan Ordusu Əskipara yüksəkliyində peyda olacaq və kənddə sakin qalmayacaq.

Ermənistanın əsasən “Qarabağ klanı” adlandırılan keçmiş hakimiyyət nümayəndələrindən ibarət müxalifəti də kənd sakinlərini “müqavimətə” səsləyirlər. Məsələn, sabiq müdafiə naziri, müxalif “Hayastan” parlament fraksiyasının rəhbəri Seyran Ohanyan Qazaxla sərhəd kəndlərində yaşayan sakinləri və həmin mövqelərdəki hərbçiləri Paşinyana tabe olmamağa çağırıb.

Müxalifətdən olan deputat Tiqran Abrahamyan 8 kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş bölgəsində yaranacaq vəziyyətlə bağlı xəritə yayıb. Abrahamyan kəndlərin “4+4” sxemi üzrə qaytarılacağını bildirib. Deputat Azərbaycan ordusunun irəliləyərək, yerləşəcəyi yeni mövqelərin də xəritədə əks olunduğunu qeyd edib.

“Bu xəritədə 8 kəndin təhvil verilməsindən sonra yaranacaq problemlər aydın şəkildə əks olunub. Qısa olaraq qeyd edim ki, Noyemberyan şəhəri və qonşu kəndlər yarımmühasirə vəziyyətinə düşəcək, eyni zamanda, azərbyacanlılar Lori rayonunun müxtəlif yaşayış məntəqələrindən təhlükə yarada biləcək məsafədə yerləşəcəklər. Tavuşun, ümumilikdə Ermənistanın əsas rabitələri ya pozulcaq, yaxud yeni yollar çəkilsə də, onlar azərbaycanlıların nəzarət zonasına düşəcək”, - deyən Abrahamyan “müqavimətin” vacibliyini irəli sürüb.

Ermənistan Parlamentinin sədri Alen Simonyan isə Azərbaycana qaytarılmalı olan kəndlərdən danışarkən deyib ki, Qazağın işğal altındakı 4 kəndi ilkin mərhələdə Azərbaycana qaytarılmalıdır: “İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut etsinlər. Ermənistan SSRİ-nin yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu yaxşı bilirlər”.

Simonyan müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb. Spiker işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib: “Azərbaycanlılar bu barədə açıq danışırlar”.

Gedən proses və Ermənistanda “Azərbaycan hərbi əməliyyat keçirə bilər” isterikasının nədən qaynaqlandığı barədə AYNA-nın suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb. Müsahibimiz deyib ki, əslində, Ermənistan Azərbaycan ərazilərində olan qoşunlarını indi yox, 2020-ci il noyabrın 20-də imzalanan Üçtərəfli Birgə Bəyanatın şərtlərinə uyğun olaraq, 40 ay əvvəl çıxarmalı idi:

- Amma Ermənistan tərəfi prosesləri kifayət qədər uzatdı. Qarabağdan erməni qoşunlarını çıxarmadı, Azərbaycan Ordusu hərəkətə keçdi və Bəyanatın müddəasını yerinə yetirdi. İndi Ermənistan 8 Azərbaycan kəndini hələ də işğal altında saxlayır. Bu gün Ermənistanda olan həm hakimiyyət nümayəndələri, həm də müxalif qüvvələr, hətta xaricdəki səfirləri də Azərbaycanın müharibəyə başlayacağı ehtimalını intensiv şəkildə gündəmə gətirirlər. Ermənistan başa düşür ki, məğlub tərəf olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, məsələnin həlli güc müstəvisinə keçə bilər. Onlar Azərbaycanın səbrinin sonsuz olmadığını anlayırlar.

- Demək istəyirsiniz ki, kəndlərin qaytarılması üçün Azərbaycanın hərbi gücü işə salacağı istisna deyil?

- Azərbaycanın gündəliyində hərbi gücdən istifadə, yeni eskalasiya yoxdur. Biz yeni toqquşma niyyətində deyilik. Azərbaycanın belə bir niyyəti olsaydı, ermənilər təxribatlar törədərkən rahatlıqla həyata keçirə bilərdik. Kimsə, o cümlədən, Fransa kimi havadarı Ermənistanı qoruya bilməzdi. Amma yenə deyirəm, Azərbaycan dinc yolla məsələnin həllinin tərəfdarıdır. Ermənistan Ağdamda, Kəlbəcərdə, Laçında olan qoşunlarını çıxardığı kimi, Qazağın kəndlərindəki hərbçilərini də çıxarsa, o kəndləri də boşaltsa, hərbi əməliyyata nə ehtiyac var?! Bu, Ermənistan üçün daha ağrısız ola bilər. Amma Ermənistan tam əksinə, Qarabağdan çıxardığı hərbçilərinin bir hissəsini aparıb Qazağın işğalda olan kəndlərində yerləşdirir. Belə anlaşılır ki, Ermənistan bu addımları məqsədli şəkildə atır, Azərbaycanı daha da qıcıqlandırmaq siyasəti həyata keçirir. Bu isə Azərbaycanın hərbi gücdən istifadə etməsini istisna etməyən haldır.

- Amma Ermənistan hakimiyyəti ilkin mərhələdə kəndləri boşaltmaqda maraqlı olduğunu göstərən bəyanatlar verir...

- Bəyanat verməklə deyil, real addım atmaq lazımdır. Rəsmi İrəvan bir yandan sülh bəyanatı səsləndirir, əməldə isə fərqli fəaliyyət həyata keçirir. Əgər Ermənistan hakimiyyəti kəndləri dinc yolla boşaltmaqda həqiqətən də səmimidirsə, revanşistlər buna mane olursa, bu, Azərbaycanın problemi deyil. Rəsmi İrəvan güc balansını düzgün dəyərləndirməli, üzərinə götürdüyü öhdəlikləri məğlub tərəf olaraq yerinə yetirməlidir, özü də tez bir zamanda. Bunu da Paşinyan hakimiyyəti əhaliyə başa salmalıdır. Ermənistan Azərbaycanı “Dəmir yumruq” reseptini təkrar tətbiq etməyə vadar etməməlidir. Azərbaycanın səbirini daşırmağa ehtiyac yoxdur, qarşı tərəf ağıllı olmalı, tələbləri yerinə yetirməlidir.

Azərbaycana eskalasiya lazım deyil. Bu gün eskalasiyada maraqlı görünən Ermənistandır. Atdığı addımlarla İrəvan bunu sübut edir. Ermənistan Azərbaycana konkret tarix göstərməlidir ki, hansı tarixdə ilkin mərhələdə Qazağın 4 kəndini boşaldacaq, təhvil verəcək. Əks halda, Ermənistan üçün nəticələr yaxşı olmayacaq. Çünki biz verilən vədlərdən, yalançı sülh mesajlarından cana doymuşuq. Belə vəziyyət Azərbaycanın səbrini tükəndirə bilər.

Nəzərə almaq lazımdır ki, Ermənistanın sərhədlərində “Yerkrapa” adlı erməni terror təşkilatının silahlıları var. Bu terror qruplaşması üzvlərinin işğalda olan Azərbaycan kəndlərində də olmaları ehtimalı az deyil. Terrorçuları təmizləmək üçün isə Azərbaycan Ordusuna bir-iki saat bəs edir. O ərazilərin miqyası kifayət qədər kiçikdir və Azərbaycan hərbçiləri üçün oradan terrorçuları təmizləmək elə də çətin deyil. Ermənistan hakimiyyəti də, revanşa səsləyən müxalifəti də, “müqavimətdən” danışan erməni kəndliləri də anlamalıdırlar ki, Azərbaycan bir qarış da torpağını işğalda qoymayacaq, bu ərazilərin azad edilməsi üçün istənilən vasitəyə əl atacaq.
Tarix: 28-03-2024, 19:06
Xəbəri paylaş





Xəbər lenti